UEFA Avropa Liqasında püşkatma mərasimi keçiriləcək

Avqustun 26-da futbol üzrə UEFA Avropa Liqasında qrup mərhələsinin püşkatma mərasimi keçiriləcək. Azərtac xəbər verir ki, Monakoda Bakı vaxtı ilə saat 15:00-da təşkil ediləcək püşkatmada Azərbaycan təmsilçiləri “Qarabağ” və “Qəbələ”nin də rəqibləri məlum olacaq. Hər iki klub ən aşağı reytinqlilərin olduğu dördüncü səbətdə yer alıb. Onlar digər üç səbətdən reytinqə görə yüksək komandalarla eyni qrupa düşəcəklər. Birbaşa qrupda mübarizə aparacaq 16 və Çempionlar Liqasının pley-off mərhələsində uduzan 10 komandaya daha 22 klub qoşulub. Ümumilikdə, 48 komanda hərəsində dörd iştirakçı olmaqla, 12 qrupa bölünəcək. Klublarımız üçün mümkün rəqiblər arasında “İnter”, “Mançester Yunayted” kimi nəhəng və eləcə də “Roma”, “Şalke” kimi iddialı klublar da yer alır. Səbətlər aşağıdakı bölgü üzrə formalaşıb. Birinci səbət: “Şalke” (Almaniya), “Zenit” (Rusiya), “Mançester Yunayted” (İngiltərə), “Şaxtyor” (Ukrayna), “Atletik Bilbao” (İspaniya), “Olimpiakos” (Yunanıstan), “Vilyareal” (İspaniya), “Ayaks” (Hollandiya), “İnter” (İtaliya), “Fiorentina” (İtaliya), “Anderlext” (Belçika), “Viktoriya” (Çexiya). İkinci səbət: “AZ Alkmaar” (Hollandiya), “Braqa” (Portuqaliya), “Zalsburq” (Avstriya), “Roma” (İtaliya), “Fənərbaxça” (Türkiyə), “Sparta” (Çexiya), PAOK (Yunanıstan), “Styaua” (Rumıniya), “Genk” (Belçika), APOEL (Cənubi Kipr), “Standart Liec” (Belçika), “Sent-Etyen” (Fransa). Üçüncü səbət: “Gent” (Belçika), “Yanq Boyz” (İsveçrə), “Krasnodar” (Rusiya), “Rapid” (Avstriya), “Slovan” (Liberets, Çexiya), “Selta” (İspaniya), “Makkabi” (Təl-Əviv, İsrail), “Feyenoord” (Hollandiya), “Austria” (Vyana, Avstriya), “Maynts” (Almaniya), “Sürix” (İsveçrə), “Sauthempton” (İngiltərə). Dördüncü səbət: “Panatinaikos” (Yunanıstan), “Sassuolo” (İtaliya), “Qarabağ” (Azərbaycan), “Astana” (Qazaxıstan), “Nitsa” (Fransa), “Zarya” (Ukrayna), “Astra” (Rumıniya), “Konyaspor” (Türkiyə), “Osmanlıspor” (Türkiyə), “Qəbələ” (Azərbaycan), “Hapoel” (Beer-Şeva, İsrail), “Dandalk” (İrlandiya). Qeyd edək ki, qrup oyunları sentyabrın 15-də və 29-da, oktyabrın 20-də, noyabrın 3-də və 24-də, həmçinin dekabrın 8-də keçiriləcək.xeber100.com

Avqust 26, 2016 11:58

Azərbaycan ümumi siyahıda 58-ci pillədə qərarlaşıb

Olimpiya Oyunları tarixinin ümumi medal siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, 1896-cı ildə start götürən yarışların 120 illik tarixinin ümumi siyahısında 15 min 689 medalın sahibi yer alıb. Bu mükafatlardan 5116-sı qızıl, 5082-si gümüş, 5491-i bürüncdü. İndiyədək 149 ölkə Olimpiya medalı əldə edib. Bunlardan 109-u çempionluq sevinci də yaşayıb. Amma bu ölkələrdən bəziləri (SSRİ, Yuqoslaviya, ADR, MDB və s.) artıq mövcud deyil. Yay Olimpiya Oyunlarında 1996-cı ildə debüt edən Azərbaycan müstəqillik illərində əldə etdiyi medallarla siyahıya düşüb. İdmançılarımızın hesabında 44 medal var. Millimiz 6 yarışda 7 qızıl, 12 gümüş və 25 bürünc mükafat əldə edib. Medalların əyarı baxımından Azərbaycan ümumi siyahıda 58-ci pillədə qərarlaşıb. Təbii ki, öndə qərarlaşan ölkələrin də bir qismi artıq tarixin yaddaşına köçüb. Sabiq SSRİ təmsilçiləri arasında 8-ci olan Azərbaycan Rusiya, Ukrayna, Qazaxıstan, Belarus, Özbəkistan, Estoniya və Gürcüstandan geri qalır. Siyahıya isə ABŞ başçılıq edir. 1000-ci qızılını Rio-2016-da qazanan amerikalılar 794 gümüş, 704 bürünc əldə edib. 27 Olimpiadada çıxış edən şimali amerikalılar cəmi 2520 mükafat əldə edib. 2-ci pillədə 9 yarışa qatılan SSRİ, 3-cü pillədə isə 28 Olimpiadanın iştirakçısı olan Böyük Britaniya qərarlaşıb.xeber100.com

Avqust 23, 2016 9:58