“Trans-Adriatik” boru kəmərinin inşası çərçivəsində

Azərbaycan təbii qazını Avropaya çatdıracaq “Trans-Adriatik” (TAP) boru kəmərinin inşası çərçivəsində Yunanıstan və Albaniya marşrutunun 85 faizdən çoxunda torpaq örtüyü tamamilə əvvəlki vəziyyətinə gətirilib.Azərtac xəbər verir ki, bu barədə boru kəmərinin operatoru olan TAP AG şirkəti məlumat yayıb. Bildirilir ki, boru kəmərinin 765 kilometrlik Yunanıstan və Albaniya hissəsinin 650 kilometrində torpaq örtüyü tamamilə bərpa olunub.Qeyd edək ki, TAP layihəsi üzrə işlərin - mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla təxminən 82 faizi icra olunub. Ötən ay Albaniyada TAP-ın 105 kilometrlik dəniz hissəsi üzrə mikrotunel üçün qazma işləri və boruların qaynağı üçün hazırlıqlara başlanıb. Boru kəmərinin bu hissəsinin inşası TAP-ın qrafikinə əsasən 2019-cu ildə həyata keçiriləcək. 36 düymlük xəttin inşasında təxminən 9 min boru istifadə olunacaq.TAP-ın ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olan ilkin layihəsi üzrə biri Kipoidə (Yunanıstan), digəri isə Fierdə (Albaniya) olmaqla ümumilikdə 2 kompressor stansiyasının inşası üzrə işlər qrafikə uyğun davam edir. Kipoidəki kompressor stansiyasında ümumi tikinti işlərinin 60 faizdən çoxu yekunlaşıb. Fierdəki kompressor stansiyasının tikintisinin 50 faizdən çoxu tamamlanıb. Kompressor stansiyaları ilə yanaşı, Albaniyanın şərqində, Bilisht regionunun yaxınlığında ölçmə stansiyasının tikintisi də aparılır. Ölçmə stansiyasında tikinti işlərinə ötən ilin birinci rübündə başlanılıb və stansiyanın inşasının 50 faizi tamamlanıb. Kompressor və ölçmə stansiyalarının tikintisi təxminən iki il müddətində başa çatdırılacaq.Layihə üzrə kapital xərcləri 4,5 milyard avrodur və bu vaxtadək 3,2 milyard avro sərf olunub. Boru kəməri Avropanın üç ölkəsinin ərazisindən – Yunanıstan, Albaniya və İtaliyadan keçir. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulur.xeber100.com

Noyabr 30, 2018 3:24