“Beynəlxalq ticarət sövdələşmələri və sənədləşmə”

Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Beynəlxalq ticarət sövdələşmələri və sənədləşmə” mövzusunda seminar işə başlayıb. "APA-Economics" xəbər verir ki, tədbirin açılışında çıxış edən Ümumdünya Gömrük Təşkilatının Avropa Regional Ofisinin rəhbəri Roger Herman rəhbərlik etdiyin ofisin fəaliyyəti barədə qısa məlumat verib və seminarın əhəmiyyətindən bəhs edib. Seminarda çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev iştirakçıları salamlayaraq tədbirin “Beynəlxalq gömrük günü”nə təsadüf etməsinin xoş bir hal olduğunu qeyd edib. Səfər Mehdiyev Ulu öndər Heydər Əliyevin, prezident İlham Əliyevin elmə, təhsilə verdikləri önəmdən bəhs edərək Azərbaycan gömrüyünün də gömrük işinin təşkili sahəsində elmi biliklərin tətbiqi ilə bağlı mühüm addımlar atdığını vurğulayıb. Mehdiyev Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsi iləDövlət Gömrük Komitəsi arasında əməkdaşlığın müvəffəqiyyətlə davam etdiyini və şəbəkənin Bakıdakı Regional Ofisinin təşkilatçılığı ilə keçirilən bu tədbirə Azərbaycanın aparıcı təhsil ocaqlarının cəlb olunmasının gömrük işi sahəsində biliklərin daha da möhkəmləndirilməsinə öz faydasını verəcəyini bildirib. Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin katibi Mixail Kaşubski seminar iştirakçılarını salamlayaraq təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. Seminarın önəmindən bəhs edən Mixail Kaşubski bu tədbirin birinci olmaqla yanaşı, davamlı xarakter daşıyacağına əminliyini ifadə edib. Daha sonra Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirilib. Azərbaycan Dövlət Gömrük Komitəsi və Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsi tərəfindən təşkil olunan seminarda Dövlət Gömrük Komitəsinin Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Bakı Ali Neft Məktəbinin tələbələri iştirak edir. Seminarın ilk iş günü “Beynəlxalq ticarət sövdələşmələrində risklər” və “Beynəlxalq ticarət sövdələşmələrində sənədlərin nəzərdən keçirilməsi” mövzusunda məruzələr dinlənilib, eləcə də Rusiya Federasiyasının Menecment üzrə Şimal-Qərb Universitetinin tələbələri tərəfindən “Tələbə Gömrük Xəbərləri” elektron jurnalının təqdimatı keçirilib. Üç gün davam edəcək seminarın növbəti günlərində isə “Beynəlxalq hüquq çərçivəsinin nəzərdən keçirilməsi”, “Ekspeditor və qiymətləndirmənin rolu”, “Satış üzrə beynəlxalq müqavilələr”, “Beynəlxalq ticarət şərtləri - INKOTERMS 2000 & INKOTERMS 2010”, “Dəniz yolu ilə malların daşınması”, “Hava və çoxmodallı nəqliyyatla malların daşınması”, “Beynəlxalq ödəmələr”və “Mübahisələrin həlli” mövzusunda məruzələr dinləniləcək. Xatırladaq ki, seminar yanvarın 28-dək davam edəcək.    

Fevral 2, 2016 3:09

“Azərbaycan Hava Yolları” (AZAL) yeni uçuş proqramı barədə elan edir

“Azərbaycan Hava Yolları” (AZAL) Türkiyənin məşhur kurort şəhərləri - Antalya, Bodrum, İzmir və Dalamana yeni uçuş proqramı barədə elan edir. “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, aviaşirkət bu il yeni istiqamətə - Alanya (Gazipaşa Beynəlxalq Hava Limanı) şəhərinə uçuşlara başlayır.   Bakı-Bodrum-Bakı reysləri 17 iyun tarixindən başlayaraq hər gün həyata keçiriləcək. Bu istiqamətdə aviabiletin qiyməti 149 avrodan başlayacaq.   Bakı-İzmir-Bakı reysləri 15 iyun tarixindən etibarən həftədə üç dəfə - bazar ertəsi, çərşənbə və şənbə günləri həyata keçiriləcək. Bu marşrut üzrə aviabiletin qiyməti də 149 avrodan başlayır.   Bakı-Dalaman-Bakı reysləri 1 iyul tarixindən etibarən həftədə iki dəfə - bazar ertəsi və cümə günləri həyata keçiriləcək. Aviabiletin qiyməti - 149 avrodur.   Yeni cədvələ əsasən, Bakı-Antalya-Bakı marşrutu üzrə birbaşa uçuşlar mayın 21-dən sentyabrın 27-ə kimi hər gün, aprelin 2-dən mayın 14-ə kimi və oktyabrın 15-dən etibarən həftədə bir gün olmaqla şənbə günləri həyata keçiriləcək. Yüksək tələbat olduğu halda reyslərin sayı həftədə 14-dək artırıla bilər. Bakı-Antalya-Bakı marşrutu üzrə aviabiletin qiyməti 139 avrodan başlayır.   Bakı-Alanya-Bakı yeni birbaşa marşrut üzrə uçuşlar iyulun 4-də başlayacaq və həftədə üç dəfə - bazar ertəsi, çərşənbə və cümə günləri həyata keçiriləcək. Bakı-Alanya-Bakı marşrutu üzrə aviabiletin qiyməti 139 avrodan başlayacaq.   Uçuşlar biznes və ekonom salonlu komfortlu Airbus A319/A320 və Boeing 757 laynerləri ilə həyata keçiriləcək.   Türkiyə kurortları həmişə Azərbaycan vətəndaşlarını əlverişli qiymətə təmtəraqlı istirahət imkanı ilə cəlb edib. Türkiyə kurortlarının əsas xüsusiyyəti çox sayda müxtəlif səviyyədə hər istəyə uyğun - ailə, gənclər və ya sakit istirahət üçün otellərin olmasıdır. Onların bir çoxu "hər şey daxil" (all inclusive) sistemi təklif edir. Aralıq və Egey dənizlərinin sahillərində isti cənub iqlimi və mənzərəli yerlər bütün dünyadan bu cənnət guşəsinə turistləri cəlb edir.    

Fevral 2, 2016 3:04

Ünvanlı sosial yardıma yeni qaydalar tətbiq olunacaq

"Ünvanlı sosial yardım verilən zaman istehlak kreditləri olanlara tətbiq olan məhdudiyyətlər aradan götürüləcək". Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Nazir Səlim Müslümov qeyd edib ki, ölkə başçısının tapşırığına əsasən ünvanlı sosial yardımın təkmilləşdirilməsi istiqamətində işləri davam etdiririk: "Hazırda bu prosesin avtomatlaşdırılması istiqamətində işlər görülür. Proqram təminatları hazırdır, yaxın vaxtlarda Bakının 2 rayonunda test işlərinə start veriləcək və Nazirlər Kabinetinin müvafiq qərarı qəbul olunacaq. Ünvanlı sosial yardımın təyin olunması və bunun üçün müraciət edilməsi və yaxud imtina edilməsi qaydaları yeni avtomatlaşdırılmış qaydalarla aparılacaq. Qaydalara əsasən, kredit öhdəliyinə görə olan məhdudiyyət aradan qaldırılacaq. Yeni qaydalar yaxın vaxtlarda Nazirlər Kabinetitərəfindən təsdiqlənəcək. Bu, onunla bağlıdır ki, müəyyən qrup insanlar var ki, zamanında banklardan istehlak kreditləri götürüblər, bu gün isə həmin kreditləri qaytara bilmirlər. Eyni zamanda ailənin gəlirləri çox aşağı olduğu üçün onların kredit öhdəlikləri həmin ailənin gəlirinin 50%-dən yuxarı çıxır. Nəticədə onlar nə krediti ödəyə bilir, nə də ünvanlı sosial yardımı ala bilmirlər. Bu da onların müəyyən qədər yaşam şəraitlərini xeyli çətinləşdirir. Ona görə, ölkə prezidentinin tapşırığına əsasən, bu məhdudiyyətlər götürüləcək. Bununla, həqiqətən gəlirləri aşağı olan və yaşam şəraitində problemləri olan ailələr belə istehlak kreditləri olmalarına baxmayaraq ünvanlı sosial yardım sisteminin üstünlüklərindən istifadə edə biləcəklər".

Yanvar 25, 2016 2:56