Azərbaycan Cüdo Federasiyasının məlumatı əsasında…

Müxtəlif regionlarda cüdo idman növü üzrə infrastrukturun təkmilləşdirilməsi və inkişafı Azərbaycan Cüdo Federasiyasının (ACF) əsas fəaliyyət istiqamətlərindən biridir. ACF-dən verilən məlumata görə, qurum ötən ilin əvvəlindən respublikanın müxtəlif regionlarında idman klublarının bərpasını və təmirini həyata keçirib. Avqustun 17-də isə Zirə İdman Kompleksində yeni təmir edilmiş cüdo zalı istifadəyə verilib. ACF-in vitse-prezidenti Elnur Məmmədli, baş katib Rəşad Rəsullu, qurumun prezidentinin müşaviri Natiq Bağırov, Zirə İdman Kompleksinin direktoru Vüsal Məmmədov, Zirə kəndinin nümayəndələri və digər rəsmi şəxslər cüdo zalında yaradılan şəraitlə tanış olublar. Məlumat verilib ki, federasiya tərəfindən yüksək səviyyədə təmir edilən cüdo təlim mərkəzinin ümumi sahəsi 210 kvadrat metr təşkil edir və bir “dojo” (cüdo məşq zalı) var. Cüdo zalında idmançılar üçün bütün zəruri şərait təmin edilib. Məşq zalı Beynəlxalq Cüdo Federasiyasının rəsmi təchizatçısı olan “Taishan” firmasının tatamiləri ilə təchiz olunub. İndiyə qədər Gəncə, Ağstafa, Zaqatala, Goranboy, Zəngilan rayonu Ağalı kəndi, Sabirabadda cüdo zalları istifadəyə verilib. Respublikamızın bir neçə şəhər və rayonunda isə cüdo zallarının təmiri davam etməkdədir. Həmçinin son bir il müddətində ACF tərəfindən 80-dən çox cüdo idman zalına 4000-dən çox tatami paylanılması reallaşdırılıb.xeber100.com

Avqust 18, 2023 2:46