İşğaldan azad olunan ərazilərimizdə teleradio yayımı bərpa ediləcək

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi işğaldan azad olunan ərazilərimizdə teleradio yayımını bərpa edəcək.Nazirlikdən Azərtac-a bildirilib ki, qurumun mütəxəssisləri işğaldan azad olunmuş ərazilərdə radio və televiziya yayımı xidmətlərinin qısa müddətdə tam bərpa olunması məqsədilə Xocavənd rayonunun Hadrut qəsəbəsində və Şuşa şəhərində işlər aparırlar.Qeyd edək ki, Şuşa şəhərində və Hadrut qəsəbəsində yerləşən mövcud Radio-Televiziya Yayım Stansiyasının (RTYS) texniki binası və stansiyadakı avadanlıqlar ermənilər tərəfindən tamamən dağıdılıb, bəziləri isə demontaj olunaraq aparılıb, istismara yararsız vəziyyətə salınıb.Nazirlik əməkdaşlarının hazırladığı tədbirlər planına uyğun olaraq işğaldan azad olunmuş rayonlarda radio-televiziya yayımının qısa müddətdə bərpa olunması məqsədilə hazırlıq görülür.Belə ki, ilkin olaraq Şuşa və Xocavənd rayonunun Hadrut Radio-Televiziya Yayım Stansiyasının işinin bərpa edilməsi məqsədilə mövcud daxili imkan və ehtiyatlardan istifadə olunacaq.Texniki hazırlıq işləri başa çatdırılıb, Şuşa və Hadrut RTYS elektrik enerjisi ilə tam təmin olunduqdan sonra yayıma başlanacaq.Nəticədə Hadrut və Şuşa Radio-Televiziya Yayım Stansiyasından yayımlanacaq ölkənin bütün telekanalları və 1 xarici kanal, eləcə də radio proqramları Xocavənd, Cəbrayıl, Füzuli, Zəngilan rayonları və Şuşa, Xankəndi, Qubadlı, Xocalı, Əsgəran, Ağdam rayonları, eləcə də ətraf yaşayış məntəqələrini əhatə edəcək.xeber100.com

Dekabr 28, 2020 2:02

İctimai iaşə dövriyyəsi ötən ilin eyni ayı ilə müqayisədə 2,1 dəfə azalıb

Cari ilin noyabr ayında ictimai iaşə dövriyyəsi ötən ilin eyni ayı ilə müqayisədə 2,1 dəfə azalıb.Dövlət Statistika Komitəsindən Azərtac-a bildirilib ki, nəticədə ictimai iaşə xidmətlərinin dəyəri keçən ilin yanvar-noyabr ayları ilə müqayisədə 2,1 dəfə azalaraq 682,8 milyon manat olub. Özəl sektorda ictimai iaşə dövriyyəsinin 46,5 faizi hüquqi şəxslərin, 53,5 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2019-cu ilin yanvar-noyabr ayları ilə müqayisədə 1,9 dəfə azalaraq 315,1 milyon manat olub.Dünyada koronavirus infeksiyasının sürətlə yayılması əksər ölkələrin turizm sektoruna da öz mənfi təsirini göstərib. Bu hal ölkəmizdə də müşahidə olunub və cari ilin yanvar-noyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə turizm infrastrukturunun əsas elementlərindən olan ictimai iaşə müəssisələrinin göstəricilərində azalma qeydə alınıb. Səbəb koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində ictimai iaşə obyektlərinin fəaliyyətinə qoyulan məhdudiyyətlər, həmçinin Azərbaycan Respublikası ilə qonşu dövlətlər arasında dövlət sərhədində məhdudlaşdırıcı rejimin, eləcə də əksər ölkələrdə vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması ilə əlaqədar ölkəmizə gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayında müşahidə olunmuş kəskin enmə (cari ilin mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr və noyabr ayları ötən ilin eyni ayları ilə müqayisədə müvafiq olaraq 2,6 dəfə, 12,1 dəfə, 9,9 dəfə, 12 dəfə, 13 dəfə, 11,5 dəfə, 7,7 dəfə, 7,8 dəfə, 6,6 dəfə) nəticəsində mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr və noyabr aylarında ötən ilin eyni ayları ilə müqayisədə ictimai iaşə xidmətlərinin həcminin azalmasıdır.xeber100.com

Dekabr 18, 2020 2:08

“Azneft” İstehsalat Birliyinin məlumatı əsasında…

“Bulla-dəniz” yatağında 122 nömrəli stasionar dəniz özülündən (SDÖ) qazılmış quyu yüksək hasilatla işə düşüb.Azərtac xəbər verir ki, bu barədə “Azneft” İstehsalat Birliyi məlumat yayıb.Quyunun gündəlik təbii qaz hasilatı 700 min kubmetr təşkil edir. Qaz hasilatına uyğun kondensat hasilatı da kifayət qədər yüksəkdir.Qeyd edək ki, 2019-cu ilin fevral ayında “Bulla-dəniz” yatağında 122 nömrəli özüldən layihə dərinliyi 5900 metr olan quyuda qazma işlərinə başlanılmışdı. Quyu mürəkkəb-geoloji texniki şəraitdə qazılıb, bu günlərdə yüksək qaz-kondensat hasilatı ilə istismara verilib. Bu quyu cari il ərzində “Bulla-dəniz” yatağında istismara təhvil verilmiş 2-ci yüksək hasilatlı quyudur.“Bulla-dəniz” yatağının tam miqyaslı öyrənilməsi, kəşfiyyatı və işlənməsinin yeni mərhələsi 2012-ci ildə kəşfiyyat quyusunun qazılması ilə başlanıb. Kəşfiyyat quyusu “Bulla-dəniz” yatağının şimal-şərq qanadının tağyani hissəsində məhsuldar qatın VIII horizontunun karbohidrogen potensialının qiymətləndirilməsinə, sahənin tektonikasını və litoloji stratiqrafik kəsilişini dəqiqləşdirilməyə imkan verib. Həmin quyunun yüksək hasilatla (200 ton/gün kondensat, 1300 min kubmetr/gün qaz) işə düşməsi yataqda yeni özüllərin tikintisi və quyuların qazılması üçün zəmin yaradıb. Daha sonra əlavə quyular qazılaraq istismara təhvil verilib. Bu quyuların ilkin qaz hasilatı 500-600 min kubmetr/gün, kondensat hasilatı isə 120-150 ton təşkil edib.xeber100.com

Dekabr 17, 2020 2:30