“Ədəbiyyat biliciləri” müsabiqəsinin mükafatlandırılma mərasimi keçirilib

İyunun 18-də Təhsil Nazirliyində “Ədəbiyyat biliciləri” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Azərtac xəbər verir ki, tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə ilk dəfə keçirilən müsabiqənin böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Qeyd olunub ki, müsabiqə şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında bilgilərinin artırılmasında, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətinin öyrənilməsində və bu sahədə xüsusi fəallığı ilə fərqlənən şagirdlərin aşkara çıxarılıb qiymətləndirilməsində mühüm rol oynayır. Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid insanların formalalaşmasında, təhsilində, əxlaqında, mənəviyyatında ədəbiyyatın, mədəniyyətin rolundan bəhs edib. Tədbirdə müsabiqənin keçirilmə qaydaları barədə məlumat verilib. Bildirilib ki, Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən təşkil olunan “Ədəbiyyat biliciləri” müsabiqəsi üç mərhələdən ibarətdir. Müsabiqənin məktəb mərhələsində bölgələr üzrə 25 minədək şagird iştirak edib. Onların arasından fərqlənən 4.037 şagird rayon (şəhər) mərhələsində iştirak hüququ qazanıb. Müsabiqənin rayon (şəhər) mərhələsi martda yekunlaşıb və 93 şagird respublika mərhələsinə keçib. Qaydalara görə, bu mərhələdə iştirakçılar üç variantda təklif olunmuş mövzulardan birini seçərək inşa yazıb və 10 sualı yazılı cavablandırıblar. Şagirdlərin yazı işləri Təhsil Nazirliyinin əmri ilə yaradılan münsiflər heyəti tərəfindən qiymətləndirilib. Müsabiqənin nəticələrinə görə, beş nəfər birinci, 10 nəfər ikinci, 15 nəfər üçüncü yerə layiq görülüb. Sonda qaliblərə diplom, tərifnamə və qiymətli hədiyyələr təqdim edilib.xeber100.com

İyun 18, 2016 5:14

“Əvvəl dəniz vardı” antologiyasının təqdimatı keçiriləcək

İyunun 9-da Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində “Əvvəl dəniz vardı” antologiyasının təqdimatı ilə bağlı müzakirələr aparılıb. Müzakirələrdə Kolumbiya Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili xanım Marta Galindo da iştirak edib. Mərkəzdən Azərtac-a bildirilib ki, Tərcümə Mərkəzi ilə Kolumbiyanın Azərbaycandakı Səfirliyinin birgə layihəsi olan “Əvvəl dəniz vardı” (10 Kolumbiya şeiri) antologiyasının yaxın vaxtlarda təqdimatı keçiriləcək. Tərcümə Mərkəzinin direktoru Afaq Məsud Azərbaycan oxucusunun Latın Amerikası, o cümlədən Kolumbiya ədəbiyyatına marağından danışıb. O, xüsusən dünya şöhrətli kolumbiyalı yazıçı Qabriel Qarsia Markesin əsərlərinin ölkəmizdə çox sevildiyini diqqətə çatdırıb. A.Məsud antologiyada yer alan Kolumbiya poeziya nümunələrinin də yüksək bədii dəyərə malik olduğunu söyləyib. Marta Galindo Azərbaycan kitabxanalarında Q.Markes yaradıcılığına olan maraqdan məmnunluğunu ifadə edib və bu böyük yazıçının “Patriarxın payızı” romanının hələ 1990-cı illərdə Tərcümə Mərkəzində kitab halında nəşr olunmasını ciddi hadisə adlandırıb. Sonra qonağa Tərcümə Mərkəzinin fəaliyyəti barədə məlumat verilib. Görüş zamanı layihənin davamı kimi, Azərbaycan şairlərinin şeirlərinin də ispan dilinə tərcümə olunaraq Kolumbiyada nəşri məsələsi müzakirə olunub. İlkin mərhələdə poeziya nümunələrinin sətri tərcümələri hazırlanacaq. İşin keyfiyyətini təmin etmək üçün sonrakı proses ispan dilli şairlərin iştirakı ilə aparılacaq. Eyni zamanda, azərbaycanlı və kolumbiyalı nasirlərin əsərləri də bu müştərək layihəyə cəlb olunacaq.xeber100.com

İyun 9, 2016 4:04

IV Beynəlxalq Mahmud Qaşqarlı hekayə müsabiqəsinə start verilib

Ankarada fəaliyyət göstərən Avrasiya Yazarlar Birliyi növbəti - IV Beynəlxalq Mahmud Qaşqarlı hekayə müsabiqəsinə start verib. Azərtac xəbər verir ki, əsərlərin qəbulu avqustun 15-dək davam edəcək. Müsabiqəyə buraxılacaq əsərlərin elan olunması sentyabrın 30-u, beynəlxalq dəyərləndirmə oktyabr-noyabr aylarında, beynəlxalq mükafatlandırma mərasimi isə dekabrda Almatı şəhərində keçiriləcək. Ölkələr üzrə münsiflər heyəti ədəbiyyat jurnalları və yazıçılar birlikləri tərəfindən müəyyən edilən beş yazıçıdan ibarət olacaq. Ayrı-ayrı ölkələrdə birinci yerə 3000, ikinci yerə 1500, üçüncü yerə görə 1000, beynəlxalq mükafatı qazananlara, müvafiq olaraq, 15.000, 10.000, 7500 və həvəsləndirici kimi 2500 Türkiyə lirәsi veriləcək. Müsabiqəyə təqdim olunan əsərlər daha əvvəl heç bir müsabiqədə mükafat almamalı və hər hansı bir yerdə dərc edilməməlidir. Azərbaycanda müsabiqəyə təqdim olunan əsərlər bu ünvana şəxsən, e-poçt və ya poçt vasitəsilə çatdırıla bilər: Bakı şəhəri, Əhməd Cəmil küçəsi-64/66. “525-ci qəzet”, telefon: (012)510-28-83, (012)538-10-53; 050 263 72 13. E-mail: [email protected]  Müsabiqəyə göndərilən hekayələrin üzərində sadəcə təxəllüs yazılmalıdır. Təxəllüsdən başqa yazıçının şəxsiyyətini göstərən ad, soyad və ya hər hansı bir işarənin olması o hekayənin müsabiqəyə buraxılmamasına səbəb olacaq. İştirakçı adını, soyadını, ünvanını, tərcümeyi-halını və 1 ədəd şəklini ayrı bir zərfə qoyaraq üzərinə sadəcə təxəllüsünü yazıb, hekayənin qoyulduğu böyük zərfin içinə yerləşdirməlidir. Kompyuterdə 12 şrift ilə yazılacaq hekayələr 6 nüsxə olaraq göndərilməlidir. Müsabiqədə iştirak edəcək hekayələrin mətnləri geri göndərilməyəcək və mətn sahibinin bu mövzuda etirazı qəbul edilməyəcək. Müsabiqədə mükafat qazanan əsərlərin bütün haqları Avrasiya Yazıçılar Birliyinə məxsusdur.xeber100.com

İyun 7, 2016 12:31

Mikayıl Müşfiqin anadan olmasının 108 illiyinə həsr olunmuş poeziya tədbiri keçirilib

Mədəniyyətsünaslıq üzrə Elmi-Metodiki Mərkəzin, Yasamal Rayon İcra Hakimiyyətinin və müşfiqsevər ziyalıların birgə təşkilatçılığı ilə ölməz şair Mikayıl Müşfiqin anadan olmasının 108 illiyinə həsr olunmuş “Müşfiqin ürəyi yarpaqdan incə” adlı poeziya tədbiri keçirilib. Mərkəzdən Azərtac-a bildirilib ki, əvvəlcə tədbir iştirakçıları şairin Xızıdakı ata yurduna gedərək abidəsini ziyarət edib, rayon ictimaiyyəti, müşfiqsevərlərlə görüşüblər. Sonra Bakıda şairin abidəsi önündə keçirilən mərasimdə şairin xatirəsi yad edilib, ölməz poeziya nümunələri səslədirilib. Yasamal Rayon İcra Hakimiyyətinin başçısının humanitar məsələlər üzrə müavini Təravət Muradova, şəhər sakini Adil Sadıqov, Elmi-Metodiki Mərkəzin şöbə müdiri Sənan Talıbov və başqaları çıxış edərək Azərbaycan poeziyasının ən parlaq səhifələrini yazmış Mikayıl Müşfiqin ömrü və yaradıcılığından söz açıblar. Bildirilib ki, M.Müşfiq Azərbaycan gəncliyinə bütün zamanlarda örnək olaraq qalmaqdadır. Mikayıl Müşfiq şəxsiyyəti milli şüur və vətənpərvərliyin timsalı, yaradıcılığı isə gənc nəslin milli mənliyinin, şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik hisslərinin tərbiyəsində əvəzsiz xəzinədir. Hər bir gənc istənilən mövzuda M.Müşfiqin şeirlərindən istifadə edə bilər. Şairin milli-musiqi alətimiz olan tara həsr etdiyi “Oxu tar” musiqimizə həssas münasibət, tarixi keçmişimizə məhəbbət, vətənpərvərlik, Vətənə sonsuz sevgi baxımından Mikayıl Müşfiq yaradıcılığının zirvəsi adlandırılıb.xeber100.com

İyun 6, 2016 3:49

“Morelin ixtirası” kitabının təqdimat mərasimi keçirilib

Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi ilə Argentina səfirliyinin birgə layihəsi olan “Morelin ixtirası” kitabının Milli Kitabxanada təqdimat mərasimi keçirilib. Apa-nın məlumatına görə, tədbirdə Argentina, Kuba, Braziliya, Meksikanın Azərbaycandakı səfirləri, elm, təhsil və mədəniyyət xadimləri iştirak ediblər. Tədbirdə çıxış edən Argentinanın Azərbaycandakı səfiri Karlos Dante Riva ispandilli ədəbiyyatın məcrasını dəyişən Adolfo Bio Kasaresin "Morelin ixtirası" kitabının əhəmiyyətindən danışıb. Səfir bildirib ki, əsərin müəllifi Adolfo Bios Kasares 1914-cü ildə Buenos-Ayres şəhərində varlı bir ailədə anadan olub. Yazıçı axıcı, kübar və eyni zamanda sadə bir dildə, incə yumor hissi ilə yazıb-yaradıb. “Morelin ixtirası” müasir ədəbiyyatın klassik nümunəsi sayılır, boş bir adada cərəyan edən hadisələr birinci şəxsin dilindən nəql olunur. Tərcümə Mərkəzinin direktoru, yazıçı Afaq Məsud qeyd edib ki, Latın Amerikası ədəbiyyatının tərcüməsi mərkəzin tərcümə siyasətində önəmli yerlərdən birini tutur. Milli Kitabxananın rəhbəri Kərim Tahirli, Yazıçılar Birliyinin katibi Rəşad Məcid, Tərcümə Mərkəzini aparat rəhbəri Yaşar Əliyev layihənin əhəmiyyətindən danışıb, kitabın tərcüməsini iki ölkə arasında mədəni əlaqələrin daha da inkişafı kimi dəyərləndiriblər.xeber100.com

İyun 3, 2016 12:20