Avropa Liqasında II təsnifat mərhələsinin cavab oyunu keçiriləcək

Bu gün “Qəbələ” və “Neftçi” futbol klubları Avropa Liqasında II təsnifat mərhələsinin cavab oyununu keçirəcəklər. Azərtac xəbər verir ki, Roman Qriqorçukun komandası Macarıstanın MTK klubu ilə ev matçına çıxacaq. Səfərdə 2:1 hesabı ilə üstünlük qazanan “Qəbələ”nin mərhələ keçmək şansı yüksəkdir. Hər halda, “Qəbələ” evdə istənilən heç-heçə etsə, hətta 0:1 hesabı ilə uduzsa belə, cütün qalibi olacaq. “Qəbələ” ardıcıl ikinci mövsüm üçüncü təsnifat mərhələsinə doğru irəliləyir. Komanda ötən il ikinci təsnifat mərhələsində Serbiyanın “Çukariçki” klubunu mübarizədən kənarlaşdırmışdı. 8-ci kilometr stadionunda oynanılacaq matç saat 21:00-da başlayacaq. Oyun türkiyəli hakimlər briqadasına həvalə edilib. Baş hakim Mete Kalkavanın idarə edəcəyi görüşün yan xətt hakimləri Ceyun Sesigüzel, Esat Sancaktar və dördüncü hakimi isə Serkan Çinardır. Qarşılaşmanın hakim-inspektoru Vasili Melniçuk (Ukrayna), UEFA nümayəndəsi isə Markku Lehtola (Finlandiya) olacaq. Digər təmsilçimiz “Neftçi” komandası Avropa Liqasının II təsnifat mərhələsində Makedoniyada “Şkendiya” klubuna qarşı cavab matçına çıxacaq. Vəli Qasımovun yetirmələri çətin səfər sınağı qarşısındadır. Makedoniyanın “Şkendiya” klubu ilə evdə qolsuz bərabərliyə qalan paytaxt klubu mərhələ keçmək üçün Skopyedə ya qalib gəlməli, ya da ən azından istənilən qollu heç-heçə ilə ayrılmalıdır. Skopyedə “Filipp II” Arenasında keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Matçın baş hakimi belçikalı Erik Lambrexts olacaq. Ona həmyerliləri Karel De Rokker və Jo De Veyrdt kömək edəcəklər. Qarşılaşmanın dördüncü hakimi Frederik Geldhof, hakim-inspektoru Nikolae Qriqoresku (Rumıniya) və UEFA nümayəndəsi isə Krouford Uilson (Şimali İrlandiya) olacaq.xeber100.com

İyul 21, 2016 4:09

Çempionlar Liqasında ikinci təsnifat mərhələsinin cavab görüşlərinə start veriləcək

Bu gün Çempionlar Liqasında ikinci təsnifat mərhələsinin cavab görüşlərinə start veriləcək. Azərtac xəbər verir ki, ilk oyun günündə 18 ölkənin çempionu növbəti mərhələyə 9 vəsiqənin sahibini müəyyənləşdirəcək. İlk qarşılaşmada böyük hesablı qələbə qazanan “Kopenhagen”, həmçinin inamlı üstünlük əldə edən Tbilisi “Dinamo”su, BATE və “Ludoqorets” ümumi hesabda üstünlüyünü əldən verməməyə çalışacaq. Moldova və Latviyada meydan sahibləri minimal fərqli yenilginin əvəzini çıxmağa çalışsa da, Serbiya çempionu səfər qələbəsinin təsadüf olmadığını göstərməlidir. Günün iki görüşündə isə ötən həftə qalibi müəyyənləşdirə bilməyən komandalar üz-üzə gələcəklər. Bu gün “Şerif” (Moldova) - “Hapoel” (Beyer-Şeva, İsrail, ilk oyun – 2:3), “Alaşkert” (Ermənistan) - “Dinamo” (Tiflis, Gürcüstan - 0:2), “Liepaya” (Latviya) - “Zalsburq” (Avstriya - 0:1), APOEL (Kipr) - TNS (Uels - 0:0), SJK (Finlandiya) - BATE (Belarus - 0:2), “Kopenhagen” (Danimarka) - “Kruzaders” (Şimali İrlandiya - 3:0), “Srvena Zvezda” (Serbiya) - “Valletta” (Malta - 2:1), Legiya” (Polşa) - “Zrinski” (Bosniya və Herseqovina - 1:1), “Mladost” (Monteneqro) - “Ludoqorets” (Bolqarıstan - 0:2) görüşləri oynanılacaq. Qeyd edək ki, Azərbaycan çempionu “Qarabağ” Lüksemburqun “Düdelanj” komandası ilə sabah görüşəcək.

İyul 19, 2016 2:14