Şahmat Olimpiadasında VI turunun oyunları keçiriləcək

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında bu gün VI turunun oyunları keçiriləcək. Bakı Şahmat Olimpiadasının mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, kişilərdən ibarət əsas millimiz Yunanıstanla qarşılaşacaq. İkinci komandamız Rumıniya, üçüncü yığmamız Qana ilə üz-üzə gələcək. Favoritlərdən Hindistan Hollandiya ilə, ABŞ Ukrayna ilə, Rusiya Almaniya ilə, Çin Argentina ilə, Gürcüstan Çexiya ilə qarşılaşacaq. Beş turdan sonra kişilərdən ibarət əsas millimiz 8 xalla 9-cu pillədə qərarlaşıb. Eyni xala malik ikinci komandamız 11-ci, 4 xalla üçüncü yığmamız isə 99-cudur. Turnir cədvəlinə maksimum nəticə göstərən Hollandiya, Ukrayna və Hindistan milliləri başçılıq edir. Qadınlardan ibarət əsas yığmamızın VI turdakı rəqibi Gürcüstandır. İkinci millimiz Çexiya, üçüncü komandamız isə Çili ilə qarşılaşacaq. Qadınların yarışında bu gün əsas diqqətlər Ukrayna - Rusiya görüşünə yönələcək. Favoritlərdən Çin Rumıniya ilə, Hindistan Latviya ilə, ABŞ Türkiyə ilə, Polşa Vyetnamla görüşəcək. Qadınlardan ibarət əsas millimiz 5 turdan sonra 9 xalla beşinci pillədədir. İkinci komandamız 6 xalla 39-cu, üçüncü yığmamız isə 5 xalla 61-ci yeri tutur. Xanımların mübarizəsində 5 turdan sonra maksimum nəticə göstərən Ukrayna və Rusiya yığmaları ilk 2 yeri bölüşdürürlər. Əsas millimiz kimi 9 xal toplayan Rumıniya üçüncü, Çin dördüncüdür.xeber100.com

Sentyabr 8, 2016 12:02

Ümumdünya Şahmat Olimpiadasında IV turun təqvimi müəyyənləşib

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında IV turun təqvimi müəyyənləşib. Azərtac xəbər verir ki, itkisiz irəliləyən kişilərdən ibarət əsas komandamız sentyabrın 5-də Rumıniya ilə üz-üzə gələcək. İkinci millimizin rəqibi görməqabiliyyəti zəif olan şahmatçıların beynəlxalq komandası (İBCA) olacaq. Üçüncü yığmamız isə Türkmənistanı sınağa çəkəcək. Günün ən çox maraq doğuran görüşlərindən biri Ukrayna və Rusiya arasında keçiriləcək. Həmçinin Hindistan-Kuba, ABŞ-Çexiya, Çin-İtaliya, İngiltərə-Hollandiya, Yunanıstan-Fransa görüşləri də maraqla gözlənilir. Kişilər kimi, qadınlardan ibarət əsas yığmamız da IV turda Rumıniya ilə qarşılaşacaq. İkinci millimiz İtaliya, üçüncü komandamız isə Braziliya ilə münasibətlərinə aydınlıq gətirəcək. Favoritlərdən Çin Latviya ilə, Ukrayna Fransa ilə, Rusiya Macarıstanla, Hindistan İsraillə, Gürcüstan Misirlə, ABŞ Bosniya və Herseqovina ilə üz-üzə gələcək. Qeyd edək ki, Azərbaycanın kişilərdən ibarət əsas millisi 6 xalla Rusiya və Kuba ilə birgə 1-3-cü yerləri bölüşür. “Azərbaycan-2” komandası 33-cü, “Azərbaycan-3” isə 59-cu pillədə qərarlaşıb. Qadınlardan ibarət birinci komandamız 12-ci, “Azərbaycan-2” 19-cu, “Azərbaycan-3” isə 33-cü pillədə qərarlaşıb. Qadınların mübarizəsində Rusiya, Fransa və Hindistan 6 xalla 1-3-cü yerləri bölüşürlər.xeber100.com

Sentyabr 5, 2016 11:05