Avropaya nəql ediləcək TAP boru kəməri layihəsinin 92 faizi tamamlanıb

Azərbaycan təbii qazını Avropaya nəql edəcək TAP boru kəməri layihəsi üzrə işlərin - mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla 92 faizi tamamlanıb.Azərtac xəbər verir ki, bu barədə boru kəmərinin operatoru olan TAP AG şirkəti məlumat yayıb. Bildirilir ki, hazırda boru kəməri tikinti mərhələsindədir. TAP-ın inşası üzrə hər gün yüzlərlə metr ərazi təmizlənir, borular marşrut xətti boyunca düzülür, qaynaqlanır, xəndəyə endirilir və torpaq örtüyü bərpa olunur.Qeyd edək ki, TAP-ın inşası çərçivəsində “Saipem” şirkətinin “Castoro 6” borudüzən gəmisi İtaliyanın San Foka bölgəsində işlərə başlayıb. Uzunluğu 152 metr və eni 70,5 metr olan bu gəmi TAP-ın Adriatik dənizindəki 105 kilometrlik hissəsində, yəni İtaliyadan Albaniyayadək hissədə boruları inşa edəcək.TAP-ın quru hissəsində, Yunanıstan, Albaniya və İtaliya marşrutunda boruların hamısı torpağa basdırılıb. Boru kəmərinin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olan ilkin layihəsi üzrə biri Kipoidə (Yunanıstan), digəri isə Fierdə (Albaniya) olmaqla ümumilikdə 2 kompressor stansiyasının inşası tamamlanıb. Kompressor stansiyaları ilə yanaşı, Albaniyanın şərqində, Bilisht regionunun yaxınlığında ölçmə stansiyasının tikintisi də yekunlaşıb. İtaliyadakı təbii qazın qəbulu terminalının isə tikinti işlərinin 65 faizi başa çatıb.İlk mərhələ istifadəyə verildikdən sonra təbii qaz tədricən boru kəmərinin Yunanıstan marşrutunun digər hissələrinə, eləcə də Albaniya və İtaliyaya mərhələli şəkildə nəql edilməyə başlanacaq.Layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır.TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).xeber100.com

Fevral 14, 2020 11:30

OPEC və qeyri-OPEC ölkələrinin Birgə Texniki Komitəsi toplantı keçirəcək

OPEC və qeyri-OPEC ölkələrinin Birgə Texniki Komitəsi (JTC) bu gün Vyanada toplantı keçirəcək.Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, “OPEC+” koalisiyasının texniki mütəxəssisləri neftin qiymətinin kəskin ucuzlaşmasına hansı reaksiyanın veriləcəyini, koronavirusun bazara və neft tələbatına təsirini, buna cavab olaraq hansı tədbirlərin görüləcəyini qiymətləndirəcəklər.Bu yığıncaq kartelin neft məhdudiyyətlərinin nəzərdən keçiriləcəyi təcili nazirlər toplantısının ayın sonunda təşkilinin mümkünlüyünə qərar verməyə kömək edəcək.Xatırladaq ki, OPEC-in baş katibi Məhəmməd Barkindo daha əvvəl martda Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatının iclasının keçiriləcəyini deyib.Qeyd edək ki, yanvarda dünya birjalarında xam neftin qiyməti 16 faiz azalıb. Hazırkı qiymət isə OPEC-ə üzv ölkələrin əksəriyyətinin dövlət xərclərini ödəmək üçün tələb olunan qiymət səviyyəsindən aşağıdır. Belə ki, OPEC koronavirusun səbəb olduğu neft tələbatındakı azalma səbəbindən çətin günlər keçirir.2019-cu il dekabrın 6-da OPEC və qeyri-OPEC Nazirlərinin VII Görüşündə “OPEC plus” üzrə gündəlik neft hasilatının daha 500 min barrel azaldılması barədə qərar qəbul edilib. Yeni “Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq, Azərbaycanın öhdəliyi 27 min barrel müəyyən edilib. 2020-ci ilin yanvar ayından etibarən Azərbaycan gündəlik neft hasilatını 769 min barrel həcmində saxlamalıdır.xeber100.com

Fevral 4, 2020 2:30