“Azərbaycan Hava Yolları” (AZAL) yeni uçuş proqramı barədə elan edir

“Azərbaycan Hava Yolları” (AZAL) Türkiyənin məşhur kurort şəhərləri - Antalya, Bodrum, İzmir və Dalamana yeni uçuş proqramı barədə elan edir. “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, aviaşirkət bu il yeni istiqamətə - Alanya (Gazipaşa Beynəlxalq Hava Limanı) şəhərinə uçuşlara başlayır.   Bakı-Bodrum-Bakı reysləri 17 iyun tarixindən başlayaraq hər gün həyata keçiriləcək. Bu istiqamətdə aviabiletin qiyməti 149 avrodan başlayacaq.   Bakı-İzmir-Bakı reysləri 15 iyun tarixindən etibarən həftədə üç dəfə - bazar ertəsi, çərşənbə və şənbə günləri həyata keçiriləcək. Bu marşrut üzrə aviabiletin qiyməti də 149 avrodan başlayır.   Bakı-Dalaman-Bakı reysləri 1 iyul tarixindən etibarən həftədə iki dəfə - bazar ertəsi və cümə günləri həyata keçiriləcək. Aviabiletin qiyməti - 149 avrodur.   Yeni cədvələ əsasən, Bakı-Antalya-Bakı marşrutu üzrə birbaşa uçuşlar mayın 21-dən sentyabrın 27-ə kimi hər gün, aprelin 2-dən mayın 14-ə kimi və oktyabrın 15-dən etibarən həftədə bir gün olmaqla şənbə günləri həyata keçiriləcək. Yüksək tələbat olduğu halda reyslərin sayı həftədə 14-dək artırıla bilər. Bakı-Antalya-Bakı marşrutu üzrə aviabiletin qiyməti 139 avrodan başlayır.   Bakı-Alanya-Bakı yeni birbaşa marşrut üzrə uçuşlar iyulun 4-də başlayacaq və həftədə üç dəfə - bazar ertəsi, çərşənbə və cümə günləri həyata keçiriləcək. Bakı-Alanya-Bakı marşrutu üzrə aviabiletin qiyməti 139 avrodan başlayacaq.   Uçuşlar biznes və ekonom salonlu komfortlu Airbus A319/A320 və Boeing 757 laynerləri ilə həyata keçiriləcək.   Türkiyə kurortları həmişə Azərbaycan vətəndaşlarını əlverişli qiymətə təmtəraqlı istirahət imkanı ilə cəlb edib. Türkiyə kurortlarının əsas xüsusiyyəti çox sayda müxtəlif səviyyədə hər istəyə uyğun - ailə, gənclər və ya sakit istirahət üçün otellərin olmasıdır. Onların bir çoxu "hər şey daxil" (all inclusive) sistemi təklif edir. Aralıq və Egey dənizlərinin sahillərində isti cənub iqlimi və mənzərəli yerlər bütün dünyadan bu cənnət guşəsinə turistləri cəlb edir.    

Fevral 2, 2016 3:04

Ünvanlı sosial yardıma yeni qaydalar tətbiq olunacaq

"Ünvanlı sosial yardım verilən zaman istehlak kreditləri olanlara tətbiq olan məhdudiyyətlər aradan götürüləcək". Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Nazir Səlim Müslümov qeyd edib ki, ölkə başçısının tapşırığına əsasən ünvanlı sosial yardımın təkmilləşdirilməsi istiqamətində işləri davam etdiririk: "Hazırda bu prosesin avtomatlaşdırılması istiqamətində işlər görülür. Proqram təminatları hazırdır, yaxın vaxtlarda Bakının 2 rayonunda test işlərinə start veriləcək və Nazirlər Kabinetinin müvafiq qərarı qəbul olunacaq. Ünvanlı sosial yardımın təyin olunması və bunun üçün müraciət edilməsi və yaxud imtina edilməsi qaydaları yeni avtomatlaşdırılmış qaydalarla aparılacaq. Qaydalara əsasən, kredit öhdəliyinə görə olan məhdudiyyət aradan qaldırılacaq. Yeni qaydalar yaxın vaxtlarda Nazirlər Kabinetitərəfindən təsdiqlənəcək. Bu, onunla bağlıdır ki, müəyyən qrup insanlar var ki, zamanında banklardan istehlak kreditləri götürüblər, bu gün isə həmin kreditləri qaytara bilmirlər. Eyni zamanda ailənin gəlirləri çox aşağı olduğu üçün onların kredit öhdəlikləri həmin ailənin gəlirinin 50%-dən yuxarı çıxır. Nəticədə onlar nə krediti ödəyə bilir, nə də ünvanlı sosial yardımı ala bilmirlər. Bu da onların müəyyən qədər yaşam şəraitlərini xeyli çətinləşdirir. Ona görə, ölkə prezidentinin tapşırığına əsasən, bu məhdudiyyətlər götürüləcək. Bununla, həqiqətən gəlirləri aşağı olan və yaşam şəraitində problemləri olan ailələr belə istehlak kreditləri olmalarına baxmayaraq ünvanlı sosial yardım sisteminin üstünlüklərindən istifadə edə biləcəklər".

Yanvar 25, 2016 2:56