Azərbaycan ümumi siyahıda 58-ci pillədə qərarlaşıb

Olimpiya Oyunları tarixinin ümumi medal siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, 1896-cı ildə start götürən yarışların 120 illik tarixinin ümumi siyahısında 15 min 689 medalın sahibi yer alıb. Bu mükafatlardan 5116-sı qızıl, 5082-si gümüş, 5491-i bürüncdü. İndiyədək 149 ölkə Olimpiya medalı əldə edib. Bunlardan 109-u çempionluq sevinci də yaşayıb. Amma bu ölkələrdən bəziləri (SSRİ, Yuqoslaviya, ADR, MDB və s.) artıq mövcud deyil. Yay Olimpiya Oyunlarında 1996-cı ildə debüt edən Azərbaycan müstəqillik illərində əldə etdiyi medallarla siyahıya düşüb. İdmançılarımızın hesabında 44 medal var. Millimiz 6 yarışda 7 qızıl, 12 gümüş və 25 bürünc mükafat əldə edib. Medalların əyarı baxımından Azərbaycan ümumi siyahıda 58-ci pillədə qərarlaşıb. Təbii ki, öndə qərarlaşan ölkələrin də bir qismi artıq tarixin yaddaşına köçüb. Sabiq SSRİ təmsilçiləri arasında 8-ci olan Azərbaycan Rusiya, Ukrayna, Qazaxıstan, Belarus, Özbəkistan, Estoniya və Gürcüstandan geri qalır. Siyahıya isə ABŞ başçılıq edir. 1000-ci qızılını Rio-2016-da qazanan amerikalılar 794 gümüş, 704 bürünc əldə edib. 27 Olimpiadada çıxış edən şimali amerikalılar cəmi 2520 mükafat əldə edib. 2-ci pillədə 9 yarışa qatılan SSRİ, 3-cü pillədə isə 28 Olimpiadanın iştirakçısı olan Böyük Britaniya qərarlaşıb.xeber100.com

Avqust 23, 2016 9:58

XXXI Yay Olimpiya Oyunlarının bağlanış mərasiminə start verilib

Avqustun 22-də Bakı vaxtı ilə saat 03:00-da Braziliyanın Rio-de-Janeyro şəhərindəki “Marakana” stadionunda XXXI Yay Olimpiya Oyunlarının möhtəşəm bağlanış mərasiminə start verilib. Azərtac xəbər verir ki, əvvəlcə sambaçıların ifasında Rionun görməli yerləri, Olimpiya halqaları təqdim olunub və musiqili hissə başlayıb. İyirmi yeddi uşağın ifasında Braziliyanın dövlət himni səsləndirilib və dövlət bayrağı qaldırılıb. Uşaqların sayı Braziliyanın 26 ştatı və 1 federal dairəsinin sayına uyğun seçilib. “Rio-2016”da iştirak edən ölkələrin bayraqları səhnəyə gətirildikdən sonra yarışın mükafatçılarının paradı maraqlı anlarla yadda qalıb. Ölkənin tarixinin, qədim yaşayış məskənlərinin, qədim insanların çəkdiyi qayaüstü rəsmlərin canlandırıldığı növbəti hissənin davamında Braziliyanın toxuculuq sənayesinin inkişaf tempi təqdim olunub. Hissə Braziliyanın məşhur balet qrupunun çıxışı ilə yekunlaşıb. Sonra marafon yarışının qalibləri mükafatlandırılıb. Qızıl medala Keniya idmançısı Eliud Kipçoqe sahib olub. Efiopiyalı Feyisa Lilesa gümüş, ABŞ atleti Qalen Rupp isə bürünc medal qazanıb. Medalları mükafatçılara Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax və Beynəlxalq Atletika Federasiyasının prezidenti Sebastian Koe təqdim ediblər və Keniyanın dövlət himni səsləndirilib. BOK-un Atletlər Komissiyasının yeni seçilmiş üzvlərinin təqdimatından sonra böyük yarışların ayrılmaz hissəsi olan könüllülərin bir qismi səhnəyə dəvət olunub və mükafatlandırılıb. Olimpiya Oyunlarının vətəni sayılan Yunanıstanın dövlət bayrağının qaldırılması və dövlət himninin səsləndirilməsindən sonra BOK-un bayrağı endirilib. Olimpiya bayrağı 2020-ci ildə növbəti Olimpiadaya ev sahibliyi edəcək Tokio şəhərinin meri xanım Yuriko Koikoya təqdim olunub və Yaponiyanın dövlət himni səsləndirilib. “Rio-2016”nın Təşkilat Komitəsinin sədri Karlos Artur Nuzman və BOK-un prezidenti Tomas Bax Olimpiadanın yüksək dostluq şəraitində keçdiyini, Rionun yeni tarix yazdığını və yarışın uğurlu təşkil olunduğunu diqqətə çatdırıblar. Braziliyanın flora və faunasından bəhs edən hissə başa çatdıqdan sonra Olimpiya məşəli söndürülüb və tədbir karnavalla davam edib. Azərbaycan yığma komandası XXXI Yay Olimpiya Oyunlarına əvvəlki olimpiadalarla müqayisədə daha geniş tərkibdə – idmanın 18 növü üzrə 56 idmançı (57 lisenziya) ilə qatılıb. Bu, ötən Olimpiya Oyunları ilə müqayisədə 4 idman növü çoxdur. Bir sözlə, XXXI Yay Olimpiya Oyunları Azərbaycan olimpiya yığması üçün uğurlu olub.xeber100.com

Avqust 22, 2016 10:42

Şahmat Olimpiadasında iştirak üçün 176 ölkə qeydiyyatdan keçib

Bakı möhtəşəm şahmat yarışına hazırlaşır. Avqustun 25-dən etibarən iştirakçı komandalar Bakıya gəlməyə başlayacaq. Sentyabrın 1-dən 13-dək Bakıda keçiriləcək Ümumdünya Şahmat Olimpiadasında iştirak üçün 182 komanda, 176 ölkə qeydiyyatdan keçib. Ölkələrin təmsilçiliyinə görə, bu, tarixdə ən yüksək göstəricidir. Azərtac xəbər verir ki, bu sözləri Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov bildirib. Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi yarışa hazırlıqla yanaşı, bir sıra paralel tədbirlərin də təşkilini nəzərdə tutduğunu bildirən M.Məmmədov deyib: “Mədəniyyət və Turizm Nazirliyinin balansında olan turistik avtobuslardan ikisini brendləşdirərək şahmat avtobusu kimi şəhər sakinlərinin və qonaqların istifadəsinə vermişik. Turlarda iştirak edənlər avtobusda quraşdırılmış şahmat lövhələrindən istifadə edərək bu növdə özlərini sınaya bilərlər. Sentyabrın 1-dək komandaların hamısı paytaxtımızda olacaq. 3100-dən artıq idmançı, hakim, jurnalist, konqres iştirakçıları qeydiyyatdan keçib. Onlardan 2 min 245-i artıq viza alıb. Qalanları isə vizalarını aeroportda alacaq. Bu proses heç bir qələbəlik və problem yaratmayacaq. Otellərimiz və yarış zalımız olimpiadaya tam hazırdır”. Bakı Şahmat Olimpiadasının açılış mərasimi sentyabrın 1-də saat 19:00-da Milli Gimnastika Arenasında keçiriləcək.xeber100.com

Avqust 22, 2016 10:37

“Rio-2016”nın 15-ci günündə…

“Rio-2016” XXXI Yay Olimpiya Oyunlarının on beşinci günündə Olimpiya yığmamızın üzvləri idmanın taekvondo, gimnastika və güləş növlərində yarışıblar. Azərtac xəbər verir ki, Azərbaycan idmançıları ötən yarış günündə bir qızıl və bir bürünc medal qazanıblar. Əvvəlcə “Rio-2016” Yay Olimpiya Oyunlarında taekvandoçuların mübarizəsinə yekun vurulub. Səksən kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan dünya və Avropa çempionumuz Radik İsayev Qazaxıstan idmançısı Ruslan Japarovu, Pekin Olimpiadasının qalibi Donqmin Çanı (Cənubi Koreya), Böyük Britaniya təmsilçisi Mahama Çonu mübarizədən kənarlaşdıraraq finala yüksəlib. Həlledici görüşdə dünya və Avropa çempionumuz Radik İsayev rəqibi Niger idmançısı Abdulrazzak İssufdan üstün olaraq XXXI Yay Olimpiya Oyunlarının çempionu olub. Sərbəst güləşçisimiz - 86 kiloqram çəki dərəcəsində çıxış edən Olimpiya çempionumuz Şərif Şərifov “Rio-2016”da ilk görüşündə Çin idmançısı Bi Şenqfenq ilə qarşılaşıb. Rəqibini məğlub edən Şərif Şərifov dörddəbir finala yüksəlib. Güləşçimizin dörddəbir finalda Polşa idmançısı Zbiqnev Baranovskiyə qalib gələrək yarımfinalda iştirak etmək hüququ qazanıb. Ş.Şərifov bu mərhələdə Rusiya idmançısı, ikiqat dünya çempionu Abdulrəşid Sadullayevə məğlub olaraq bürünc medal uğrunda mübarizə aparıb. Olimpiya çempionumuz son görüşündə venesuela idmançısı Pedro Seballos üzərində inamlı qələbə qazanaraq “Rio-2016”nı bürünc medalla başa vurub. Azərbaycan gimnastı, Avropa Oyunlarının gümüş medalçısı Marina Durunda Olimpiadada fərdi çoxnövçülük üzrə final yarışlarında medallar uğrunda mübarizə aparıb. M.Durunda “Rio-2016” Olimpiya Oyunlarında bədii gimnastika yarışlarının final mərhələsində dörd hərəkətin yekununda hakimlərdən 69.748 xal alaraq doqquzuncu yerlə kifayətlənməli olub. Dünya çempionatının gümüş medalçısı Cəmaləddin Məhəmmədovun (125 kq) səkkizdəbir finalda ABŞ idmançısı Tervel Dlaqnevlə görüşü rəqibin üstünlüyü ilə başa çatıb və güləşçimiz mübarizəni erkən dayandırıb. Hazırda Azərbaycan Olimpiya yığmasının hesabında 15 medal var. Onların biri qızıl, dördü gümüş, onu isə bürünc medaldır.xeber100.com

Avqust 21, 2016 6:47

“Rio-2016”nın 14-cü günündə…

“Rio-2016” XXXI Yay Olimpiya Oyunlarının on dördüncü günündə - avqustun 19-da Olimpiya yığmamızın üzvləri idmanın dörd növü – gimnastika, güləş, taekvondo və boks növlərində yarışıblar. Azərtac xəbər verir ki, Azərbaycan idmançıları ötən yarış günündə daha 3 bürünc medal qazanıblar. Sərbəst güləşçimiz - 57 kiloqram çəki dərəcəsində çıxış edən Hacı Əliyev bürünc medal uğrunda görüşdə Bolqarıstan təmsilçisi Vladimir Dubov ilə qarşılaşıb. Rəqibini təmiz qələbə ilə məğlub edən ikiqat dünya çempionumuz Olimpiya millimizə daha bir bürünc medal qazandırıb. Yarışda 74 kiloqram çəki dərəcəsində çıxış edən digər güləşçimiz eyni uğuru təkrarlayıb. İkiqat Avropa çempionu Cəbrayıl Həsənov bürünc medal uğrunda keçirilən görüşdə özbəkistanlı Bekzod Abduraxmanova qalib gələrək “Rio-2016”nın mükafatçıları sırasında yer alıb. Azərbaycan taekvondoçusu, dünya kubokunun sahibi, “Bakı-2015”in qalibi və son Avropa çempionu Milad Beigi Harçeqani də qələbə sevinci yaşayıb. Polşalı Pyotr Pazinski üzərində inamlı (12:0) qələbə qazanan taekvondoçumuz “Rio-2016”nın bürünc medalına sahib olub. Avqustun 19-da “Rio-2016” Olimpiya Oyunlarında bədii gimnastika yarışlarına start verilib. Çoxnövçülükdə mübarizəyə qoşulan Azərbaycan gimnastı Marina Durunda 26 idmançı arasında ilk səkkizliyə daxil olaraq finalda iştirak etmək hüququ qazanıb. Həlledici mərhələnin yarışları avqustun 20-də saat 22:20-də başlanacaq. Boks yarışlarında həlledici döyüşlər davam edib. Azərbaycan yığmasının üzvü Lorenzo Sotomayor (64 kiloqram) yarımfinalda erməni əsilli Almaniya boksçusu Artyom Harutyunyanla döyüşüb. “Bakı-2015” birinci Avropa Oyunlarının qalibi L.Sotomayor rəqibini hər üç raundda məğlub edib. Bununla da Azərbaycanın boks tarixində yeni səhifə açılıb. Çünki indiyədək Azərbaycanın heç bir boksçusu Olimpiya Oyunlarının finalına adlaya bilməmişdi. Avqustun 21-də final döyüşünə çıxacaq idmançımızın rəqibi Fazliddin Qaibnazarov (Özbəkistan) olacaq. Hazırda Azərbaycan Olimpiya yığmasının hesabında 13 medal var. Onların 4-ü gümüş, 9-u bürünc medaldır.xeber100.com

Avqust 20, 2016 6:04

XXXI Yay Olimpiya Oyunlarında 22 medal uğrunda mübarizə…

Rio-de-Janeyroda təşkil olunan XXXI Yay Olimpiya Oyunlarının on dördüncü günündə - avqustun 19-da idmançılar 22 dəst medal uğrunda yarışacaqlar. Azərtac xəbər verir ki, kişilər arasında 8, qadınların mübarizəsində isə 13 dəst medal sahibini tapacaq. Kişilərin mübarizəsində atletika (50 kilometr məsafəyə idman qaçışı, çəkicatma, 100 metr məsafəyə estafet yarışı), badminton (cütlük), velosiped idmanı (BMX), sərbəst güləş (57, 74 kq) və taekvondo (80 kq) yarışlarında qaliblər müəyyənləşəcək. Qadınlar arasında isə badminton (fərdi), sinxron üzgüçülük (komanda), atletika (20 kilometr məsafəyə idman qaçışı, şüvüllə tullanma, 5000 metr məsafəyə qaçış, 100 metr məsafəyə estafet yarışı), velosiped idmanı (BMX), boks (60 kq), otüstü xokkey, futbol, su polosu, müasir beşnövçülük və taekvondo (67 kq) üzrə yarışlarda medallar sahibini tapacaq. Həmçinin bu gün atçılığın konkur növü üzrə şəxsi yarışların qalibləri bilinəcək. Yarışın on dördüncü günündə 6 Azərbaycan idmançısı mübarizə aparacaq. Yarışda taekvondoçularımız Milad Beigi Harçeqani (80 kq), Fəridə Əzizova (67 kq), bədii gimnast Marina Durunda, sərbəst güləşçilər Hacı Əliyev (57 kq), Cəbrayıl Həsənov (74 kq), boksçumuz Lorenzo Sotomayor (64 kq) ölkəmizi təmsil edəcək.xeber100.com

Avqust 19, 2016 11:09

On iki günlük gərgin mübarizədən sonra…

Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında on iki günlük gərgin idman mübarizəsindən sonra 80 ölkənin atletləri medallara sahib ola biliblər. Azərtac xəbər verir ki, aktivində üç gümüş və altı bürünc medal olan yığma komandamız bu göstərici ilə 55-ci sırada qərarlaşıb. Cüdo yarışlarında Rüstəm Orucov (73 kq) və Elmar Qasımov (100 kq), qadın güləşində Mariya Stadnik (48 kq) Azərbaycana gümüş medal qazandırıblar. Yunan-Roma güləşi yarışlarında çıxış edən Sabah Şəriəti (130 kq) və Rəsul Çunayev (66 kq) bürünc medala sahib olublar. İnna Osipenko-Radomskaya isə bir nəfərlik kayak qayığı ilə 200 metr məsafəyə yürüşdə üçüncü olub. Taekvondoçumuz Patimat Abakarova (49 kq) isə fəxri kürsünün üçüncü pilləsində yer alıb. “Rio-2016”da boksçularımız Lorenzo Sotomayor (64 kq) və Kamran Şahsuvarlı (75 kq) yarımfinala vəsiqə qazanaraq ən az yarışın bürünc medalını təmin ediblər. Hazırda Olimpiadaya hesabında 30 qızıl, 32 gümüş və 31 bürünc medal olan ABŞ liderlik edir. Böyük Britaniya 19 qızıl, 19 gümüş, 12 bürünc medalla ikinci, Çin 19 qızıl, 15 gümüş və 20 bürünc medalla üçüncü pillədə qərarlaşıb. İlk onluğu Rusiya (12-14-15), Almaniya (12-8-9), Yaponiya (10-5-18), Fransa (8-11-12), İtaliya (8-9-6), Niderland (8-4-3) və Avstraliya (7-8-9) tamamlayır.

Avqust 18, 2016 3:59

XXXI Yay Olimpiya Oyunlarının on birinci günündə…

“Rio-2016” XXXI Yay Olimpiya Oyunlarının on birinci günündə - avqustun 16-da yığma komandamızın üç üzvü idmanın üç növü – avarçəkmə, güləş və boks üzrə yarışıb. Azərtac xəbər verir ki, günün proqramı üzrə Azərbaycan idmançısı İnna Osipenko-Radomskaya “Rio-2016” Yay Olimpiya Oyunlarında qadınlar arasında birnəfərlik kayak qayığı (K-1) ilə 200 metr məsafəyə yarışın final yürüşündə çıxış edib. 34 yaşlı Olimpiya və dünya çempionu ən güclü səkkiz idmançı arasında həlledici mərhələni 40.401 saniyə nəticə ilə tamamlayaraq bürünc medal qazanıb. Yunan-Roma güləşi yarışlarında Azərbaycanı təmsil edən Rəsul Çunayev (66 kq) bürünc medal uğrunda mübarizədə Koreya Respublikasından olan Hansu Ryu ilə qarşılaşıb. Görüşdə R.Çunayevin rəqibinə qalib gəlməsi üçün 2 dəqiqə 20 saniyə lazım olub. Qarşılaşmada 8:0 hesabı ilə qalib gələn R.Çunayev XXXI Yay Olimpiya Oyunlarının bürünc medalını qazanıb. Bu, “Rio-2016”da Azərbaycan yığma komandasının sayca beşinci medalı olub. Azərtac-ın arayışı: Rəsul Çunayev 1991-ci ildə Azərbaycanın Balakən şəhərində anadan olub. O, ötən il Las-Veqasda keçirilən dünya çempionatında birinci yeri tutaraq qızıl medal qazanıb. Atletimiz Avropa çempionatının qızıl və gümüş medalçısı olub. R.Çunayev, həmçinin 2015-ci ildə Bakıda keçirilən birinci Avropa Oyunlarının qızıl medalçısıdır. Birinci Avropa Oyunlarında qazandığı yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə o, Azərbaycan Prezidentinin Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilib. Yola saldığımız gün boks yarışlarında çıxış edən Azərbaycan təmsilçisi Lorenzo Kollazo Sotomayor (64 kq) üçün də uğurlu olub. Boksçumuz dörddəbir finalda “London-2012” Olimpiya Oyunlarının bürünc mükafatçısı kubalı Yasnier Toledo ilə qarşılaşıb. Gərgin keçən qarşılaşmanın hər üç raundunda rəqibinə qalib gələn L.Sotomayor Olimpiadanın yarımfinalına vəsiqə qazanıb. Boksçumuz yarımfinalda Almaniya yığmasının heyətində çıxış edən erməni əsilli Artem Harutyunyan ilə qarşılaşacaq. Həmin görüş avqustun 19-da Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Bununla da Azərbaycan Olimpiya yığmasının hesabındakı medalların sayı yeddiyə çatıb. Bunlardan ikisi gümüş, üçü bürüncdür. Cüdoçularımız Rüstəm Orucovla (73 kq) Elmar Qasımov (90 kq) gümüş, yunan-Roma güləşçilərimiz Rəsul Çunayev (66 kq), Sabah Şəriəti (130 kq) və avarçəkənimiz İnna Osipenko-Radomskaya bürünc medal qazanıblar. İstənilən halda, boksçularımız L.Sotomayor (64 kq) və K.Şahsuvarlının (75 kq) yarımfinal döyüşlərinin nəticəsindən asılı olmayaraq, onlar da millimizin adına ən azı iki bürünc medal təmin ediblər.xeber100.com

Avqust 17, 2016 4:05