Hüseyn Cavid – 134

Bu gün yazıçı-dramaturq Hüseyn Cavidin anadan olmasından 134 il ötür. Milli poeziyamızda fəlsəfi lirikanın təkrarsız nümunələrini yaratmış Hüseyn Cavid mənzum faciələri və tarixi dramları ilə Azərbaycan dramaturgiyasında yeni mərhələ açıb. Onun yaradıcılığı Şərqin estetik fikir tarixi və dünya romantizm ənənələri ilə sıx bağlı olub. Dahi sənətkarın zəngin irsinə “Keçmiş günlər”, “Bahar şəbnəmləri” şeirlər silsiləsi, “Azər”, “Kor neyzən” poemaları, “Ana”, “Maral”, “Şeyx Sənan”, “İblis”, “Şeyda”, “Uçurum”, “Afət”, “Peyğəmbər, “Topal Teymur”, “Knyaz”, “Səyavuş”, “Xəyyam”, “İblisin intiqamı” dramları, ədəbi, elmi, ictimai baxışlarını əks etdirən məqalələri, məktubları daxildir. “Atilla” (Gözəl Eyida), “Çingiz”, “İblisin ilhamı”, “Telli saz”, “Şəhla”, “Koroğlu” adlı əsərləri isə müsadirə olunub. “Mənim Tanrım gözəllikdir, sevgidir”, - deyən Hüseyn Cavid dramaturq olmazdan öncə romantik şair, sevgi və gözəllik aşiqi kimi tanınıb. Onun poeziyasında dərin həyat fəlsəfəsi, sağlam məntiq, insan kamalına möhkəm inam öz əksini tapıb. Azərbaycan ədəbiyyatına ümumtürk məfkurəsi gətirən böyük sənətkar “Dəniz tamaşası” (1912) şeirində qoca türkün dili ilə millətin döyüş ruhunun qorunmasının vacibliyindən söz açıb. Dil və din birliyinin qorunub saxlanması problemini “Hərb və fəlakət” şeirində qələmə alaraq “İttihad! İştə ən böyük ideal” yazıb.xeber100.com

Oktyabr 24, 2016 10:23

Kitabxanaçıların Beynəlxalq Konqresi keçirilir

Astanada Qazaxıstan Respublikasının müstəqilliyinin 25 illiyinə həsr olunmuş Kitabxanaçıların Beynəlxalq Konqresi keçirilir. Konqresdə alimlər, ictimai və siyasi xadimlər, şairlər, yazıçılar, kulturoloqlar, naşirlər, kitabxanaçılar iştirak edirlər. M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasından Azərtac-a bildirilib ki, konqresin plenar iclasını Qazaxıstanın mədəniyyət və idman naziri A.Muxamediuli açaraq iştirakçıları təşəkkürnamə ilə təltif edib. Moderator, Qazaxıstan Respublikası Milli Elmlər Akademiyasının akademiki Esim Qarifolla konqresin məqsəd və əhəmiyyətindən danışaraq, bu tədbirin kitabxanaların gələcək innovativ inkişafında, kitaba, mütaliəyə marağın artırılmasındakı mühüm rolunu vurğulayıb. Konqresin əsas vəzifəsi ictimaiyyətin kitabxanaların inkişafı məsələlərinə, kitaba olan diqqətini artırmaq, elektron informasiya resurslarının formalaşdırılması problemi və onların kitabxana-informasiya müəssisələrində istifadəsi üzrə təcrübə mübadiləsinin həyata keçirilməsidir. Konqres ümumilikdə kitabxana fəaliyyətinin demək olar ki, bütün aktual problem və məsələlərini əhatə edir. Eyni zamanda Müstəqillik Sarayında konqres çərçivəsində qazax xalqının tarixini əks etdirən qədim və qiymətli kitabların, kitabxana layihələrinin və instalyasiyaların da sərgisi keçirilib. Plenar iclasda Qazaxıstan, Rusiya, Azərbaycan, Gürcüstan, Belorus, Ukrayna, Moldova, İran İslam Respublikası və digər ölkələrdən olan məruzəçilər çıxış ediblər. Azərbaycan Milli Kitabxanasının direktor müavini, Əməkdar Mədəniyyət İşçisi Ədibə İsmayılovanın “Azərbaycan Milli Kitabxanası və XXI əsrin oxucusu” adlı məruzəsi dinlənilib. İclas işini bitirdikdən sonra şəhərin mədəniyyət mərkəzlərinə ekskursiya təşkil edilib. Konqresin ikinci günü Qazaxıstan Milli Akademik Kitabxanasında Avrasiya Kitabxanalar Assambleyasının (БАЕ) XIX ümumi iclası keçirilib. İclasda Azərbaycan Milli Kitabxanasının direktor müavini Ədibə İsmayılova ilə yanaşı, kitabxananın şöbəsinin müdiri Aygün Hacıyeva da iştirak edib. Avrasiya Kitabxanalar Assambleyasının Elektron Kitabxanası layihəsi, Assambleyaya yeni üzvlərin qəbulu, həmçinin üzv ölkələrin kitabxana mütəxəssisləri üçün müxtəlif dövlətlərin kitabxanalarında tədris kurslarının, seminarlarının təşkili və s. məsələlər müzakirə edilib, növbəti iclasın 2017-ci ilin oktyabrında Belorusun paytaxtı Minsk şəhərində keçiriləcəyi qərara alınıb. Hazırda Konqres işini 5 bölmədə davam etdirir. Sonda iştirakçılara sertifikatlar təqdim ediləcək.xeber100.com

Sentyabr 16, 2016 12:32