Azərbaycan təbii qazını Avropaya nəql edəcək “Trans-Adriatik” (TAP) qaz boru kəmərinin inşası çərçivəsində qarşıdakı aylarda İtaliyada mikrotunel üçün qazma işlərinə başlanması gözlənilir.Bu barədə Azərtac-a eksklüziv açıqlamasında boru kəmərinin operatoru olan TAP AG şirkətinin kommunikasiya rəhbəri Lisa Givert deyib.Lisa Givert deyib: “2015-ci ilin mayında İtaliyanın İqtisadiyyat Nazirliyi tərəfindən TAP-a verilən əsas icazə sənədi qanunidir və etibarlıdır. Bu sənəd üzrə digər ikinci dərəcəli icazələrin alınması üzrə işlər aparılır. TAP prosesdə iştirak edən bütün hakimiyyət orqanları və maraqlı tərəflərlə əməkdaşlığı davam etdirir”.“TAP-ın podratçısı “Saipem” şirkəti mikrotunel sahəsində işləyir. Giriş çalasının tikintisi yay mövsümündən əvvəl başa çatıb və ərazidə lazımi avadanlıqlar quraşdırılıb. Qarşıdakı aylarda mikrotunel üçün qazma işlərinə başlanması gözlənilir”, - deyə o əlavə edib.L.Givert bildirib ki, TAP ətraf mühitin qorunması üçün ən qabaqcıl texnologiyalardan istifadə edəcək, tikinti işləri başa çatdıqdan sonra bioloji müxtəliflik və landşaft bərpa olunacaq: “TAP məsuliyyətlə İtaliyada dünya səviyyəli bir layihəni həyata keçirmək niyyətindədir və layihə qrafik üzrə irəliləyir”.Qeyd edək ki, TAP layihəsi üzrə işlərin - mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla ümumilikdə 77 faizdən çoxu icra edilib. Boru kəmərinin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olan ilkin layihəsi üzrə biri Yunanıstanda - Kipoidə, digəri isə Albaniyada - Fierdə olmaqla ümumilikdə 2 kompressor stansiyasının, eləcə də Albaniyanın şərqindəki Bilisht regionunun yaxınlığında ölçmə stansiyasının tikintisi aparılır.Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazı Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya çatdıracaq. Layihə üzrə kapital xərcləri 4,5 milyard avrodur və iyul ayının sonuna TAP-a 3,1 milyard avro sərf olunub.Boru kəməri Avropanın üç ölkəsinin ərazisindən – Yunanıstan, Albaniya və İtaliyadan keçir. Boru kəmərinin uzunluğu 878 kilometr, diametri isə 48 düymdür. TAP boru kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçir. Avropaya ilk qazın verilməsi 2020-ci ilə planlaşdırılır.TAP boru kəməri TANAP ilə birləşəcək və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayacaq. Boru kəməri buradan Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. TAP burada “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulub.TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).xeber100.com