“LiFFt-2018” üçüncü festivallar festivalı keçiriləcək

Mayın 25-dən 28-dək Rusiya Federasiyasının Soçi şəhərində Avrasiya materikinin “LiFFt-2018” ədəbiyyat üzrə üçüncü festivallar festivalı keçiriləcək.Azərtac xəbər verir ki, 30-dan çox ölkədən nümayəndələrin qatılacağı bu nüfuzlu festivalın proqramında böyük ədəbiyyat forumu, müxtəlif müsabiqələr, “dəyirmi masa”lar, ustad dərsləri, seminarlar, sərgilər, kitab təqdimatları və kitab yarmarkaları yer alacaq. Həmçinin festival iştirakçıları üçün maraqlı mədəni proqramı, əyləncəli idman yarışları təşkil olunacaq.Festivalın zəngin ekskursiya proqramı da var. İştirakçılar Soçinin məşhur çimərliyi, tarixi və müasir memarlıq inciləri, ədəbi məkanları ilə yanaşı, futbol üzrə dünya çempionatı oyunlarının keçiriləcəyi şəhər stadionuna getmək, habelə indiyədək futbol üzrə dünya və Avropa çempionatları, olimpiya oyunları finallarında oynanılan, üstündə çempionların avtoqrafları həkk olunmuş toplardan ibarət nadir Top muzeyini görmək şansı qazanacaqlar.Bu il ilk dəfə Avrasiya festivallar festivalında Azərbaycanın və qardaş Türkiyənin də yazarları iştirak edəcəklər. Azərbaycan festivalda yazıçı Varislə, Türkiyə isə şair Serhat Kabaklı ilə təmsil olunacaq.Festivalın laureatı qızıl, vitse-laureatlar gümüş medallar və qiymətli hədiyyələrlə təltif olunacaq, qırmızı xalça üzərindən keçəcəklər. Festivalın laureatı həm də əsərlərinin külliyyatının böyük tirajla dərci üçün nəşriyyat müqaviləsi əldə edəcək.Bütün digər iştirakçılara fəxri diplomlar və sertifikatlar veriləcək.Festivalın açılış və bağlanış mərasimləri tanınmış incəsənət ustalarının iştirakı ilə qeyd olunacaq, hər iki mərasimdən sonra iştirakçıların şərəfinə ziyafət veriləcək.Festivalın işini Rusiyanın aparıcı mediası, eləcə də materikin bir neçə ölkəsindən gəlmiş jurnalistlər işıqlandıracaqlar.Xatırladaq ki, əvvəlki iki “LiFFt” festivallar festivalının qalıbləri Konstantin Kedrov-Çelışev (Rusiya) və Oljas Süleymenov (Qazaxıstan) olub.xeber100.com

May 23, 2018 11:50

Milli kitabxanalar arasında əməkdaşlığa dair memorandum imzalanacaq

Qətərin paytaxtı Dohada Qətər Milli Kitabxanasının yeni binasının açılış mərasimi olub. Tədbirdə ölkəmizi Mədəniyyət və Turizm Nazirinin birinci müavini Vaqif Əliyev, Milli Kitabxananın direktoru Kərim Tahirov və Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılov təmsil ediblər.Milli Kitabxanadan Azərtac-a bildiriblər ki, tədbirə bir sıra ölkələrin dövlət və hökumət başçıları, mədəniyyət və turizm nazirləri, 30-dan artıq ölkənin milli kitabxanasının direktoru qatılıb.Açılış mərasimində Qətər dövlətinin əmiri Şeyx Təmin bin Həməd Əl Sani, Qətər Fondunun prezidenti xanım Şeyxa Moza bint Nasir Əl-Misnəd, Qətər Milli Kitabxanasının icraçı direktoru Sohair Vastavy və bir sıra dünya milli kitabxanalarının direktorları çıxış ediblər.Bildirilib ki, Qətər Milli Kitabxanası məşhur Qətər Fondunun nəzdində fəaliyyət göstərir və modern, möhtəşəm arxitekturaya malik bina həmin fondun dəstəyi ilə dünyanın ən məşhur arxitektorları və mütəxəssisləri cəlb olunmaqla inşa olunub. Kitabxananın 1 milyonluq kitab fondu tam şəkildə açıq fond kimi oxucuların istifadəsinə verilib. Çox böyük oxu zalları və evə verilən kitabların qaytarılması üçün avtomatlar quraşdırılıb. Binada ən son texnoloji avadanlıqlardan və avtomatlaşdırma vasitələrindən istifadə olunub.Tədbirdən sonra qonaqların şərəfinə təşkil olunmuş ziyafətdə Qətər əmiri Şeyx Təmin bin Həməd Əl Sani ilə görüşən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev ölkə prezidentinin salamlarını əmirə çatdırıb və bu möhtəşəm layihə münasibətilə onu və Qətər xalqını təbrik edib.Qeyd edək ki, bu gün Qətər Milli Kitabxanasının yeni binasında Azərbaycan və Qətər Milli kitabxanaları arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanacaq.xeber100.com

Aprel 17, 2018 1:01