“Kapital Bank” yeni “Birbank” təqaüd proqramı elan edir

Təhsil layihələrinin və gənclərin inkişafına böyük önəm verən “Kapital Bank” tələbələr üçün yeni “Birbank” təqaüd proqramı elan edir. Proqram çərçivəsində aylıq təqaüd almaqla yanaşı tələbələr, “Kapital Bank”da təcrübə keçmək, təlimlərə qatılmaq şansı əldə edəcəklər. Təqaüd proqramına qoşulmaq üçün tələbələr bu meyarlara uyğun olmalıdırlar: 2023-cü ildə 2-ci kursu bitirərək 3-cü kurs keçən; iqtisadi və biznes, İT, riyazi və kompüter elmləri, sosial və humanitar sahələr üzrə təhsil alan; universitetə qəbul balı 550 və daha yuxarı olan və universitetdə təhsil göstəriciləri ortalama 81 bal və daha yuxarı olan. Seçim prosesi bir neçə mərhələdə təşkil ediləcək və onlayn müraciət, qiymətləndirmə və imtahan, müsahibə mərhələlərindən ibarət olacaqdır. Bütün mərhələlərdən uğurla keçən və seçilən tələbələr “Birbank təqaüdçüsü” adını qazanacaqlar. Qeyd edək ki, “Kapital Bank” daim təhsil layihələrinə diqqət ayırır. Beynəlxalq Təhsil Sərgisi, Respublika Fənn Olimpiadası, Azərbaycan üçün öyrət, Təhsil Avtobusu, Sabah qrupları ilə layihələrdə iştirak, o cümlədən UNEC, ADNSU, Bakı Mühəndislik Universiteti, ADA Universiteti və digər qurumlarla əməkdaşlıq buna əyani sübutdur. Yaxın gələcəkdə təhsillə bağlı yeni layihələrin keçirilməsi planlaşdırılır.xeber100.com

İyul 19, 2023 11:33

“Banklar haqqında” Qanuna təklif edilən dəyişikliklər üçüncü oxunuşda təsdiqlənib

Milli Məclisdə “Banklar haqqında” Qanuna təklif edilən dəyişikliklər üçüncü oxunuşda təsdiqlənib. Bununla bağlı məsələ Milli Məclisin iyulun 6-da keçirilən iclasının gündəliyində birinci oxunuşda müzakirəyə çıxarılıb. Layihəyə əsasən, bu sahədə səlahiyyətli qurum Mərkəzi Bank olacaq. Beləliklə, bank lisenziyası və icazə alınması üçün bankın təsisçiləri və ya qanunvericiliyə müvafiq qaydada vəkil edilmiş şəxslər Mərəzi Banka yazılı şəkildə müraciət edəcəklər. Müraciətin forması və məzmunu, ona əlavə edilən sənədlər Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyən edilmiş tələblərə cavab verməlidir. Qüvvədə olan qanuna görə, bank lisenziyası və icazə alınması üçün müraciətə baxarkən maliyyə bazarlarına nəzarət orqanı bankın kapitalında mühüm iştirak paylarının sahiblərinin (hüquqi şəxs olduqda onların icra orqanlarının rəhbərlərinin) və inzibatçıların maliyyə vəziyyəti, peşəkar fəaliyyəti və keçmişdə cinayət məsuliyyətinə cəlb olunub-olunmadıqları haqqında maliyyə, vergi və hüquq mühafizə orqanlarından məlumat ala bilər. Bu tələb sonradan bankda mühüm iştirak payını əldə etmək istəyən şəxslərə (hüquqi şəxs olduqda onların icra orqanlarının rəhbərlərinə), yeni təyin olunan inzibatçılara və bankın törəmə strukturuna çevrilən hüquqi şəxsin icra orqanlarının rəhbərlərinə də şamil edilir. Bu məqsədlə maliyyə, vergi və hüquq mühafizə orqanları maliyyə bazarlarına nəzarət orqanına onun tələb edə biləcəyi məlumatı verir.xeber100.com  

İyul 6, 2023 3:29

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının 43-cü sessiyası işə başlayıb

İtaliyanın paytaxtı Roma şəhərində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 43-cü sessiyası işə başlayıb. İyulun 7-dək davam edəcək sessiyada Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov da iştirak edir. Sessiya iştirakçıları planetin su ehtiyatlarından səmərəli istifadə, su ehtiyatlarının inteqrasiya olunmuş effektiv idarəçiliyi, atmosfer yağıntılarının azalması və regionlar üzrə qeyri-bərabər paylanması, quraqlıq, daşqın, sel və subasmaların aqrar sektora mənfi təsirinin minimuma endirilməsi və digər mövzuları müzakirə edəcəklər. Azərbaycan nümayəndə heyəti sessiya çərçivəsində bir sıra ölkələrin kənd təsərrüfatı nazirləri ilə ikitərəfli görüşlər keçirib. Nazir Məcnun Məmmədov Estoniya, Şimali Makedoniya, Özbəkistan və Moldovadan olan həmkarları ilə ölkələrimiz arasında aqrar sahədə ikitərəfli əməkdaşlıq münasibətlərinin genişləndirilməsi, kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsinin artırılması, əməkdaşlığın hüquqi-normativ bazasının təkmilləşdirilməsi, aqrar tədqiqatlar və texnologiyalar sahəsində təcrübə mübadiləsi və sair qarşılıqlı maraq kəsb edən mövzular ətrafında müzakirələr aparıb. Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədovun FAO-nun 43-cü sessiyasında su resurslarından səmərəli istifadə mövzusunda dəyirmi masada çıxışı nəzərdə tutulur.xeber100.com  

İyul 3, 2023 1:50