Bu gün müqəddəs Qurban bayramıdır

Qurban bayramı və ya dini qurban kəsmə bayramı İslam aləmində ən müqəddəs bayramlardan biri sayılır. Bu bayram bütün müsəlman aləmində hər il Hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir. Mərasimlərdə qoyun, qoç, inək, dana və ya dəvə kəsilir. Dini qurban kəsmə mərasimi İslamdan da əvvəl mövcud olub, lakin o vaxtlar günahdan təmizlənmək, qəzəblənmiş Allahın könlünü almaq və s. nəzərdə tutulub. Hicrinin (Məhəmməd Peyğəmbərin Məkkədən Mədinəyə köçməsi) ikinci ilindən sonra dini qurban kəsmənin İslam aləmində başqa məqsədləri və səbəbləri yaranıb. Belə ki, dini qurban kəsmə İslam aləmində böyük ruh yüksəkliyi, dindarlıq, xeyriyyəçilik, başqalarına kömək etmək kimi əlamətlərə yiyələnib. Dini qurban kəsmə İbrahim Peyğəmbərin həyatında baş verən əhvalatdan sonra yaranıb. Əhvalata görə, yuxuda Allah İbrahim peyğəmbərə oğlu İsmayılı qurban verməyi (onların Allaha imanını yoxlamaq üçün) əmr edir. İbrahim əsl dindar kimi Allahın əmrini yerinə yetirməyə hazırlaşır, İsmayıl özü də qurban olmağa razılaşır. Bu haqda “Quran”da yazılıb. Allaha qəlbən yaxın və sadiq olduğunu sübut etmək istəyən İbrahim Peyğəmbər oğlu İsmayılı qurban kəsməyə hazırlaşır. Lakin Allah bunu öz elçisinə rəva bilməyərək ona bir qoç göndərir. Buna görə də Qurbanlıq bayramında kəsilən qurbana “İsmayıl qurbanı” da deyirlər. İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” qanuna əsasən, Qurban bayramı Azərbaycanda da dövlət səviyyəsində bayram edilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qurban bayramı münasibətilə xalqımıza təbrikində deyilir: “Azərbaycan xalqı həmişə milli-mənəvi dəyərlərə və ənənələrə sədaqət və qayğı ilə yanaşmış, dini mərasimləri, o cümlədən, Qurban bayramını böyük ruh yüksəkliyi ilə qeyd etmişdir. Bu günlər ölkəmizin hər yerində xalqımızın və dövlətimizin əmin-amanlığı və fıravanlığı üçün Allaha dualar səslənir, Vətən uğrunda həyatından keçən şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. Əminəm ki, bu Qurban bayramı da cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevriləcəkdir”.xeber100.com

Sentyabr 12, 2016 11:13

“Dini ekstremizmə qarşı mübarizə”…

Sentyabrın 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini ekstremizmə qarşı mübarizə” mövzusunda seminar-müşavirə keçirilib. Müşavirədən əvvəl Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanan “Fitnə” sənədli filmi nümayiş etdirilib. Baş Prokurorluq, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin Sabunçu, Suraxanı, Xəzər və Pirallahı rayonlarının yerli strukturlarının nümayəndələri, ziyalılar, dindarlar və ictimai fəalların iştirak etdikləri tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Güloğlan Məmmədov dini radikalizm və ekstremizmlə mübarizənin əhəmiyyətini vurğulayaraq bu istiqamətdə həyata keçirilən tədbirlərin zəruri olduğunu deyib. DQİDK-nın sədr müavini Səyavuş Heydərov dünyada, xüsusilə Yaxın Şərqdə dini radikalizm və ekstremizmin silahlı münaqişələrə səbəb olması və meydana gətirdiyi fəsadlar haqqında danışıb. Bildirilib ki, dinin siyasiləşdirildiyi və ya geosiyasi maraqlara alət olduğu ölkələr böyük fəlakətlərlə üzləşməkdədir. S.Heydərov Azərbaycandakı multikultural və tolerant dəyərlərin bəşəriyyətə örnək olduğunu qeyd edib və dünyaya ixracının zəruri olduğunu bildirib.xeber100.com

Sentyabr 7, 2016 11:42

“Dini radikalizmlə mübarizə” mövzusunda konfrans keçirilib

Avqustun 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Xurafat və dini radikalizmlə mübarizədə qadınların rolu” mövzusunda konfrans keçirilib. Azərtac xəbər verir ki, Atıcılıq Mərkəzində keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Binəqədi Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının Qadınlar Şurasının üzvləri, eləcə də fəal qadınlar, ziyalılar və gənclər iştirak ediblər. Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının müavini Aygün Əliyeva bildirib ki, konfransın keçirilməsində əsas məqsəd dini radikalizm və onun fəsadları, dini radikalizmin qurbanına çevrilmiş qadınlar, xurafat və onun törətdiyi fəsadlar, xurafatın zərərləri və falçılıq, yas mərasimlərində dini təbliğatın düzgün aparılmaması ilə bağlı müzakirələr təşkil etmək və bu sahədə fikir mübadiləsi aparmaqdır. O qeyd edib ki, cəmiyyətimizin inkişafında qadının rolu olduqca böyükdür. Dini komitənin şöbə müdiri Elnarə Kərimova bildirib ki, bugünkü cəmiyyət qadınların, anaların tərbiyəsinin məhsuludur. İslam dini qadının məhz elmli, təhsilli olmasını istəyir. Çünki qadın bir anadır. O, övladını öyrəndiyi elm, aldığı təhsil sayəsində tərbiyə etməlidir. Bu baxımdan insanlar arasında maarifləndirmə işi aparılır. Nə qədər təbliğat aparılarsa, bir o qədər də müsbət nəticə əldə etmək olar.xeber100.com

Avqust 24, 2016 1:49