Asiya İnfrastruktur İnvestisiya Bankı videokonfrans formatında işə başlayıb

Azərbaycanın təsisçi-üzv olduğu Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) 5-ci illik iclası COVID-19 pandemiyası səbəbindən iyulun 28-də videokonfrans formatında işə başlayıb.Azərtac xəbər verir ki, bankın Rəhbərlər və Direktorlar şuralarının üzvləri, ekspertlər iki gün davam edəcək iclasın müxtəlif mövzular üzrə vebinarlarında üzv ölkələr arasında əməkdaşlığın dərinləşdirilməsinin və bazarların daha sıx əlaqələndirilməsinin vacibliyinə, yaşıl iqtisadiyyatın qurulmasına, rəqəmsal uçurumun aradan qaldırılmasına və digər mövzulara dair müzakirələr aparırlar.İclasda Çin nümayəndəsi Cin Liçun ikinci müddətə bankın prezidenti seçilib. Onun 5 illik ikinci prezidentlik müddəti gələn ilin yanvarında başlayacaq.Qeyd edək ki, 2016-cı ilin yanvarında Azərbaycan da daxil olmaqla 57 təsisçi-üzv ölkə tərəfindən yaradılan bank 100 milyard ABŞ dolları nizamnamə kapitalı ilə Asiyada enerji, nəqliyyat, şəhərsalma, su təchizatı, logistika, telekommunikasiya, kənd təsərrüfatı, ətraf mühit və digər sahələr üzrə infrastruktur layihələri maliyyələşdirir. Hazırda bankın təsdiqlənmiş üzvlərinin sayı 82-dir. Daha 20 dövlət isə ölkədaxili proseduru bitirdikdən sonra AİİB-in təsdiqlənmiş üzvlərinin sırasına qoşulacaq. Bank fəaliyyətə başladığı vaxtdan indiyədək Azərbaycan da daxil olmaqla, bir neçə ölkədə 87 layihəyə ümumilikdə 19,6 milyard dollar kredit ayırıb. AİİB 2016-cı ilin dekabrında Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsinə 600 milyon dollar kredit verib.xeber100.com

İyul 28, 2020 10:05

İctimai iaşə və ərzaq satışı müəssisəsində reyd keçirilib

Koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydləri davam etdirir.Agentlikdən Azərtac-a bildiriblər ki, AQTA-nın əməkdaşları tərəfindən iyulun 25-də Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 37 ictimai iaşə obyekti, 156 ərzaq satışı mağazası olmaqla ümumilikdə 193 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.Reyd keçirilən obyektlərdən 72-sində Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb.Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək. Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.xeber100.com

İyul 26, 2020 7:16

İqtisadi əməkdaşlıq üzrə təkliflər paketi hazırlanır

Xarkov vilayəti dövlət administrasiyasının sədri Aleksey Kuçer və Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova iki ölkə arasında, o cümlədən sənaye sahəsində əməkdaşlığın perspektiv istiqamətlərini müzakirə ediblər.Azərtac xəbər verir ki, Xarkov vilayəti dövlət administrasiyasının başçısı və Elmira Axundova əməkdaşlıq üzrə konkret təkliflər paketinin Ukrayna-Azərbaycan parlamentlərarası komissiyasına təqdim edilməsi üçün iki gün ərzində hazırlanması barədə razılığa gəliblər.Vilayət dövlət administrasiyasının sədri Azərbaycan ilə uzun müddət əlaqələri olan Xarkovun iri müəssisəsi - “Turboatom” zavodunun imkanlarına diqqəti çəkib. Aleksey Kuçer deyib: “Turboatom” sizin hidroelektrik stansiyalarınız üçün xeyli vaxtdır xammal tədarük edir. Biz bilirik ki, Azərbaycan stansiyalarında istifadədə olan bir sıra konstruksiyalarımızın artıq yenilənməyə ehtiyacı var. Biz sifarişi yerinə yetirməyə hazırıq. Üstəlik, “Turboatom” səviyyəsində avadanlıq buraxan müəssisələrin sayı dünya üzrə altıdan artıq deyil. Biz “Siemens” səviyyəli şirkətlərlə layiqincə rəqabət aparırıq”.A. Kuçer Xarkov regionunun təyyarəqayırma sahəsindəki imkanlarından da söhbət açıb.Vilayət rəhbəri deyib: “Prezident komandası mülki aviasiyaya xüsusi əhəmiyyət verir və biz təyyarəqayırmanı dirçəltmək üzərində işləyirik. Bizim təyyarələr bütün dünyada məşhurdur. Hətta Prezidentimiz özü Ukrayna istehsalı olan təyyarədə uçur və bu, əlamətdar haldır. Son illərdə bizim Xarkov aviazavodu ağır dövrlərini yaşadı, lakin indi biz sahəni ciddi nəzarətə götürmüşük. Bizim satışa hazır olan məhsulumuz var və bu məhsul yüksək keyfiyyətə malikdir. Biz, həmçinin sifarişlər qəbul etməyə hazırıq”.xeber100.com    

İyul 24, 2020 11:01