Oktyabrın 1-dən Azərbaycanda şəhərlərarası sərnişin daşınmasında gecə reyslərinə başlanılacaq.Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) Azərtac-a bildirilib ki, “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”na uyğun, əhalinin gecə vaxtı həyata keçirilən şəhərlərarası sərnişin daşımalarına olan tələbatının təmin edilməsi və bu sahədə qeyri-qanuni sərnişin daşınmasının qarşısının alınması məqsədilə gecə reyslərinin yenidən bərpasına dair sərnişin müraciətləri nəzərə alınaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında DANX-ın Nazirlər Kabinetinə təqdim etdiyi təklifə razılıq verilib. DANX tərəfindən xidmətin həyata keçirilməsi zamanı tam təhlükəsizlik qaydalarına əməl olunması, reyslərin təşkili zamanı bütün risklərin nəzərə alınmasına dair tapşırıq Bakı Beynəlxalq Avtovağzal Kompleksinə verilib və artıq müvafiq müqavilələr bağlanıb. Oktyabrın ayının 1-dən etibarən Bakı-Gəncə-Bakı, Bakı-Qırmızı Körpü-Bakı, Bakı-Mingəçevir-Bakı, Bakı-Tərtər-Bakı istiqamətində test rejimində iri tutumlu, müasir, komfortlu, Almaniyanın “MAN” şirkətinə məxsus “Neoplan” avtobusları ilə uzun fasilədən sonra ilk gecə reysləri xidmətə başlayacaq.Gecə reysləri zamanı təhlükəsizlik qaydalarına tam əməl edilməsi məqsədilə hər iki istiqaməti dar hərəkət zolaqlarından ibarət olan, xüsusilə dağ relyefli avtomobil yollarında daşımaların həyata keçirilməsinə yol verilməyəcək. Uzaq məsafələrə nəzərdə tutulan marşrutlar üzrə avtobuslara iki sürücünün təhkim olunmasına dair tapşırığın icrası zəruri olacaq.Sınaq rejimi payız və qış ayları boyunca davam edəcək. Növbəti ildən ehtiyac yaranarsa prosesə yeni daşıyıcılar cəlb olunacaq.Xatırladaq ki, 2010-cu il mayın 6-dan etibarən Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzaldan (hazırda Bakı Beynəlxalq Avtovağzal Kompleksi) şəhərlərarası istiqamətdə uzaq məsafələrə yola düşən avtobusların qrafikində dəyişiklik edilib. Tapşırığa əsasən, gecə saatlarında avtobusların Bakıya doğru və əks istiqamətdə hərəkətinə qadağa qoyulub, saat 01:00-dan 06:00-dək isə sürücülərin istirahət vaxtı kimi müəyyən edilib. Bakıdan müxtəlif istiqamətlərə gedən avtobusların yoladüşmə vaxtı saat 20:00-dan sonra məhdudlaşdırılıb.xeber100.com