“Dağlıq Qarabağ: Məxəzlərdən oxunmuş tarix”…

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: Məxəzlərdən oxunmuş tarix” kitabı Fransanın “L’Harmattan” nəşriyyatında fransız dilində çap olunub. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi köklərinə həsr edilən kitabda onun yaranma səbəbləri, bu bölgənin tarixən mövcud olan Azərbaycan dövlətlərinə məxsusluğunu əks etdirən müxtəlif tarixi mənbələr yer alıb. Bundan əlavə, kitabda bölgədə ermənilərin xeyrinə həyata keçirilən demoqrafik dəyişikliklərdən, Dağlıq Qarabağ və ona bitişik yeddi rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından, münaqişənin həlli istiqamətində ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə həyata keçirilən danışıqlar prosesinin hazırkı vəziyyətindən, beynəlxalq təşkilatların mövcud vəziyyətə dair tutduğu mövqedən, xüsusilə BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi qətnamələrin təcavüzkar Ermənistan tərəfindən yerinə yetirilməməsindən, eləcə də münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınan sərhədləri və ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğundan bəhs edilir. Qeyd edək ki, bu kitab Dağlıq Qarabağın tarixinə, münaqişənin başvermə səbəblərinə, onun doğurduğu acı nəticələrə dair obyektiv və səhih məlumatlar əldə etmək istəyən fransız və fransızdilli oxucular üçün dəyərli mənbə rolunu oynayacaq.xeber100.com

İyun 1, 2016 2:57

Sabir Rüstəmxanlı-70

Mayın 25-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq Şairi Sabir Rüstəmxanlının anadan olmasının 70 illik yubileyi qeyd olunub. Tədbirdə respublikanın bir sıra tanınmış elm, mədəniyyət və ictimai-siyasi xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Azərbaycan Yazıçılar Birliyinin üzvi, şair, yazıçı-publisist İlqar Fəhmi çıxış edərək Sabir Rüstəmxanlının həyat və yaradıcılığından söz açıb. Qeyd olunub ki, şairin vətənpərvərlik hissləri ilə yoğurulan şeirləri ədəbiyyatımızda xüsusi yerə malikdir. O, ana dilini varlığı qədər sevir və sevdirməyə çalışır. S.Rüstəmxanlının əsərləri Azərbaycan dilinin və bədii fikrinin zənginləşməsi baxımından seçilir, eyni zamanda, milli dəyərlərimizi və tariximizin taleyüklü anlarını özündə əks etdirir. Türkiyənin Böyükşəhər bələdiyyəsi rəhbərinin mədəniyyət üzrə müşaviri, şair-publisist Özcan Ünlü, Tatarıstanın Xalq Şairi Robert Minluri çıxış edərək S.Rüstəmxanlı yaradıcılığından danışıblar. Vurğulanıb ki, ədibin əsərləri insanlara yaşamaq eşqi bəxş edir, dünyaya, həyata tükənməz sevgi hissləri aşılayır. Bütün bunlar şairə tükənməz oxucu sevgisi qazandırır. Bildirilib ki, xalqın ruhu, dövlətçilik ənənəsi, Vətəni qorumaq, tarixə ehtiram, gələcəyə inam hissi şairin yaradıcılığının əsas motivlərini təşkil edir. S.Rüstəmxanlının “Ömür kitabı”, “Gəncə qapısı”, “Sağ ol, ana dilim!”, “Qan yaddaşı” kitabları, “Bütövlük”, “Didərginlər”, “Cavad xan”, “Orxonla görüş”, “Atamın ruhu”, “Xətai yurdu”, “Göy Tanrı”, “Ölüm zirvəsi (Cavad xan)”, “Difai fədailəri”, “Sunami” və başqa əsərləri bir sıra dillərə tərcümə olunub. Sonda çıxış edən şair tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib. Daha sonra tədbir konsert proqramı ilə davam edib.xeber100.com

May 26, 2016 2:52

Mikayıl Müşfiqin rəmzi məzarına gül səpiləcək…

5 iyun-yeni Azərbaycan şerinin öncülü Mikayıl Müşfiqin doğum günüdür. Həmin gün Şairlər Günü tədbirinin təşkilatçıları Müşfiqin adını daşıyan mükafat verirlər, sonra isə şair və yazıçılar Müşfiqin rəmzi məzarına – Xəzər dənizinə gül səpirlər. Bu il VI Şairlər Günü Vaqif Səmədoğlunun xatirəsinə həsr ediləcək. "aybKitab" layihəsi çərçivəsində nəşr edilmiş Vaqif Səmədoğlunun “Sandıq şeirləri”nin tədimatı həmin gün keçiriləcək. Bu il “Şairlər günü”ndə də Gənc Şairlər Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin, Türkiyə səfirliyi Kültür və Tanıtma Müşavirliyinin, Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi və Dünya Gənc Türk Yazarlar Birliynin təşkilati dəstəyi ilə dünyanın müxtəlif ölkələrindən tanınmış şair və ədəbiyyatçılar, sənət adamları və musiqiçilər iştirak edəcəklər. Ötən il V Şairlər Günü şair Nurəngiz Günün xatirəsinə həsr edilmişdi. aybKitab layihəsində şairin “Qalanlara” adlı şeirlər kitabının nəşri, “Nurəngiz Günə Bir Bənd Şeir” adlı müsabiqənin təşkili, müxtəlif ölkələrdən təşrif buyuran tanınmış ədiblərlə Nurəngiz Günün məzarını ziyarət həyata keçirilmişdi. Altı il əvvəl Gənc Şairlər Birliyinin rəhbəri Xəyal Rzanın təklifi və təşkilatçılığı ilə əsası qoyulan bu tədbir ötən illərdə Türkiyə, Qırğızıstan, Özbəkistan, Gürcüstan, Ukrayna, İran və Rusiyadan dəvət olunan qonaqların iştiraki ilə keçirilib.xeber100.com

May 23, 2016 4:09

“Azərbaycan Nadir Əfşar Dövləti” kitabının təqdimatı keçirilib

Bakı Avrasiya Universitetində "Azərbaycan Nadir Əfşar Dövləti" adlı kitabın türk dilində nəşrinin təqdimatı keçirilib. Apa-nın məlumatına görə, kitabın müəllifi Cahangir Hüseyn Əfşar Nadir şahın həyatı və fəaliyyəti barədə danışaraq bildirib ki, əsərin türk dilində nəşr olunmasında məqsəd Azərbaycan tarixinin Türkiyədə də təbliğ olunmasıdır. O deyib ki, kitabın Azərbaycan dilində nəşri də böyük marağa səbəb olub və geniş oxucu kütləsi qazanıb: "Mən hüquqşünas olsam da, hələ illər öncə Azərbaycan tarixinin araşdırılmasını qarşıma məqsəd qoymuşdum. 2012-ci ildə mən ilk kitabı yazıb bitirdim və 2014-cü ildə oxuculara təqdim olundu. İki il ərzində Təbriz, İstanbul, Ankara, Moskva, Vatikan şəhərlərinin arxivlərində işləməklə kitabın Azərbaycan dilində variantını ərsəyə gətirdim. Əfşarlar nəslinin nümayəndəsi kimi, mən dünyanın müxtəlif yerlərində olan tarixi sənədləri topladım, Nadir şahın diplomatik yazışmalarını əldə etdim". Türkoloq Seyfəddin Altaylı çıxışında Nadir şah dövrünə nəzər salaraq, onun dövlətçilik fəaliyyəti, xarici və daxili siyasəti barədə danışıb. O, Nadir şahı dünya tarixinin əvəzsiz sərkərdəsi adlandırıb. BDU-nun professoru Vüqar Məmmədov isə Azərbaycan tarixi irsinin öyrənilməsində əsərin vacibliyini qeyd edib.xeber100.com  

Aprel 20, 2016 1:46