“US Open” beynəlxalq tennis turnirində ikinci mərhələnin görüşləri keçirilir

ABŞ-da “Böyük dəbilqə” seriyasından “US Open” beynəlxalq tennis turnirində ikinci mərhələnin görüşləri keçirilir.Azərtac xəbər verir ki, kişi tennisçilərin mübarizəsində favoritlərdən Novak Cokoviç böyük britaniyalı Kayl Edmunda qalib gəlib. Görüş 3:1 hesabı ilə serbiyalı raketka ustasının xeyrinə olub. Serbiyalı tennisçi növbəti mərhələdə almaniyalı Yan Lennard Ştrufla görüşəcək. İddialılardan Stefanos Sitsipas daha inamlı qələbə qazanıb. O, yerli idmançı Maksim Kressini 3 setdə məğlub edib. Yunanıstanlı raketka ustası növbəti mərhələdə xorvatiyalı Borna Çoriçlə qarşılaşacaq. Belçikalı David Qoffen də etimadı doğruldub. O, Cənubi Afrika Respublikasından olan Lloyd Harrislə oyunda 4 setdə qələbəni təmin edərək növbəti mərhələyə adlayıb və serbiyalı Filip Krayinoviçə rəqib olub.Qadınların turnirinə gəlincə, ali mükafatı qazanmağa əsas namizədlərdən hesab olunan çexiyalı Karolina Plişkova gözlənilmədən uduzub. Fransalı Karolin Qarsiya güclü rəqibindən 2 setdə üstün olub. O, növbəti mərhələdə amerikalı Cennifer Breydi ilə görüşəcək. Plişkovanın həmvətəni Petra Kvitova isə üçüncü mərhələyə vəsiqə qazana bilib. O, ukraynalı Katerina Kozlovanı 2 setin yekununa əsasən məğlub edərək növbəti mərhələyə adlayıb. K.Kvitovanın rəqibi yerli idmançı Cessika Pequla olacaq. Yaponiyalı Naomi Osaka da italiyalı Kamila Corcini çətinlik çəkmədən 2 setdə məğlub edib. N.Osaka növbəti görüşünü ukraynalı Marta Kostyuka qarşı keçirəcək.xeber100.com

Sentyabr 3, 2020 8:01

Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarının məşəli təqdim olunub

Gələn ilin yayınadək təxirə salınmış Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarının məşəli Yaponiya paytaxtının ictimaiyyətinə təqdim olunub.Azərtac xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə Yaponiya hökumətinin, Milli Olimpiya Komitəsinin, Tokio administrasiyasının və Oyunların təşkilat komitəsinin üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.Xatırladaq ki, Olimpiya məşəli Yunanıstandan Yaponiyaya martın 20-də, Oyunların gələn ilədək təxirə salınması barədə qərarın qəbulundan dörd gün əvvəl gətirilib. Məşəl Tokionun Şincuku rayonunda yerləşən Yaponiya Olimpiya Muzeyində nümayiş etdirilir.Mərasimdə çıxış edən Yaponiya Milli Olimpiya Komitəsinin sədri Yamaşita Yasuhiro bildirib ki, Olimpiya və Paralimpiya Oyunlarına qatılmaq istəyən idmançılar hazırda yorulmadan məşq edirlər. Tokioda Olimpiya məşəlinin ictimaiyyətə təqdim edilməsi bu idmançılara emosional dəstəkdir.Yaponiya Olimpiya və Paralimpiya Oyunları naziri xanım Haşimoto Seyko isə bildirib ki, məşəl ümid deməkdir. Yaponiya hökuməti koronavirusun yayılmasının qarşısını almaq və Oyunların yüksək səviyyədə təşkili üçün əlindən gələni edəcək.Qeyd edək ki, Olimpiya məşəlinə baxmaq istəyənlər əvvəlcədən bron götürməlidirlər. Eyni zamanda, muzey koronavirus pandemiyası ilə əlaqədar tamaşaçıların sayını azaltmağa çalışır. Muzeyə girişin qiyməti 500 yen (təqribən 5 dollar) olsa da, uşaqlar və məktəblilər üçün biletlər ödənişsizdir.Olimpiya məşəli ziyarətçilərə noyabrın 1-dək nümayiş etdiriləcək.xeber100.com

Sentyabr 1, 2020 10:45