Kosmos sahəsi üzrə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Respublikasının Kosmik Agentlik (Azərkosmos) və Braziliya Kosmik Agentliyi arasında kosmos sahəsi üzrə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. “Azərkosmos”dan bildirilib ki, sənəd iki ölkə arasında kosmik elm, texnologiya və tətbiq sahələrinə dair əməkdaşlığı nəzərdə tutur və kosmik sahədə gələcək əməkdaşlıq üçün çərçivə yaratmaqda alət rolunu oynayacaq. Memorandum çərçivəsində tərəflər kənd təsərrüfatı, su ehtiyatları, şəhər və regional planlaşdırma, ətraf mühitin qiymətləndirilməsi, torpaq örtüyünün xəritəsi, fəlakətlərin monitorinqi, təbii ehtiyatların xəritələşdirilməsi, dəniz və yerüstü monitorinqi, geoməkan sistemləri, yerüstü peyk stansiyalarında kommunikasiyaya aid peyk görüntülərinin emalının nəticəsi olaraq, hər iki ölkədə sosial-iqtisadi inkişafı dəstəkləmək istiqamətlərini genişləndirəcək. Həmçinin kosmik elm, texnologiyalar və tətbiqlər sahələrində hər iki ölkənin peşəkarları üçün akademik və təlim imkanları araşdırılacaq. “Azərkosmos”un sədri Saməddin Əsədov kosmos sahəsində Braziliya ilə əməkdaşlığın vacibliyini vurğulayaraq qeyd edib ki, bu Memorandum və daha sıx tərəfdaşlıq nəticəsində Azərbaycanın kosmik sənayesi inkişaf etdiriləcək və kosmosla bağlı fəaliyyət genişləndiriləcək. Braziliya Kosmik Agentliyinin rəhbəri Marko Antonio Şamon bildirib ki, Azərbaycanın kosmik sektorda böyük potensialı var və ondan müxtəlif sahələrin, o cümlədən elmi tədqiqatlar, texnoloji innovasiyalar, təhsil və iqtisadiyyatın inkişafı üçün uğurla istifadə edilə bilər.xeber100.com

Noyabr 22, 2023 2:12

Avropa İttifaqı ölkələri qaz və elektrik enerjisinə qənaət etməyə davam etməli olacaqlar

Uzun müddət yüksək enerji xərcləri ilə üzləşəcək Avropa İttifaqı (Aİ) ölkələri qaz və elektrik enerjisinə qənaət etməyə davam etməli olacaqlar. Xarici KİV-lər xəbər verir ki, Avropa İttifaqına üzv ölkələrin keçən il enerji böhranı ilə əlaqədar həyata keçirdikləri təbii qaz istehlakının azaldılması, işıqların müəyyən vaxtlarda söndürülməsi və binalarda temperaturun aşağı salınması kimi müxtəlif qənaət tədbirlərini davam etdirmələri, həmçinin yeni tədbirlər görmələri gözlənilir. Keçən il başlayan Rusiya-Ukrayna müharibəsi ilə Rusiya Avropaya təbii qaz nəqlini dayandırdı, Aİ ölkələri isə enerji, xüsusilə təbii qaz və elektrik sahəsində böyük problemlər yaşadı. Avropa ölkələri xüsusilə ötən ilin əvvəlindən sürətlə artan təbii qaz və elektrik enerjisi qiymətləri ilə qarşılaşıb. Bu halda Aİ-nin enerji sahəsində Rusiyaya alternativi tez tapması mümkün olmadığından, yüksək enerji xərclərinin daha uzun müddət davam edəcəyi gözlənilir. Enerji qiymətlərinin qısa müddətdə azalmayacağı səbəbindən Aİ ölkələri qaz və elektrik enerjisinə qənaət etməyə davam etməli olacaq. Aİ ölkələri hər il təxminən 400 milyard kubmetr təbii qaz istehlak edir ki, bunun da 40 faizi Rusiyadan gəlir. Rusiyadan gələn axının kəsilməsi ilə Aİ ölkələri təcili olaraq təbii qaz istehlaklarını azaltmaq planını həyata keçirdilər. Bu çərçivədə Aİ ölkələri təbii qaz istehlaklarını son 5 ildə orta hesabla 15 faiz azaltmağa razılaşıblar. Bu plana fövqəladə hallarda istehlakın azaldılmasını məcburi edəcək maddələr də daxil edilib. Avropanın qaza tələbatın azaldılması planı qazdan alternativ yanacağa keçidin sürətləndirilməsi, istehlakın azaldılmasının təşviq edilməsi, isitmə və soyutmanın azaldılması kimi əsas elementləri əhatə edir. Qənaət tədbiri ilə yanaşı, təbii qaz çənlərinin qış mövsümünə qədər doldurulması üçün də hazırlıq işləri görülüb. Aİ ölkələrinin 110 milyard kubmetrə qədər təbii qaz anbarı tutumu var. Müharibənin başlaması ilə Aİ ölkələri yeraltı təbii qaz çənlərinin qış aylarına qədər doldurulmasını məcburi edəcək qanuni tənzimləmələr hazırladılar. Bu çərçivədə qaz çənlərindəki doluluğun qış dövrünə qədər 90 faizə çatdırılması planlaşdırılıb və həyata keçirilib. Bu məqamda boru kəməri qazından qat-qat baha başa gələn mayeləşdirilmiş təbii qazın (LNG) daşınması sürət qazanıb. Aİ-yə üzv ölkələrdə elektrik istehlakının 10 faiz azaldılmasını və pik saatlarda istehlakın məcburi olaraq 5 faiz azaldılmasını ehtiva edən fərqli bir plan hazırlandı. Bu çərçivədə Avropa ölkələri enerji qənaətini sürətləndirdi. Vətəndaşlardan və dövlət qurumlarından enerji qənaətinə diqqət yetirmələri istənilib. Avropa ölkələrində vətəndaşlara evlərində temperaturun aşağı salınması və işıqların söndürülməsi də daxil olmaqla enerjiyə qənaət tədbirlərinin həyata keçirilməsi çağırışları edilib. Aİ ölkələrində ictimai binalarda qış temperaturu azaldılıb və yayda soyutma səviyyəsi məhdudlaşdırılıb. Bəzi ölkələrdə iş yerlərində istilik sisteminin maksimum 19 dərəcə istilikdə işlədilməsi qərara alınıb. Gecələr mağaza vitrinlərinin işıqlarını yandırmaq qadağan olunub. Mağazanın işıqlandırılmasına yalnız müəyyən saatlarda icazə verilib. Bundan əlavə, ev təsərrüfatlarını enerjiyə qənaət etməyə təşviq etmək üçün ictimai xidmət elanları hazırlanıb. İctimai binalarda işıqlandırma saat 22:00-dan etibarən söndürülüb. Müəyyən dərəcədə uğurlu olan bu tədbirlərin əhəmiyyətli hissəsinin bu qış mövsümündə də davam etdirilməsi nəzərdə tutulur.xeber100.com

Oktyabr 30, 2023 3:28

Dünya Bankı ilə əməkdaşlığın perspektivləri müzakirə edilib

Energetika naziri Pərviz Şahbazov ilə Dünya Bankının enerji və infrastruktur üzrə regional direktoru Çarlz Cozef Kormier arasında görüş olub. Nazirlikdən bildiriblər ki, görüşdə Azərbaycanın təbii qaz və bərpa olunan enerji sahələrinin inkişafına dair siyasətinin hazırkı vəziyyəti və planları çərçivəsində Dünya Bankı ilə əməkdaşlığın inkişafı müzakirə edilib. Xüsusilə Dünya Bankının apardığı təhlillər əsasında qaz tədarükünə tələbat və bu sahəyə investisiya cəlb olunmasının perspektivi, eləcə də Azərbaycanın enerji keçidi istiqamətində fəaliyyəti və bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilədək 30 faizə çatdırılması hədəfinin reallaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb. Enerji təhlükəsizliyinin təminatında sabitlik aspektində diversifikasiya layihəsi Cənub Qaz Dəhlizinin genişləndirilməsinin əhəmiyyətindən bəhs edilib və bu xüsusda maliyyə institutları ilə əməkdaşlıq nəzərdən keçirilib. Həmçinin bərpa olunan enerji və enerji səmərəliliyi sahələrində Dünya Bankı ilə birgə icra edilən layihələrdən danışılıb. Bildirilib ki, hazırda Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə dənizdə külək enerjisindən istifadə üzrə Yol Xəritəsi çərçivəsində, eləcə də “Azərbaycan üçün Çevik Texniki Yardım Proqramının (AZTAF) enerji səmərəliliyi komponenti üzrə məsləhətçi xidmətlərinin göstərilməsi”, “Azərbaycanın enerji sistemində bərpa olunan enerji güclərinin genişləndirməsinə dəstək” layihələri üzrə əməkdaşlıq edilir. Eyni zamanda, qeyd edilib ki, 1862 MVt gücündə bərpa olunan enerji stansiyalarının şəbəkəyə inteqrasiyası məqsədilə elektrik enerjisi şəbəkəsinin gücləndirilməsi ilə bağlı Dövlət Proqramı hazırlanır. Söhbət zamanı “Gürcüstan-Rumıniya Qara dəniz sualtı enerji və rəqəmsal qoşulma xətti” layihəsinin texniki-iqtisadi əsaslandırılması prosesində iştirak edən Dünya Bankı ilə “yaşıl enerji”nin “Xəzər-Avropa İttifaqı Yaşıl Enerji Dəhlizi” və Naxçıvan üzərindən Türkiyə-Avropa xətti ilə ötürülməsi, həmçinin digər potensial istiqamətlər üzrə də əməkdaşlıq imkanları dəyərləndirilib.xeber100.com  

Oktyabr 30, 2023 2:53

Qarşılıqlı əməkdaşlığa dair anlaşma memorandumunun imzalanması mərasimi keçirilib

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC), “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyəti və Hindistanın “Devngi Innovations LLP” şirkəti arasında qarşılıqlı əməkdaşlığa dair anlaşma memorandumunun imzalanması mərasimi keçirilib. QSC-dən bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mərasimdə memorandumu “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru Ülvi Mansurov və “Devngi İnnovations LLP” şirkətinin səlahiyyətli nümayəndəsi Sanat Nareşkumar Vaviya imzalayıblar. Anlaşma memorandumunun imzalanmasında əsas məqsəd Azərbaycan-Hindistan tərəfdaşlığı əsasında ölkəmizdə sintetik (süni) almaz sənayesi, təbii almaz emalı infrastrukturunun qurulması imkanlarının öyrənilməsi, birgə şirkətin yaradılması və fəaliyyətinin təşkil edilməsidir. Z.İbrahimov qeyd edib ki, müasir nəqliyyat-logistika infrastrukturuna malik olan Azərbaycanın əlverişli coğrafi mövqeyi iqtisadiyyatın ən müxtəlif sahələrində beynəlxalq əməkdaşlıq əlaqələrini inkişaf etdirməyə imkan verir. Bu xüsusda dünyada sintetik almaz istehsalı sahəsində aparıcı ölkə hesab edilən Hindistanla əməkdaşlıq şəraitində yeni istehsal infrastrukturunun qurulması ölkə iqtisadiyyatı üçün geniş perspektivlər vəd edir. İdarə Heyətinin sədri təbii və sintetik almazların emalı proseslərinin oxşar olduğunu nəzərə alaraq, Azərbaycanın Kimberley Prosesinə üzv kimi qəbul edilməsi üçün aidiyyəti dövlət qurumlarına müraciət edildiyini və həmin qurumlar tərəfindən prosesə başlanıldığını bildirib. Z.İbrahimov Azərbaycanın bu Prosesə üzvlüyü təsdiqləndikdən sonra təbii almaz emalı sahəsinin qurulması istiqamətində də tərəflərin birgə səyləri ilə müvafiq addımların atılacağını qeyd edib. O əlavə edib ki, layihənin uğurlu icrası nəticəsində yeni istehsal sahələri, iş yerləri yaranacaq, yeni növ məhsulların ixracı, idxalı həyata keçiriləcək. Bu, qeyri-neft sektorunun Ümumi Daxili Məhsulda payının artmasına, ölkəmizin zərgərlik sənayesinin çoxşaxəli inkişafına da öz müsbət təsirlərini göstərəcək. Ekologiya və təbii sərvətlər naziri, Azərbaycan Respublikası və Hindistan Respublikası arasında Ticarət, İqtisadi, Elmi və Texnoloji Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Muxtar Babayev isə ölkəmizdə sintetik almaz sənayesinin, təbii almaz emalının təşkili istiqamətində qurulan əməkdaşlığın Azərbaycan və Hindistan arasında mövcud iqtisadi əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Tədbirdə, həmçinin “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru Ü.Mansurov, Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov, “Devngi İnnovations LLP” şirkətinin səlahiyyətli nümayəndəsi S.N.Vaviya çıxış edərək, ilkin mərhələdə sintetik almaz istehsalı üzrə Ələt Azad İqtisadi Zonasında yaradılması nəzərdə tutulan birgə müəssisənin fəaliyyəti ilə Azərbaycan üçün ənənəvi olmayan sektorun təməlinin qoyulacağına diqqət çəkiblər. Qeyd edək ki, Hindistanın “Devngi İnnovations LLP” şirkəti sintetik almaz sənayesində geniş təcrübəyə malik olmaqla, CVD (kimyəvi buxarçökmə texnologiyası ilə yetişdirilən sintetik almazlar) almazlarının istehsalçısıdır.

Oktyabr 25, 2023 3:45

“Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında” qanun layihəsi təsdiq edilib

Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndinə əsasən “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında” qanun layihəsini ikinci oxunuşda təsdiq edib. Sənəd parlamentin oktyabrın 20-də keçirilən iclasının gündəliyində müzakirəyə çıxarılıb. Qeyd edək ki, 12 fəsil, 84 maddədən ibarət olan sənəd doqquz əsas istiqamət üzrə tənzimləməni özündə ehtiva edir. Məcəllədə haqsız rəqabətin formaları, rəqib təsərrüfat subyektini nüfuzdan salan, rəqibin sahibkarlıq fəaliyyətini təqlid edən, müştəriləri çaşdırmağa, yaxud aldatmağa yönəldilmiş hərəkətlərlə bağlı maddələr yer alıb. Sənəddə rəqabət siyasətinin prinsipləri, Məcəllənin tətbiq dairəsi, rəqabətin əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə bağlı müddəalar öz əksini tapıb. Rəqabət sahəsində bazar subyektlərinin vəzifələri və hüquqları ilə müddəaların yer aldığı qanun layihəsi rəqabət mühitinin tənzimlənməsi, inhisarçılıqla mübarizə məqsədilə hazırlanıb. Rəqabət Məcəlləsinin qəbul olunması ölkə iqtisadiyyatının inkişafı, biznes mühitinin əlverişliliyinin artırılması, azad sahibkarlığın təşviqi baxımından mühüm əhəmiyyət kəsb etməklə, ölkədə sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətinin hüquqi əsaslarını müəyyən edəcək. Yeni məcəllə, eyni zamanda, istehlakçıların hüquqlarının müdafiəsini, məhsul və xidmətlərin keyfiyyətinin daha da artırılmasını hədəfləyir. Məcəllənin qəbulu ilə “Antiinhisar fəaliyyəti haqqında”, “Haqsız rəqabət haqqında”, “Təbii inhisarlar haqqında” qanunlar ləğv edilir və bazar iqtisadiyyatında rəqabətlə bağlı digər hüquqi aktlar yeni, vahid hüquqi sənəddə birləşdirilir. Xatırladaq ki, qanun layihəsi əvvəllər Milli Məclisin plenar iclasında müzakirə edilsə də, üçüncü oxunuşdan keçməyib. Bu Qanun dərc edildiyi gündən 6 ay sonra qüvvəyə minəcək. Qanun layihəsi səsvermədən sonra ikinci oxunuşda qəbul edilib.xeber100.com

Oktyabr 20, 2023 2:39