Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən noyabrın 28-də dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək. Vətəndaşların və potensial investorların bu hərracda özəlləşdirilməyə çıxarılan 158 dövlət əmlakına sahib olmaq imkanı var. Bunlardan 64-ü kiçik dövlət müəssisə və obyekti, 63-ü istifadəsiz qeyri-yaşayış sahəsi, 23-ü səhmdar cəmiyyət, 8-i isə nəqliyyat vasitəsidir.Komitədən Azərtac-a bildirilib ki, hərraca çıxarılan səhmdar cəmiyyətlər sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr var. Belə səhmdar cəmiyyətlərə “Yevlax Kəndkimya Təchizat”, “Ağcabədi Aqrotexservis”, “Neftçala Ət”, “Port İliç Xidmət“, “Şıxlar Broyler”, “Mingəçevir Qum-Çınqıl“ və digər bu kimi səhmdar cəmiyyətlər aiddir. Qeyd edək ki, hərraca çıxarılan səhmdar cəmiyyətlər paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir.Prosesdə özəlləşdiriləcək səhmdar cəmiyyətlərin nizamnamə kapitalı 25 min 676 manatla 738 min 888 manat arasında dəyişir. Bu kateqoriyaya aid edilənlər arasında səhmlərinin özəlləşdirilməyə çıxarılan ilkin start qiyməti ən çox olan əmlak “Yevlax Kəndkimya Təchizat” ASC-dir. Bu əmlakın səhminin 30 faizi 111 min manata yaxındır. Bundan başqa qiyməti ilə digərlərindən fərqlənən əmlak “Şıxlar Broyler” ASC-dir. Həmin əmlakın 30 faiz səhmi isə 41 min manata yaxın təklif olunur.xeber100.com