24 medal uğrunda gərgin mübarizə…

Rio-de-Janeyroda təşkil olunan XXXI Yay Olimpiya Oyunlarının on birinci günündə - avqustun 16-da idmançılar 24 dəst medal uğrunda yarışacaqlar. Azərtac xəbər verir ki, kişilər arasında 14, qadınların mübarizəsində isə 9 dəst medal sahibini tapacaq. Kişilərin mübarizəsində üzgüçülük (açıq suda 10 kilometr məsafəyə), avarçəkmə (bir nəfərlik kayak qayığı ilə 1000 metr məsafəyə yürüş), atletika (üç təkanla tullanma, hündürlüyə tullanma, 110 metr məsafəyə maneələrlə qaçış), yelkənli qayıq idmanı (finn), idman gimnastikası (paralel qollar, turnik hərəkətləri), suya tullanma (3 metr hündürlükdən tullanma), yunan-Roma güləşi (66, 98 kq), velosiped idmanı (keyrin), ağır atletika (105 kq-dan yuxarı) və boks (60 kq) yarışlarında qaliblər müəyyənləşəcək. Qadınlar arasında isə avarçəkmə (bir nəfərlik kayak qayığı ilə 200 metr məsafəyə, iki nəfərlik kayak qayığı ilə 500 metr məsafəyə), atletika (diskatma, 1500 metr məsafəyə qaçış), sinxron üzgüçülük (duet), idman gimnastikası (sərbəst hərəkətlər), velosiped idmanı (omnium 25 kilometrə, sprint) və stolüstü tennis (komanda) üzrə yarışlarda medallar sahibini tapacaq. Həmçinin bu gün yelkən qayıq idmanında “Nakra 17” növü üzrə qarışıq yarışların qalibləri bilinəcək. Yarışın on birinci günündə 3 Azərbaycan idmançısı mübarizə aparacaq. Kişilərin yarışında boksçumuz Lorenzo Sotomayor (64 kq), yunan-Roma güləşçilərimiz Rəsul Çunayev (66 kq), qadınların bir nəfərlik kayak qayığı ilə 200 metr məsafəyə yürüşündə isə İnna Osipenko-Radomskaya ölkəmizi təmsil edəcək.xeber100.com

Avqust 16, 2016 1:38

“Telekom” Türkiyədə beynəlxalq “Boğaziçi” turnirinə qatılacaq

Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək “Telekom” Türkiyədə beynəlxalq “Boğaziçi” turnirinə qatılacaq. Apasport.az saytının məlumatına görə, yarışda heyəti gənc və perspektivli voleybolçulardan qurulan Bakı təmsilçisi ilə yanaşı, daha 5 klub yeni mövsüm üçün oyunçularını sınaqdan keçirəcək. Belə ki, qonşu ölkədə yerli komandalardan “Əczaçıbaşı”, “Beşiktaş”, “Çanakkale Bələdiyyəsi”, “Halkbank” və “Sarıyer Bələdiyyəsi” Super Liqanın gümüş medalçısının rəqibləri olacaq. Bu klublardan birincisini xüsusi vurğulamaq yerinə düşər. Çünki Türkiyədə daima tarix yazmaqla, uğurlarını sıralayırlar. “Əczaçıbaşı” 11 dəfə ölkə çempionu olmaqla yanaşı, 8 dəfə Türkiyə kubokunu, 2 dəfə Superkubokunu qazanıb. Həmçinin klublararası dünya çempionatının, Çempionlar Liqasının, CEV kubokun qalibidi. Artıq yarışın püşkü atılıb və təqvimi də məlumdu. A qrupunda yer alan “Telekom” “Sarıyer Bələdiyyəsi” və “Beşiktaş”la münasibətinə aydınlıq gətirəcək. Sentyabrın 28-də başlayacaq yarışda ilk 2 yerin sahibləri yarımfinala yüksələcək. Qalibin adına oktyabrın 2-də aydınlıq gələcək. Klubdan saytımıza verilən məlumata görə, İstanbula yollanmaqda məqsəd hər bir gənc voleybolçunun son durumunu diqqətdən keçirmək və onların oyun təcrübəsini artırmağa hesablanıb.xeber100.com  

Avqust 15, 2016 10:49

Türkiyə Super Kuboku uğrunda mübarizə…

Futbol üzrə Türkiyə Super Kuboku uğrunda İstanbulun iki komandası qarşılaşıb. Türkiyə mətbuatının verdiyi xəbərə görə, futbol üzrə ölkə çempionatının hazırki qalibi “Beşiktaş” ilə Türkiyə Kubokunun sonuncu sahibi “Qalatasaray” üz-üzə gəlib. Gərgin keçən oyunun əsas vaxtında hesab açılmayıb. Qalibi müəyyənləşdirmək üçün əlavə hissə oynanılıb. Əlavə vaxtda komandaların hər biri qapılarında bir qol görüblər. Lakin hər iki qol “Qalatasaray” futbolçularının aktivinə yazılıb. Belə ki, matçın 100-cü dəqiqəsində “Qalatasaray” hesabda irəli çıxıb. Sneyderin sağ cinahdan yerinə yetirdiyi cərimə zərbəsindən sonra Hakan Balta başla dəqiq oynayaraq topu qapıya göndərib - 1:0. Lakin “Beşiktaş” futbolçuları 107-ci dəqiqədə oyunda tarazlığı bərpa ediblər. Olcay Şahanın sağ cinahdan rəqib komandanın cərimə meydançasına ötürməsindən sonra Quareşmanın başla vurduğu top Çedjouya toxunaraq qapıdan keçib – 1:1. Qalan dəqiqələrdə hesab dəyişməyib. Qalibi müəyyən etmək üçün qapılara 11 metrlik cərimə zərbələri seriyası təyin olunub. Bu mərhələdə daha dəqiq oynayan “Qalatasaray” komandası 3:0 hesabı ilə qalib gələrək Türkiyə Super Kubokuna sahib olub. Beləliklə 16-cı dəfə Super Kuboku qazanan “Qalatasaray” bu göstərici üzrə ölkə futbolunda rekord nəticəyə nail olub.xeber100.com

Avqust 14, 2016 7:19