Noyabrın 7-8-də Milli Gimnastika Arenasında akrobatika gimnastikası üzrə 23-cü Bakı çempionatı, həmçinin batut və tambliq üzrə 14-cü Azərbaycan birinciliyi və Bakı çempionatı keçiriləcək. Azərtac Azərbaycan Gimnastika Federasiyasının saytına istinadla xəbər verir ki, akrobatların start verəcəyi yarışların ilk günündə qadın cütlükləri (uşaqlar – 2000-2007-ci il təvəllüdlü), kişi cütlükləri (böyüklər - 2002-ci il təvəllüdlü və daha böyüklər), qarışıq cütlüklər (böyüklər - 2002-ci il təvəllüdlü və daha böyüklər, uşaqlar – 2000-2007-ci il təvəllüdlü, balacalar – 2002-2010-cu il təvəllüdlü) və qadın qrupları (yeniyetmələr 1998-2006-ci il təvəllüdlü, uşaqlar – 2000-2007-ci il təvəllüdlü, balacalar – 2002-2010-cu il təvəllüdlü) medallar uğrunda öz qüvvələrini sınayacaqlar. Əllidən çox idmançının iştirak edəcəyi yarışlarda Bakı Gimnastika Məktəbi, “Ocaq Sport” klubu, “Neftçi” idman klubu və Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi təmsil olunacaq. Yarışların ikinci günü isə batut və tamblinqçilərin çıxışları ilə davam edəcək. Kiçiklər (2008-2010-cu il təvəllüdlü), uşaqlar (2006-2007-ci il təvəllüdlü), balacalar (2003-2005-ci il təvəllüdlü), böyüklər (1999-cu il təvəllüdlü və daha böyük) yaş kateqoriyasında 30-dan çox batutçu və balacalar (2007-ci il təvəllüdlü və daha kiçik), yeniyetmələr (2003-2006-cı il təvəllüdlü), gənclər (2000-2002-ci il təvəllüdlü) və böyüklər (1999-cu il təvəllüdlü və daha böyük) yaş kateqoriyasında isə 20-dən yuxarı tamblinqçi öz çıxışları ilə Bakı Gimnastika Məktəbi və “Ocaq Sport” klubunu təmsil edəcəklər. Yarışları Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytında (www.agf.az) canlı yayım vasitəsilə izləmək mümkün olacaq.xeber100.com