Dollar dəyişən bankomat

Kapital Bank 24/7 rejimində xidmət göstərən elektron xidmət mərkəzini istifadəyə verib. Müştərilərin rahatlığını təmin etmək məqsədilə yaradılan mərkəz paytaxtın Nərimanov rayonunda Ağa Nemətulla küçəsi 54 ünvanında yerləşir. Həftənin 7 günü, günün 24 saatı ərzində xidmət göstərən elektron xidmət mərkəzində maddi vəsaitin karta mədaxil olunması (cash in), vəsaitin nağdlaşdırılması üzrə valyuta əməliyyatları aparmaq mümkündür. “Cash in” əməliyyatı üzrə 1 dəfəyə karta maksimum 50 ədəd əskinas mədaxil etmək mümkündür. Vəsait hesabın açıldığı valyuta ilə karta mədaxil edildikdə heç bir komissiya haqqı tutulmur. Digər hallarda müvafiq konvertasiya faizləri tətbiq edilir. Tariflərlə buradan tanış olmaq olar. Valyuta mübadiləsi bankomatlarında AZN,USD,EUR valyutaları qəbul edilir, bunun müqabilində isə AZN,USD,EUR valyutasında əskinasları almaq mümkündür. Qeyd edilən ünvanda həmçinin ödəniş terminalları da quraşdırılıb. Ödəniş terminalları vasitəsilə müştərilər kredit və kommunal xidmət ödənişlərini də həyata keçirə bilərlər. Mərkəzdə, həmçinin Yol Hərəkəti Qaydalarının (YHQ) pozulmasına görə cərimələrin ödənişini etmək mümkündür. Qeyd edək ki, bundan əvvəl 24/7 elektron xidmət mərkəzi Bakı şəhəri, Azadlıq prospekti 16 ünvanında istifadəyə verilib. Bakı şəhərində 2 saylı “Səbail”, 2 saylı “Nizami” və “Mərkəz” filiallarının daxilində isə 24 saat xidmət göstərən ödəniş terminalları və bankomatlar müştərilərin ixtiyarındadır. Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 89 filialı və 5 şöbəsi ilə hər zaman müştərilərin xidmətindədir. Kapital Bankın müştəriləri kredit ödənişlərini “e-pul.az”, “kassam.az”, “hesab.az” portalları ilə yanaşı “eManat” və “MilliÖn” terminallarında, habelə Kapital Bankın filiallarında və pay.kapitalbank.az saytında həyata keçirə bilərlər. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.xəbər100

Fevral 13, 2016 3:20

31 vaqon Türkmənbaşı limanına yola salınacaq

Ukrayna Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna qoşulduqdan sonra bu ölkədən gələn ikinci yük qatarı bu gün səhər Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatıb. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyindən AZƏRTAC-a bildirilib ki, ərzaq məhsulları və metal məmulatlarla yüklənmiş 32 vaqondan ibarət qatar fevralın 7-də bərə ilə İliçevck (Ukrayna) limanından çıxaraq Ukrayna-Qara dəniz-Gürcüstan-Azərbaycan-Xəzər dənizi-Mərkəzi Asiya marşrutu ilə hərəkət edir. Qatarın 31 vaqonu bu gün Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin “Qarabağ” bərəsi ilə Türkmənbaşı limanına yola salınacaq. Daha bir vaqon isə Qazaxıstana ünvanlandığına görə Aktau limanına gedəcək ilk bərə ilə göndəriləcək. Xatırladaq ki, birinci sınaq qatarı yanvarın 15-də İliçevskdən çıxmış, yanvarın 22-də Xəzər Dəniz Gəmiçiliyinin “Azərbaycan” bərəsi ilə yola salınmış və yanvarın 23-də Aktauya çatdırılmışdı. Bu zaman heç bir ləngiməyə yol verilməmişdi. Daha sonra Qazaxıstan ərazisi ilə hərəkət edən qatar yanvarın 31-də Çində səfərini başa vurmuşdu. Ukrayna hökuməti yüklərin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə hərəkətini daha da sürətləndirmək məqsədi ilə Mərkəzi Asiya ölkələri ilə müvafiq danışıqlar aparıb və ikinci qatarın Çinə 10 günə çatdırılmasını qarşıya məqsəd qoyub.

Fevral 12, 2016 2:28

Bank sistemində aparılan islahatlar manata inamı artırır

Milli valyutamızın “üzən məzənnəyə” keçməsindən 50 gün ötür. Devalvasiyanın ölkə iqtisadiyyatına və bank sektoruna vurduğu ziyanın bu müddətdə aradan qaldırılması mümkün olmayıb. Ekspertlər bildirirlər ki, iqtidar manata həyat verməyə çalışır. Manatla bağlı vəziyyətin sabitləşəcəyinə inam artıq rəsmi səviyyədə elan olunmaqdadır. Bir neçə gün əvvəl dövlət başçısı İlham Əliyevin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov AzTV-yə müsahibəsində bildirib ki, mart ayından etibarən Mərkəzi Bank, eyni zamanda Palata və digər aidiyyəti qurumlar ölkədə manatın likvidliyinin artırılması istiqamətində çox ciddi qərarlar qəbul edəcək: “Çox yaxın müddətdə ölkədə manatın aktivliyi tamamilə bərpa olunacaq”. Ekspertlər isə musavat.com-a manatın yaxın gələcək üçün gözlənilən aqibətindən danışıblar. Milli Məclisin deputatı Vahid Əhmədov bildirib ki, manata etibarı qaytarmaq hazırda hökumət üçün ən önəmli məsələlərdən biridir: “Çünki manat 2015-ci ildə iki dəfə devalvasiyaya uğrayıb. Bu da banklar arasında qeyri-müəyyən vəziyyət yaradıb. Son vaxtlar bank sistemində aparılan islahatlar manata müəyyən qədər inamı artırır. Müvəqqəti də olsa, dollar müəyyən qədər düşür, manat bir az möhkəmlənir. Amma mən belə hesab edirəm ki, bu, uzun müddət davam edə bilməz. Çünki hələlik hökumətin atdığı addımların öz bəhrəsini verməsi üçün vaxt lazımdır. Əlbəttə ki, əsas bank sistemində gedən islahatların uğurla həyata keçirilməsidir. Bank sistemindəki islahat əsasən bankların birləşdirilib iri bankların yaradılmasıdır ki, onların dövriyyə vəsaiti çox böyük olsun ki, orada ciddi problem yaranmasın, bank faizləri aşağı olsun. Amma mən baxıram hətta vaxtı keçmiş kreditlərin də miqdarı artıb, 1,4 milyard manat idisə, artıq 1,5 milyard manata qalxıb. Yəni manatın arxasında hazırda neft və neftin qiyməti durur. Ona görə də müəyyən vaxt üçün müəyyən addımlar atılacaq. Amma hökumətin gördüyü tədbirlər, xüsusilə İqtisadiyyat, Maliyyə Nazirliyinin, dövlət başçısının verdiyi sərəncamlar qeyd edilməlidir. Fərmanlar hələ qüvvəyə minməyib, qol çəkiləndən sonra ola bilər müəyyən qədər manata təsirini göstərsin. Amma biz istədik, istəmədik, manat bizim milli valyutamızdır və çalışmalıyıq onu möhkəmləndirək. Yəni biz nə vaxt qeyri-neft sektorunu yüksək vəziyyətə gətirə bilsək, əlbəttə, onda manatın stabilliyindən söhbət aparmaq olar”.  

Fevral 9, 2016 1:49