Bakı Nəqliyyat Agentliyinin məlumatı

17 nömrəli marşrut xəttində “BakuBus” avtobusları fəaliyyət göstərəcək.Azərtac xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.O bildirib ki, 17 nömrəli müntəzəm marşrut xəttinin daşıyıcısı dəyişdirilib. Dəyişiklik edilməsinə səbəb, marşrut xətti üzrə sərnişindaşıma xidməti göstərən daşıyıcının fəaliyyətinin qənaətbəxş səviyyədə olmaması, eyni zamanda dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymayaraq çatışmazlıqları aradan qaldırmamasıdır. 17 nömrəli marşruta aid avtobusların gündəlik xətdə olarkən təsdiq edilmiş hərəkət sxeminə uyğun fəaliyyət göstərmədiyi və hərəkətin intensiv olduğu küçə və prospektlərdə geridönmə manevri edərkən yol hərəkəti qaydalarının kobud şəkildə pozulması müəyyən edilib.M.Ağayev qeyd edib ki, bununla yanaşı, sərnişinlərdən 17 nömrəli marşrut xətti ilə bağlı “141” Çağrı Mərkəzinə çoxsaylı şikayətlər daxil olub. Qeyd edilən nöqsanlar barədə agentlik tərəfindən dəfələrlə marşrutun daşıyıcısına rəsmi və şifahi xəbərdarlıq olunub, o cümlədən “141” Çağrı Mərkəzinə daxil olan şikayətlər daşıyıcının elektron ünvanına göndərilsə də, daşıyıcı tərəfindən heç bir ciddi tədbir görülməyib.“Dəyişiklikdən sonra 17 nömrəli müntəzəm marşrut xətti üzrə “BakuBus” MMC-ə məxsus sərnişindaşıma ilə bağlı mövcud tələblərə tam cavab verən avtobuslar Bakı sakinlərinə xidmət edəcək. 17 nömrəli marşrut xəttinin müvəqqəti istismarının “BakuBus” MMC-ə həvalə edilməsi ilə nağdsız ödəniş sisteminin əhatə dairəsi bir qədər də genişləndirilir. Dəyişiklik dekabrın 16-dan qüvvəyə minəcək. Bununla da nağdsız ödəniş sistemi ilə fəaliyyət göstərən marşrut xətlərinin sayı 20 olacaq. Qeyd edək ki, müntəzəm marşrut xətti üzrə sərnişindaşıma ilə bağlı müəyyənləşdirilən tələblərə əməl etməyən, ən əsası avtobus bazasını yeniləməyən və nağdsız ödəniş sisteminə keçməyən digər daşıyıcılar barəsində də analoji addımlar atılacaq.xeber100.com  

Dekabr 11, 2017 3:00

“Buta Airways” şirkətinin təşkilatçılığı ilə…

2018-ci ilin yanvar ayından etibarən “Buta Airways” şirkəti tərəfindən Bakı-Sofiya istiqaməti üzrə birbaşa aviareysin açılması nəzərdə tutulur.“Apa-Economics”in məlumatına görə, aviareysin Bolqarıstanda təşviqi, eləcə də Azərbaycanın turizm potensialının bu ölkədə tanıdılması məqsədilə Azərbaycanın Bolqarıstandakı səfirliyinin dəstəyi, “Bulgaria APG” və “Buta Airways” şirkətlərinin birgə təşkilatçılığı ilə Sofiyada iki ölkə arasında açılacaq birbaşa hava əlaqəsinin təqdimatı keçirilib.Tədbirin açılış hissəsində Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova, Bolqarıstanın turizm nazirinin müavini İrena Qeorqiyeva və “Buta Airways” şirkətinin direktoru Cəmil Manizadə iştirak ediblər. N.Qurbanova iki ölkə arasında yüksək səviyyəli strateji tərəfdaşlığın mövcudluğunu vurğulayaraq Azərbaycan ilə Bolqarıstan əlaqələrində nəqliyyat sahəsinin prioritet istiqamətlərdən hesab edildiyini bildirib. Azərbaycan tərəfindən və onun iştirakı və maliyyələşdirilməsi ilə həyata keçirilən beynəlxalq nəqliyyat layihələrindən söz açan səfir 30 oktyabr 2017-ci il tarixində Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı və bu layihənin Bolqarıstan və daha geniş coğrafiya ölkələrinə faydası, eləcə də Azərbaycanın qatıldığı, Bolqarıstanın isə müşahidəçi statusunda iştirak etdiyi Şimal-Cənub layihəsi haqqında tədbir iştirakçılarını məlumatlandırıb. N.Qurbanova ölkəmizin turizm potensialı barədə məlumat verərək hər iki tərəfin açılacaq reysdən həm də tranzit məqsədilə faydalana biləcəyini vurğulayıb.“Buta Airways” şirkətinin Avropa İttifaqı xaricindən Bolqarıstana uçan ilk aşağı büdcəli aviaşirkət olacağını, eləcə də “Buta Airways” şirkətinin Avropa İttifaqı ölkələri arasında birinci məhz Bolqarıstana uçacağını qeyd edən səfir Bakı ilə Sofya arasında birbaşa hava əlaqəsinin iki ölkə arasında siyasi, mədəni, biznes və iqtisadi əlaqələrin gücləndirilməsinə töhfə verəcəyini bildirib.xeber100.com

Dekabr 9, 2017 7:11