TANAP ilə Türkiyəyə 1,6 milyard kubmetr təbii qaz nəql olunub

Bu ilin yanvar-may aylarında TANAP ilə Türkiyəyə 1,6 milyard kubmetr təbii qaz nəql olunub.Energetika Nazirliyindən Azərtac-a bildirilib ki, istismara veriləndən iyunun 1-dək isə TANAP-la Türkiyəyə 5,47 milyard kubmetr qaz nəql edilib.Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə nəql edən TANAP boru kəməri Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə qoşulub, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşib. Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan və 3500 kilometrlik Cənub Qaz Dəhlizinin birləşdirici halqasını təşkil edən TANAP-ın Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düymlük hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düymlük hissəsinin uzunluğu isə 480 kilometrdir. Mərmərə dənizi boyunca isə boru kəmərinin diametri 36 düym təşkil edir. İki fazada icra olunan layihə çərçivəsində boru kəmərinin uzunluğu (19 kilometri Mərmərə dənizindən keçməklə) ümumilikdə 1850 kilometrdir.TANAP Türkiyənin Gürcüstanla sərhədindəki Ardahan vilayətinin Posof mahalından başlayaraq 20 şəhər və 67 vilayətindən keçməklə qardaş ölkənin Yunanıstanla sərhədindəki Ədirnə vilayətinin İpsala qəsəbəsinədək uzanır. “Enerjinin İpək yolu” adlandırılan TANAP layihəsi təbii qazın “Şahdəniz”, eyni zamanda, Azərbaycanın digər yataqlarından Avropa bazarlarına nəql edilməsi potensialına görə mühüm siyasi və iqtisadi əhəmiyyətə malikdir.2018-ci il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib.xeber100.com

İyun 24, 2020 3:01

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə müntəzəm daxili reyslər bərpa edilir

Koronavirus infeksiyası pandemiyasının başlandığı müddətdən ilk dəfə olaraq milli aviadaşıyıcı “Azərbaycan Hava Yolları” QSC (AZAL) iyunun 18-dən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə müntəzəm daxili reysləri bərpa edir.QSC-nin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, qeyd edilən reyslərə 2-ci terminalda xidmət göstərilir.Uçuşa yalnız Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən akkreditə olunmuş xüsusi laboratoriyalarda koronavirus üçün müayinədən keçən və mənfi nəticə əldə edən sərnişinlər buraxılır. Müayinə uçuşdan ən gec 48 saat əvvəl aparılmalıdır. Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə və ölkədəki epidemioloji vəziyyətlə əlaqədar sərnişinləri yola salan vətəndaşların aerovağzal ərazisində toplaşması qadağandır.Reyslər həftədə iki dəfə - çərşənbə axşamı və cümə axşamı günləri yerinə yetiriləcək. Aviabiletin dəyərinə 23 kiloqram çəkidə baqaj daxildir. Kişi portfeli və ya qadın çantası istisna olmaqla əl yükü, o cümlədən “Duty free” mağazalarından alınan əşyaların daşınması qadağandır.Cari şərtlərə uyğun olaraq, Bakı-Naxçıvan-Bakı reyslərinə aviabilet satışı Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyi tərəfindən təqdim olunmuş sərnişinlərin siyahısına əsasən həyata keçirilir. Təsdiq edilmiş siyahı daxil olduqdan sonra aviaşirkətin çağırış mərkəzi sərnişinlərlə əlaqə yaradaraq aviabiletin dəyərinin ödənilməsi qaydasını izah edir.Reyslərdə yerlərin sayının məhdud olduğunu nəzərə alaraq, “Azərbaycan Hava Yolları” ilk növbədə təcili uçuşa ehtiyacı olan sərnişinlərin aviabilet almaq üçün müraciət etmələrini tövsiyə edir.xeber100.com

İyun 18, 2020 2:46