Əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanacaq

Energetika Nazirliyi və İndoneziyanın Energetika və Mineral Ehtiyatlar Nazirliyi arasında energetika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmaya hazırdır.Energetika Nazirliyindən Azərtac-a bildirilib ki, müzakirələr energetika naziri Pərviz Şahbazovun İndoneziyanın “Pertamina” şirkətinin planlama, investisiya və risk menecmenti üzrə direktoru Gigih Prakosonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirdiyi görüşdə aparılıb.Görüşdə “SOCAR Trading” ilə “Pertamina” şirkəti arasında əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri müzakirə edilib. İki ölkənin müvafiq şirkətlərinin neft hasilatı, satışı və emalı sahələrində gələcək fəaliyyətinin təmin edilməsi istiqamətində “Azərbaycan Respublikasının Energetika Nazirliyi və İndoneziya Respublikasının Energetika və Mineral Ehtiyatlar Nazirliyi arasında energetika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanmasının vacibliyi qeyd edilib. Bildirilib ki, Anlaşma Memorandumu hər iki tərəfdən razılaşdırılıb və imzalanmaya hazırdır.Pərviz Şahbazov Energetika Nazirliyinin iki ölkə arasında enerji əməkdaşlığının inkişafına hər zaman dəstək verməyə hazır olduğunu diqqətə çatdırıb.Qeyd edək ki, Azərbaycan xam neft satışına görə İndoneziyanın ikinci ən böyük tərəfdaşıdır. SOCAR İndoneziya istiqamətində xam neft ixracını 2007-ci ildən həyata keçirir.xeber100.com

İyun 1, 2018 3:50

XXV Beynəlxalq Xəzər Neft və Qaz sərgi-konfransı çərçivəsində

Mayın 30-da Bakıda keçirilən XXV Beynəlxalq Xəzər Neft və Qaz sərgi-konfransı çərçivəsində SOCAR və Yaponiya İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin Neft, Qaz və Metallurgiya Korporasiyası ("JOGMEC") arasında Əməkdaşlıq Memorandumu imzalanıb.Azərtac xəbər verir ki, geoloji və geofiziki tədqiqatlar, texniki əməkdaşlıq və insan resurslarının inkişafı sahəsində əməkdaşlığa dair memorandumu SOCAR-ın prezidenti Rövnəq Abdullayev və "JOGMEC" prezidenti Tetsuhiro Hosono imzalayıb.Azərbaycanın neft-qaz layihələri Yaponiya şirkətlərinin daim diqqət mərkəzindədir. 20 ildən artıqdır ki, Azərbaycanın yeni neft strategiyası çərçivəsində SOCAR və Yaponiyanın "ITOCHU", eləcə də "INPEX" şirkətləri arasında qarşılıqlı maraqlara əsaslanan səmərəli əməkdaşlıq həyata keçirilir. Yaponiya Milli Neft Korporasiyasının ("JNOC") davamçısı olan Yaponiya Neft, Qaz və Metallurgiya Korporasiyasının rəhbər nümayəndələri bir necə dəfə Azərbaycana səfər edib, SOCAR və "ITOCHU" şirkətləri tərəfindən Pirallahı yatağında layların neftveriminin artırılması üzrə aparılan birgə tədqiqat işinin gedişi ilə tanış olub və gələcək əməkdaşlığa dair təkliflər də buradan yaranıb.Yaponiya Neft, Qaz və Metallurgiya Korporasiyası 2004-cü ilin fevralında Yaponiya Milli Neft Korporasiyası və Yaponiya Metallurgiya-Mədən Agentliyinin ("MMAJ") birləşməsi nəticəsində yaranaraq, həmin qurumların müvafiq vəzifələrini öz üzərinə götürüb. Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin tərkibində olan "JOGMEC" Yaponiya Milli Neft Korporasiyasının davamçısı kimi, hökumət adından "ITOCHU", "INPEX" və sair şirkətlərin xaricdə neft-qaz sahəsində fəaliyyətlərinə texniki və maliyyə dəstəyi verir.xeber100.com

May 30, 2018 12:23

Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatı əsasında…

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən iyunun 27-də keçiriləcək hərracda investorlar üçün dövlət əmlaklarının müxtəlif növləri üzrə geniş seçim imkanı mövcuddur. Ümumilikdə hərrac vasitəsilə özəlləşdirilməsi nəzərdə tutulan dövlət əmlakının sayı 114-dür. Bunlardan 24-ü səhmdar cəmiyyət, 23-ü qeyri-yaşayış sahəsi, 31-i kiçik dövlət müəssisə və obyektləri, 36-sı isə nəqliyyat vasitəsidir.Komitədən Azərtac-a bildirilib ki, hərracda iştirak etmək üçün əlavə vaxt itkisinə və olduğunuz məkanı dəyişməyə ehtiyac qalmır. Belə ki, ƏMDK dövlət əmlakının hərraclar vasitəsilə özəlləşdirilməsi prosesini sadələşdirilmiş, rahat və şəffaf formada hər kəsə təklif edir. Hərrac prosesində iştirak etmək istəyən bütün şəxslər onlayn şəkildə “emdk.gov.az”, “privatization.az” saytına və “Elektron hökumət” portalına daxil olmaqla seçdikləri əmlakın sifarişçisinə çevrilib hərracda iştirak edə bilər.İrihəcmli investisiyalar təmir-tikinti, sənaye, aqrar, nəqliyyat sahələri ilə bağlı təklif olunan səhmdar cəmiyyətlər arasından seçim edilərək böyük biznes layihələrinə cəlb oluna bilər. Səhmdar cəmiyyətlər paytaxtla yanaşı, Salyan, Sabirabad, Yevlax və digər bölgələrdə yuxarı gəlir mənbəyinə çevrilə bilər. Yevlax şəhərində 2 nəqliyyat, 2 təmir-tikinti, 1 sənaye sahəsinə aid səhmdar cəmiyyət təklif olunur. Qax şəhərində yerləşən “Qax Taxıl”, Abşeron rayonu, Masazır kəndində yerləşən “Masazır quşçuluq” kimi səhmdar cəmiyyətlərin özəlləşdirilməsi, aqrar sahənin inkişafına dəstək olmaqla yanaşı, investora yüksək gəlirlər gətirə bilər.Kiçik və orta sahibkarlıqla məşğul olmaq istəyənlərin planlarını həyata keçirmək şansları bu hərracda da yüksəkdir. Belə ki, onlar kiçik dövlət müəssisə və obyektləri, eləcə də qeyri-yaşayış sahələrinə investisiya edərək məişət, iaşə, qida, toxuculuq və digər xidmət sahələri üzrə biznes sahibi ola bilərlər. Hərraca çıxarılan iaşə və xidmət obyektlərinə Astarada yerləşən “Azərbaycan” kinoteatrı, Bakıda yerləşən “Aydınlıq” şadlıq evi və digər dövlət əmlakları daxildir. Kiçik dövlət müəssisə və obyektlərindən 11-i Bakıda, 20-si isə bölgələrdə yerləşir.Özəlləşdirilməyə çıxarılmış qeyri-yaşayış sahələrinin isə 21-i Bakıda, digər 2-si Gəncə və Mingəçevirdə yerləşir. Ümumi faydalı sahəsi 14.7 kvadratmetr ilə 179.1 kvadratmetr aralığında dəyişən belə qeyri-yaşayış sahələrinin 17-si bina zirzəmisi, 6-sı binanın bir hissəsi, 1-i ayrı tikili formasındadır.Avtomobil almaq arzusunda olan şəxslər təklif olunan əmlaklarla tanış olaraq hərracda iştirak edə bilər. Hərraca çıxarılan müxtəlif markalı 2008-ci və 2009-cu illərdə istehsal olunmuş, ilkin qiyməti 8500-12973 manat intervalında olan nəqliyyat vasitələri hər bir şəxsə unikal seçim etmək imkanı yaradır.Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarlıqla məşğul olmaq arzusunda olan şəxsləri, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər kəsi özəlləşdirmədə fəal iştirak etməyə dəvət edir.xeber100.com

May 30, 2018 12:17

“Trans-Adriatik” qaz boru kəməri layihəsində

Azərbaycan təbii qazını Avropaya daşıyacaq “Trans-Adriatik” (TAP) qaz boru kəməri layihəsi üzrə işlərin 73 faizi icra edilib.Bu barədə Azərtac-a eksklüziv müsahibəsində TAP-ın prezidenti Valter Peeraer deyib.“TAP qaz boru kəmərinin inşası üzrə işlər qrafik üzrə gedir. Biz plan üzrə bütün işlərimizi uğurla davam etdiririk. İki il əvvəl başladığımız layihə boru kəmərinin keçdiyi bütün ölkələrdə - Albaniya, İtaliya və Yunanıstan ərazisində uğurla icra olunur. Demək olar ki, işlərin 73 faizi icra edilib”, - deyə TAP-ın prezidenti qeyd edib.V.Peeraer bildirib ki, Albaniya və Yunanıstan ərazisində TAP layihəsinin icrası da uğurla davam etdirilir. Hər iki dövlətin hökumətləri tərəfindən bu istiqamətdə görülən işləri yüksək qiymətləndiririk.TAP boru kəmərinin Adriatik dənizindən keçəcək hissəsinin tikintisinə dair suala cavabında isə Valter Peeraer deyib ki, layihənin bu seqmenti 2019-cu ilədək sona çatdırılacaq.Qeyd edək ki, TAP qaz boru kəmərinin təməli 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulub. Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazı Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya çatdıracaq. TAP Avropa İttifaqı (Aİ) üçün prioritet enerji layihələrindən olan Cənub Qaz Dəhlizinin bir seqmentini təşkil edir.Boru kəməri Avropanın üç ölkəsinin ərazisindən – Yunanıstan, Albaniya və İtaliyadan keçir. Boru kəmərinin uzunluğu 878 kilometr, diametri isə 48 düymdür. TAP boru kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçir. Layihənin ümumi dəyəri 4,5 milyard avro qiymətləndirilir. Buraya 2009-cu ildən bəri davam edən dizayn və mühəndislik işləri də daxil edilib. “Şahdəniz” konsorsiumu ilk qaz satışını 2018-ci ildə Türkiyə və Gürcüstana həyata keçirəcək. Avropaya ilk qazın verilməsi isə 2020-ci ilə planlaşdırılır.İndiyədək Cənub Qaz Dəhlizinə daxil olan layihələrdə “Cənub Qaz Dəhlizi” QSC-nin mülkiyyətində olan iştirak paylarının maliyyələşdirilməsinə qoyulan 9 milyard dollar vəsaitin 0,7 milyard dolları TAP layihəsinə xərclənib. 2020-ci ilədək layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 1,2 milyard dollar olması gözlənilir.TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).xeber100.com

May 30, 2018 12:14

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti yazı müsabiqəsi elan edib

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tələbələr arasında “Mənim təcrübə hekayəm” adlı yazı müsabiqəsi elan edib.QSC-dən Azərtac-a bildirilib ki, müsabiqədə “AzerGold” QSC-nin baş ofisində və Çovdar filiz emalı sahəsində təcrübə keçmiş Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU), Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) və Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri iştirak edir. Tələbələrin keçdiyi istehsalat təcrübəsini əhatə edən məqalələr “AzerGold” QSC-nin İnsan resurslarının idarəolunması və İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşlarından ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Hər ali təhsil ocağından seçiləcək bir qalib, mükafatlandırma mərasimində pul mükafatları ilə təltif olunacaq.Qeyd edək ki, “AzerGold” QSC ilə ADNSU, AzMİU və AzTU arasında qurulan əməkdaşlıq biliklərinin artırılması, istiqamətləndirilmiş təhsil, elm, istehsalat və birgə təhsil proqramları, ixtisaslaşmış insan resurslarının formalaşdırılması sahələrini əhatə edir. Qurulan əməkdaşlıq çərçivəsində bu ilin fevral-may aylarında mərkəzi ofis və Çovdar filiz emalı sahəsində təcrübə keçən tələbələr tikinti sahəsində təhlükəsizlik tədbirləri, sənədləşdirmə işləri, topa qələviləşdirmə sahəsinin tikintisi, tikintidə istifadə olunan ofis proqramları (MS Office, AutoCAD, ArchiCAD, Tekla), tikinti-quraşdırma, müxtəlif materiallar üçün tələb olunan testlər, tikinti obyektinin istismara qəbulu, kompüterlərə müxtəlif sistemlərin tətbiqi, texniki avadanlıq və istifadəçi proqramlarda yaranan problemlərin aradan qaldırılması, çöl şəraitində yerüstü sınaqlaşdırma, toplanan materialların kameral şəraitdə işlənilməsi, xəritəalma işləri, filiz intervallarının ayrılması, sınaqların laboratoriyaya göndərilməsi, kern materiallarının sənədləşdirilməsi, ikiölçülü xəritəalma proqram təminatı, Gemcom Minex proqramı vasitəsilə quyuların üçölçülü rejimdə göstərilməsi, litologiya və mineral cədvəllərinin yüklənilməsi üzrə başlanğıc səviyyələri, Kanadanın Mədən və Metallurgiya Sənayesi Mühəndisləri İnstitutu tərəfindən yaradılan CIMM standartları haqqında geniş biliklər əldə ediblər. İstehsalat təcrübəsini uğurla başa vurmaları münasibətilə bu ilin may ayında “AzerGold” QSC tərəfindən tələbələrə müvafiq sertifikatlar təqdim olunub.xeber100.com

May 30, 2018 11:32