“Rio-2016”nın səkkizinci günündə…

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında bu gün Azərbaycanın üç təmsilçisi mübarizə aparacaq. Azərtac xəbər verir ki, əvvəlcə güllə atıcısı Ruslan Lunyov silahını hədəfə tuşlayacaq. O, 25 metr məsafədən sürətli atəşaçma üzrə ikinci təsnifat mərhələsində qüvvəsini sınayacaq. Bakı vaxtı ilə saat 16:00-da başlayacaq yarışı uğurla tamamlayacağı halda, R.Lunyov saat 19:30-da final mərhələsinə də qatılacaq. İyirmi səkkiz yaşlı atıcı ötən gün keçirilmiş ilkin mərhələdə 288 xalla 14-cü yeri tutub. Saat 19:00-dan etibarən qadın velosipedçimiz Olqa İsmayılova keyrin növündə ilkin mərhələ yürüşündə çıxış edəcək. Onun rəqibləri Lisandra Querra Rodriges (Kuba), Sandi Kler (Fransa), Şennon Makkörli (İrlandiya), Simona Krupekkayte (Litva), Elis Liqtli (Hollandiya) və Lyubov Basova (Ukrayna) olacaq. Ümumilikdə 27 iştirakçı üçündə yeddi, birində isə altı idmançı olmaqla dörd qrupa bölünəcək. Hər qrupda finiş xəttini ilk olaraq keçən iki velosipedçi (8 idmançı) yarımfinalda iştirak hüququ əldə edəcək. Uduzanlar isə (19 velosipedçi) yenidən dörd qrupa bölünəcək və təsəlliverici yürüşdə mübarizə aparacaqlar. Bu dəfə yalnız hər qrupun qalibi (4 nəfər) yarımfinalın səkkiz iştirakçısına qoşulacaq. Yarımfinal mərhələsində iştirak hüququ əldə edən on iki velosipedçi hər birində altı idmançı olmaqla iki qrupa bölünəcək. Hər yarımfinal yürüşündə ilk üç yeri tutmuş velosipedçi əsas finala vəsiqə qazanmaqla mükafatlar uğrunda mübarizə aparmaq şansı əldə edəcək, uduzanlar isə 7-12-ci yerlər uğrunda yarışacaqlar. İkinci mərhələ saat 23:22-də, final yürüşü isə 00:27-də başlayacaq. Gecə saat 02:45-də isə boksçu Məhəmmədrəsul Məcidov 91 kiloqramdan yuxarı çəki dərəcəsində qazaxıstanlı İvan Dıçko ilə səkkizdəbir final döyüşünə çıxacaq.xeber100.com

Avqust 13, 2016 6:13

XXXI Yay Olimpiya Oyunlarının altıncı günündə…

XXXI Yay Olimpiya Oyunlarının altıncı günündə - avqustun 11-də Azərbaycanın altı atleti idmanın üç növü üzrə mübarizə aparıb. Azərtac xəbər verir ki, əvvəlcə 100 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçumuz Elmar Qasımov tatami üzərinə çıxıb. E.Qasımov 1/16 finalda rusiyalı Avropa, dünya və Olimpiya çempionu Tahir Xaybulayevdən üstün olub. Səkkizdəbir finalda Lyes Bouyakoubu (Əlcəzair) mübarizədən kənarlaşdıran E.Qasımov dörddəbir finalda Afrika çempionatının qalibi misirli Ramadan Dərvişi məğlub edərək yarımfinala vəsiqə qazanıb. Azərbaycan idmançısı bu mərhələdə ukraynalı Artem Bloşenkoya qalib gələrək finala yüksəlib. Finalda 2014-cü ilin dünya və Avropa çempionu çexiyalı Lukas Krpalekə uduzaraq XXXI Yay Olimpiya Oyunlarını gümüş medalla başa vurub. Akademik avarçəkənlərimiz növbəti sınağa çıxıblar. Aleksandr Aleksandrov - Boris Yotov tandemi ikinəfərlik qoşa avarlı qayıqla 2000 metr məsafəyə “B” finalı (7-12-ci yerlər) yürüşünə qatılıb. Onların rəqibləri serbiyalı Marko Maryanoviç - Andriya Slyukiç, almaniyalı Marsel Hakker - Ştefan Krüger, yeni zelandiyalı Robert Menson - Kristofer Harris, avstraliyalı Devid Uotts - Kristofer Morqan və bolqarıstanlı Georgi Bojilov - Kristian Vasilev cütlükləri olublar. Azərbaycan dueti yarışı 12-ci pillədə başa vurub. Mötəbər yarışın altıncı günündə Azərbaycanın dörd boksçusu rinqə çıxıb. İlk döyüşdə dünya çempionu Cavid Çələbiyev (56 kq) 1/16 finalda qazaxıstanlı rəqibi Kayrat Yeraliyevlə üz-üzə gəlib. Görüş qazaxıstanlı boksçunun qələbəsi ilə başa çatıb. Digər təmsilçimiz Lorenso Sotomayor (64 kq) 1/16 finalda ukraynalı Vladimir Matviyçukdan üstün olub. Boksçumuzun növbəti mərhələdəki rəqibi Hassan Amzil (Fransa) olacaq. Pərviz Bağırov (69 kq) səkkizdəbir final görüşündə fransalı Süleyman Diop Sissokoya məğlub olaraq mötəbər yarışda mübarizəni dayandırıb. Azərbaycan yığmasının bayraqdarı Teymur Məmmədov (81 kq) Olimpiya Oyunlarında ikinci qələbəsini qazanıb. Səkkizdəbir finalda hollandiyalı Peter Müllenberqi məğlub edən T.Məmmədov növbəti mərhələdə qazaxıstanlı Adilbek Niyazimbetov ilə qarşılaşacaq.xeber100.com

Avqust 12, 2016 4:05

Rio-2016-da yeni rekord müəyyənləşib

Apasport.az saytının məlumatına görə, çinli ağırlıqqaldıran Denq Vey Braziliyadakı Olimpiya Oyunlarında iki dünya rekordu qıran ilk idmançı olub. 63 kq çəki dərəcəsində çıxış edən xanım atlet həm təkanla qaldırma, həm də yekun nəticədə dünya rekordu müəyyənləşdirib. Onadək ikinci hərəkətdə 147 kq qaldıran idmançı olmamışdı ki, asiyalının yekunda topladığı 262 kq nəticəsi də planetin ən yüksək göstəricisidi. Ümumilikdə isə Rio-2016-dakı dünya rekordlarının sayı 9-a çatıb. Bunlardan 5-i üzgüçülük, 3-ü ağırlıqqaldırma, 1-i isə kamandan oxatmada qeydə alınıb. İndiyədək 7 ölkə təmsilçisi Rioda dünya rekordu ilə fərqlənib ki, yalnız çinlilərin hesabında 3 belə nailiyyət var. Digər 6 ölkə idmançıları isə 1 rekord müəllifidi. Qeyd edək ki, 9 dünya rekordundan 6-sı qadın, 3-ü kişilərin hesabındadı. Rio-2016-da dünya rekordları 5 avqust Kamandan oxatma, kişilər Vujin Kim (Cənubi Koreya) – 700 6 avqust Üzgüçülük, qadınlar, 400 m, kompleks Katinka Hosszu (Macarıstan) – 4.26,36 7 avqust Üzgüçülük, qadınlar, 4x100 m, sərbəst üsulla Avstraliya – 3.30,65 Ağırlıqqaldırma Kişilər, 56 kq Qinqquan Lonq (Çin) – 307 kq Üzgüçülük, qadınlar, 100 m, batterflyay Sara Syostrom (İsveç) – 55,48 Üzgüçülük, kişilər, 100 m, brass Adam Peti (Böyük Britaniya) – 57,13 Üzgüçülük, qadınlar, 400 m, sərbəst üsul Katelin Ledeki (ABŞ) – 3.56,46 9 avqust Ağırlıqqaldırma, qadınlar, 63 kq, yekun Denq Vey (Çin) – 262 kq Ağırlıqqaldırma, qadınlar, 63 kq, təkanla qaldırma Denq Vey (Çin) – 147 kq

Avqust 10, 2016 2:03

XXXI Yay Olimpiya Oyunlarının beşinci günündə…

XXXI Yay Olimpiya Oyunlarının beşinci günündə - avqustun 10-da Azərbaycanın 6 atleti mübarizə aparacaq. Atletlərimiz idmanın beş növü – boks, kanoe, üzgüçülük, cüdo və idman gimnastikası üzrə yarışacaqlar. Azərtac xəbər verir ki, ilk olaraq mübarizəyə cüdoçumuz Məmmədəli Mehdiyev (90 kq) başlayacaq. İdmançımızın ilk rəqibi rusiyalı Kirill Denisov olacaq. Görüş Bakı vaxtı ilə 18:56-da başlayacaq. Kanoe-slalom yarışlarına isə saat 21:30-da start veriləcək. Finala vəsiqə uğrunda yarışda idmançımız Yuri Meqliç 14 rəqibinə qarşı mübarizə aparacaq. Mötəbər yarışda 91 kiloqram çəki dərəcəsində mübarizə aparan boksçumuz Abdulqadir Abdullayev ikinci görüşünə çıxacaq. İlk görüşündə fransalı idmançı Paul Omba Bionqolonu yarışdan kənarlaşdıran boksçumuz dörddəbir finalda özbəkistanlı Rustam Tulqanovdan üstün olmağa çalışacaq. Boksçumuzun görüşü saat 21:45-də başlayacaq. İdman gimnastımız Oleq Stepko da bu gün mübarizə aparacaq. Təsnifat mərhələsində 6 hərəkətin cəmində 86.208 xal toplayaraq finala yüksələn gimnastımız medallar uğrunda yarışacaq. Üzgüçülərimiz də starta hazırdırlar. Belə ki, Fatimə Alkərəmova 100 metr məsafəyə sərbəst, Boris Kirillov isə 200 metr məsafəyə arxasıüstə üzgüçülük yarışlarında qüvvəsini sınayacaq. Qadınların yarışına saat 21:17-də, kişilərin mübarizəsinə isə saat 21:40-da start veriləcək.xeber100.com

Avqust 10, 2016 10:59