“Trans-Adriatik” qaz boru kəmərinin 97 faizi tamamlanıb

Azərbaycan təbii qazını Avropaya daşıyacaq “Trans-Adriatik” (TAP) qaz boru kəmərinin Yunanıstan və Albaniya hissəsində xəndəyin qazılması işlərinin 97 faizi tamamlanıb.Azərtac xəbər verir ki, bu barədə boru kəmərinin operatoru olan TAP AG şirkəti məlumat yayıb. Bildirilir ki, boru kəmərinin 765 kilometrlik Yunanıstan və Albaniya hissəsinin 744 kilometrində xəndəyin qazılması işləri yekunlaşıb.Qeyd edək ki, TAP layihəsi üzrə işlərin - mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla ümumilikdə 77 faizdən çoxu icra olunub. Sentyabrın əvvəlinə TAP-ın Yunanıstandan keçəcək 550 kilometrlik hissəsində marşrut xətti üzrə 540 kilometr ərazi tamamilə təmizlənib və qiymətləndirilib. Təqribən 538 kilometr boru xətt boyunca düzülüb və qaynaq edilib. 504 kilometr boru torpağa basdırılıb və təxminən 430 kilometr ərazi bərpa olunub. TAP-ın Albaniyadan keçən 215 kilometrlik hissəsinin demək olar ki, hamısı təmizlənib və qiymətləndirilib, həmçinin bütün borular marşrut xətti boyunca düzülüb. Boruların 205 kilometri qaynaqlanıb və onların təxminən 189 kilometri torpağa basdırılıb. Təqribən 145 kilometr ərazi bərpa olunaraq tamamilə əvvəlki vəziyyətinə gətirilib. TAP-ın Yunanıstan və Albaniya hissəsinin 756 kilometri, yəni 98 faizində ərazi tamamilə təmizlənib və qiymətləndirilib. Bundan başqa, iki ölkədə TAP-ın borularının 97 faizi qaynaq olunub. Həmçinin boruların təxminən 90 faizi xəndəyə endirilib.TAP boru kəməri TANAP ilə birləşəcək və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayacaq. Boru kəməri buradan Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. TAP burada “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulub.TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).xeber100.com

Oktyabr 10, 2018 2:53

“Caspian Energy Forum Kvemo Kartli” keçiriləcək

Noyabrda Tbilisidə “Caspian Energy Forum Kvemo Kartli” keçiriləcək.“Caspian European Club”dan Azərtac-a bildirilib ki, Kvemo Kartli regionunun Qubernatoru Şota Rexviaşvilinin “Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyevlə görüşünün əsas mövzusu Tbilisidə “Caspian Energy Forum Kvemo Kartli”nin təşkili olub.“Biz “Caspian European Club”un üzv şirkətləri ilə Kvemo Kartli regionu arasında sıx əlaqələrin qurulması ideyasını dəstəkləyir və bu məsələdə hərtərəfli kömək göstərməyə hazırıq”, - deyə Ş.Rexviaşvili söyləyib.Qubernatorun sözlərinə görə, “Caspian Energy Forum Kvemo Kartli” sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən çox şirkəti birləşdirən “Caspian European Club” ilə Kvemo Kartli regionu arasında uzunmüddətli, ikitərəfli, qarşılıqlı səmərəli və məhsuldar əməkdaşlığın əsasını qoyacaq.İkigünlük “Caspian Energy Forum Kvemo Kartli”nin əsas mövzularından biri bu regionda kənd təsərrüfatı və turizmin fəal inkişafı olacaq. Birinci gün Gürcüstan hökumətinin üzvlərinin və biznesmenlərinin iştirakı ilə plenar sessiyalar keçiriləcək. İkinci gün sahibkarları regionun investisiya imkanları və fəaliyyətdə olan müəssisələrlə tanış etmək məqsədilə Kvemo Kartli regionu üzrə tur təşkil olunacaq.Foruma hazırlıq çərçivəsində, həmçinin Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Genadi Arveladze, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin nəzdində Milli Turizm Administrasiyasının rəhbəri Giorgi Çokovadze, eləcə də Gürcüstanın ətraf mühit və kənd təsərrüfatı nazirinin iki müavini – Georgi Xanişvili və Nino Tandilaşvili ilə konsultasiya təşkil olunacaq.T.Əliyevin sözlərinə görə, “Caspian European Club”un üzv şirkətləri Gürcüstana, xüsusilə də Kvemo Kartli regionuna böyük maraq göstərirlər: “Biz özəl investorları Kvemo Kartli regionunun kənd təsərrüfatı və turizm sektoruna cəlb etmək üçün səylərimizi əsirgəməməyə çalışırıq”.Görüş çərçivəsində “Caspian European Club”, “Caspian American Club”, “Caspian Asian Club” və “Caspian Energy International Media Group”un maraqlarını təmsil edən “Caspian Ernergy Georgia LLC” şirkətinin fəaliyyəti ilə bağlı məsələlər müzakirə olunub.xeber100.com

Oktyabr 8, 2018 12:47