“Neftçi” futbol klubu mübarizəni dayandırıb

Bakının "Neftçi" klubu UEFA Konfrans Liqasında mübarizəni dayandırıb.Azərtac xəbər verir ki, avqustun 26-da turnirin pley-off mərhələsinin cavab oyunları çərçivəsində Bakı təmsilçisi İsraildə "Makkabi" (Hayfa) klubunun qonağı olub.“Sammi Ofer” stadionunda keçirilən matçda "Neftçi"nin start heyətində Aqil Məmmədov, Harramiz Soareş, Voislav Stankoviç, Uqu Baştu, Mert Çelik, Fəhmin Muradbəyli, Romen Bask, Mamadu Kane, Emin Mahmudov (k), Sezar Meza Kolli və Sabir Buqrin yer alıblar.“Makkabi”nin heyətində isə meydana Josua Coen, Beqdan Planiç, Ori Dahan, Rayan Strein, San Menaçem, Mohammed Abu Fani, Joze Rodriqes, Tyaron Çeri (k), Din Devid, Ömər Atzili və Dolev Haziza çıxıblar.Şimali Makedoniyadan olan FIFA referisi Aleksandr Stavrevin idarə etdiyi oyun "Makkabi"nin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hayfa təmsilçisinin heyətində San Menaçem, Ömər Atzili, Dolev Haziza və Mohammed Abu Fani fərqləniblər.Qeyd edək ki, komandalar arasında Bakıda təşkil olunan ilk oyun 3:3 hesablı heç-heçə ilə yekunlaşıb. İki oyunun nəticəsinə görə, "Neftçi" klubu UEFA Konfrans Liqasında mübarizəni dayandırıb.Mübarizəyə UEFA Çempionlar Liqasından start verən Bakı təmsilçisi “Dinamo”dan (Tbilisi) üstün olsa da, növbəti mərhələdə Yunanıstanın “Olimpiakos” komandası ilə bacarmayıb. UEFA Avropa Liqasına düşən komanda iki matçın nəticəsinə görə, Finlandiyanın HİK komandasına məğlub olub və UEFA Konfrans Liqasının pley-off mərhələsində iştirak hüququ qazanmışdı.xeber100.com

Avqust 26, 2021 1:41

Çimərlik futbolu üzrə dünya çempionatının qrup mərhələsinə yekun vurulub

Moskvada keçirilən çimərlik futbolu üzrə 11-ci dünya çempionatının qrup mərhələsinə yekun vurulub və dörddəbir finalın iştirakçıları müəyyənləşib.Azərtac xəbər verir ki, mundialda 16 komanda 4 qrupda mübarizə aparıb. Rusiya, ABŞ, Paraqvay və Yaponiya A, Mozambik, İspaniya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Tahiti seçmələri B qrupunda yer alıblar. C qrupunda Belarus, Salvador, İsveçrə, Braziliya, D qrupunda isə Portuqaliya, Oman, Seneqal və Uruqvay yığmaları qarşılaşıblar.Qruplarda ilk iki yeri tutan komandalar mübarizəni dörddəbir finalda davam etdirmək hüququ qazanıblar. Belə ki, A qrupundan Rusiya və Yaponiya, B qrupundan Tahiti və İspaniya yığmaları dörddəbir finala yüksəliblər. C qrupundan İsveçrə və Braziliya, D qrupundan isə Seneqal və Uruqvay mübarizəni dörddəbir finalda davam etdirəcəklər.Çempionatın dörddəbir final mərhələsinin görüşləri avqustun 26-da oynanılacaq. Mərhələyə Seneqal-Braziliya oyunu ilə start veriləcək. Bu mərhələdə, həmçinin İsveçrə - Uruqvay, Tahiti – Yaponiya və Rusiya – İspaniya görüşləri oynanılacaq.Mundialın yarımfinal qarşılaşmaları avqustun 28-də, üçüncü yer uğrunda görüş və final matçı isə bir gün sonra oynanılacaq.Çimərlik futbolu üzrə dünya çempionatı ilk dəfə 1995-ci ildə keçirilib və 2005-ci ilə qədər hər il təşkil olunub. 2005-ci ildən etibarən dünya çempionatını FIFA təşkil etməyə başlayıb. Həmin vaxtdan mundial iki ildən bir keçirilir. FIFA-nın təşkilatçılığı ilə indiyədək keçirilən 10 dünya çempionatında Braziliya millisi 5 dəfə kuboka sahib olub. Portuqaliya və Rusiya milliləri 2, Fransa isə 1 dəfə çempion adını qazanıb.İki il əvvəl keçirilmiş sonuncu mundialın finalında Portuqaliya İtaliyanı 6:4 hesabı ilə məğlub edərək ikinci dəfə çempion olub. Üçüncü yer uğrunda oyunda isə Rusiya yığması Yaponiyaya qalib gəlib – 5:4.xeber100.com

Avqust 25, 2021 2:42