VII Avropa Film Festivalının açılışı olub

Noyabrın 3-də Bakıda VII Avropa Film Festivalının açılışı olub. Azərtac xəbər verir ki, açılışı “Park Bulvar”da baş tutan film festivalı Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi və üzv ölkələrin Bakıdakı səfirliklərinin birgə təşkilatçılığı ilə keçirilir. Açılışda “Park Cinema” kinoteatrlar şəbəkəsinin direktoru Namiq Quliyev çıxış edərək deyib ki, festivalda Avropa İttifaqının 19 ölkəsində istehsal olunmuş bədii və sənədli filmlər nümayiş olunacaq. Festival çərçivəsində tamaşaçılara müxtəlif kateqoriyalarda - komediya, dram, romantika, fantastika, macəra janrlarında bədii və sənədli ekran əsərləri təqdim ediləcək. N.Quliyev festivalda maksimum sayda iştirakçı və tamaşaçı sayını təmin etmək üçün Avropa İttifaqının Azərbaycan nümayəndəliyi və “Park Cinema” kinoteatrlar şəbəkəsinin genişmiqyaslı PR kampaniyası həyata keçirdiklərini qeyd edib. Vurğulanıb ki, builki festivalı izləmək üçün 6-7 min insanın iştirakı nəzərdə tutulur. Həmçinin qeyd olunub ki, festival Azərbaycan və Avropa kino xadimlərinin mübadilə aparmaları üçün əlverişli platformadır. Filmlər proqrama əsasən “Park Cinema” kinoteatrlar şəbəkəsinin “Park Bulvar”, “Metropark” və “Flame Tower” kinoteatrlarında nümayiş olunacaq. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard festivalın nümayiş olunacaq ekran əsərləri vasitəsilə Avropa mədəniyyətinin müxtəlif rakurslardan tamaşaçılara çatdırılması baxımından əhəmiyyətli olduğunu deyib. Xanım diplomat bildirib ki, artıq yeddinci dəfə keçirilən festival “Park Cinema” kinoteatrlar şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində təşkil olunur. M.Mard 10 gün davam edəcək festivalın baş tutmasında göstərilən dəstəyə görə Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirib. İspaniyanın ölkəmizdəki müvəqqəti işlər vəkili Xose Luis Die festivalın açılışında nümayiş olunan “Bağlı gözlərlə yaşamaq asandır” adlı ispan filmi haqqında məlumat verib. Bildirilib ki, rejissor David Truebenin komediya-dram janrında ekranlaşdırdığı film bir sıra mükafatlar, o cümlədən ən yaxşı film nominasiyası da daxil olmaqla altı “Qoyya” mükafatı qazanıb. Daha sonra festival İspaniya və Yunanıstan istehsalı olan “Bağlı gözlərlə yaşamaq asandır”, “Kiçik İngiltərə” adlı filmlərin nümayişi ilə açıq elan olunub.xeber100.com

Noyabr 4, 2016 11:15

“Kinematoqrafiya haqqında” yeni qanun layihəsi…

Noyabrın 1-də Milli Məclisin mədəniyyət komitəsinin iclası keçirilib. Komitənin sədri Rafael Hüseynov deyib ki, kino ilə bağlı hazırda qüvvədə olan qanun 1998-ci ildə qəbul olunsa da, o vaxtdan indiyə qədər Azərbaycan xeyli inkişaf yolu keçib və kino haqqında yeni qanuna ehtiyac var. Komitə sədri “Kinematoqrafiya haqqında” yeni qanun layihəsi ilə bağlı məlumat verib. O deyib ki, 12 fəsil, 40 maddədən ibarət yeni qanun filmlərin istehsalı və yayımlanması, milli kinematoqrafiyanın təbliği və qorunması sahəsində yaranan münasibətləri tənzimləyir. Milli kinematoqrafiya irsinin qorunması, milli filmlərin istehsalı və yayımlanması, uşaqlar və gənclər üçün filmlərin istehsalı və yayımlanması, kinematoqrafiya sahəsində fəaliyyətin əlaqələndirilməsi, dünya kinematoqrafiya sənətinin təbliği, kinematoqrafiya sahəsində kadrların hazırlanması və onların peşəkarlıq səviyyəsinin artırılması, kinematoqrafiya sahəsinə sərmayələrin qoyulması üçün tədbirlərin təşkil edilməsi kinematoqrafiya sahəsində dövlət siyasətinin əsas istiqamətlərini təşkil edir. Sənədə əsasən kinematoqrafiya sahəsində film komissiyaları da yaradılacaq. Film komissiyası Azərbaycanda audiovizual əsərlərin və filmlərin istehsalına dəstək verən publik hüquqi şəxs olacaq. Komissiyalar fəaliyyətini “bir pəncərə” prinsipi əsasında quracaq və müraciət edən prodüserə audiovizual əsərlərin və filmlərin istehsalında xidmətlər təqdim edəcək. Qanun layihəsində qeyd edilir ki, gənc istedadların aşkarlanması, onların yaradıcılığının inkişaf etdirilməsi məqsədilə dövlət tərəfindən tədbirlər görülür. Gənc kinematoqrafçıların bilik və bacarıqlarının, peşəkar səviyyələrinin artırılması və yaradıcılıqlarının inkişafı məqsədilə həvəsləndirmə tədbirlərinin təşkili müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Yeni qanuna əsasən Azərbaycan Respublikasının müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, konstitusiya quruluşuna, iqtisadi, müdafiə, elmi-texniki potensialına və milli maraqlarına zərər vura biləcək filmlərin istehsalına və yayımına yol verilmir. Azərbaycanda kinematoqrafiya sahəsinə güzəştli kreditlərin verilməsi də nəzərdə tutulur. Bu da müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək. Azərbaycanda milli filmlərin televiziya yayımı Azərbaycan dilində həyata keçirilməlidir. Xarici filmlərin televiziya yayımına yalnız Azərbaycan dilinə dublyaj olunduqdan sonra icazə veriləcək. Azərbaycan ərazisində fəaliyyət göstərən kinozallardan və kinoteatrlardan aztəminatlı əhalinin, əlillərin və sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqların, müharibə iştirakçılarının güzəştli istifadə etmələrinə şərait yaradılacaq. Layihədə həm də milli film şəhadətnamələrinin verilmə qaydası müəyyən edilib. Belə ki, həmin şəhadətnamə filmin yayım dövrünə qədər verilərsə, lakin film istehsalçısı filmin istehsalını 1 ildən artıq müddətə dayandırarsa və film yayıma verilməzsə, həmin şəhadətnamə müvafiq icra hakimiyyətinin qərarı ilə ləğv ediləcək və milli film istehsalçısına həmin filmlə əlaqədar verilən güzəştlər ləğv ediləcək. İclasda çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki, Azərbaycanda fəaliyyət göstərən kinostudiyalar ölkəyə gəlir gətirmək üçün davamlı və dayanıqlı avadanlığa malik olmalıdır. O qeyd edib ki, Azərbaycanda 40-a yaxın prodüser mərkəzi fəaliyyət göstərir. Onların da demək olar ki, 99,9 faizinin film istehsal etmək və onun istismarı ilə məşğul olmaq üçün heç bir maddi-texniki bazası yoxdur. Ancaq bütün bunlara baxmayaraq, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının dəstəyi ilə onlar son illərdə dünya kino bazarında uğur qazanan bir neçə filmə imza ata biliblər. Ancaq “Azərbaycanfilm”in də malik olduğu texnika yüksək səviyyədə deyil. Çünki həmin texnikalar sovet dövründən qalmadır. Hətta onlar belə dövlət sifarişi ilə çəkilən filmlər üçün xarici ölkələrdən yüksək səviyyəli, günün tələblərinə cavab verən texniki avadanlıq icarəyə götürür. “Gömrük tarifi haqqında” Qanuna edilən dəyişikliyə əsasən sənədə 20.0.20-ci maddə əlavə edilir. Yeni maddəyə əsasən milli film istehsalçıları müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında kino texnikasının, kino texnoloji avadanlıqlarının və kino qurğularının idxalına görə 2017-ci il yanvarın 1-dən 3 il müddətinə gömrük rüsumlarından azad edilirlər. Vergi Məcəlləsinə əlavə olunması nəzərdə tutulan 106.1.18-ci maddəyə görə, milli film istehsalçılarının müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında milli filmlərin istehsalı və satışından əldə etdiyi mənfəətin 50 faizi 2017-ci il yanvarın 1-dən 3 il müddətinə vergidən azad edilir. 164.1.36-cı maddəyə əsasən, milli film istehsalçıları müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında kino texnikasının, kino texnoloji avadanlıqlarının və kino qurğularının idxalında 2017-ci il yanvarın 1-dən 3 il müddətinə vergi ödəməkdən azad edilirlər. Sonda qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.xeber100.com

Noyabr 2, 2016 12:35