İsmayıl Atakişiyev-50

14 Yanvar 2024 22:21

Xəbər 951 dəfə oxunub

“Oynadığım rollar çoxdur. Teatrın repertuarında elə bir tamaşa yoxdur ki, mən orada rol almayım. İrili-xırdalı müxtəlif rolları canlandırmışam. “Dəli Domrul”da Dəli Domrulu, “Daşa dönmüş ürək”də professor Cəmşidov, “Nəsimi”də Şeyx Əzəmi, “Türk sancağı”nda cinli Həsəni, “Vətənə igidlər gərək”də komandir, Abdulla Qurbaninin “Çingiz” dastanı əsasında səhnələşdirilmiş tamaşada komandir rollarını oynamışam. İndiki şəraitdə içimdən keçən bir rol var, döyüşlərdə iştirak edib qələbə çalan və torpaqlarımıza Bayraq sancaq komandirlərdən birini canlandırmaq istəyərdim. Düzdür, indiyə qədər müxtəlif komandir obrazlarını canlandırmışam, amma Şuşaya Bayraq sancan komandir obrazını oynamaq istəyərəm” deyən Bakı Bələdiyə Teatrının truppa müdiri, aparıcı aktyor, I Qarabağ Müharibəsi veteranı, Azərbagcan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin üzvü İsmayıl Atakişiyevin yubileyidir, 50 yaşı tamam olur.

İsmayıl Atakişiyev 15 yanvar 1974-cü ildə Cəbrayıl rayonunun Karxulu kəndində anadan olub. 1996-2000-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram kino aktyorluğu fakultəsində teatr rejissoru Vaqif İbrahimoğlunun kursunda təhsil alıb. 4 il I Qarabağ müharibəsində iştirak edib. 2000-2004-cü illərdə Azərbaycan Dövlət Gənclər Teatrında aktyor kimi fəaliyyət göstərmişəm. Teatrın səhnəsində “Ördək ovu”, “Vicdanın hökmü”, “Labirint”, “Mamoy kişinin yuxuları”, “Anamın kitabı” və s. tamaşalarda oynamışam. 2004-cü ildən Bakı Bələdiyyə Teatrında çalışır, teatrın repetuarında olan tamaşalarda maraqlı obrazlar silsiləsi yaradıb. Hazırda teatrın truppa müdiridir.

Bakı Bələdiyyə Teatrının səhnəsində “Türk sancağı”(çinli Həsəni), “Dəli Domrul”(Dəli Domrul), “Ölülər”, “Daşa dönmüş ürəklər”(professor Cəmşidov), ”Qaravəlli”, “Bəylik dərsi”, “Əli və Nino”, “Nargin Faciəsi”, “Vətənə igidlər gərəkdir”(komandir), “Çingiz dastanı”(komandır), “Şanlı Vətən”, “Nəsimi”(Şeyx Əzimi), “Nizami”, “Sehrbaz”, “Şuşada ürəyim qaldı”, “Xocalıya gedən yollar”, “Ana tarla” və s. tamaşalarda oynayıb. Teatrla yanaşı, eyni zamanda film və seriallarda da çəkilib. “Durnalar qayıdanda”, “Məhəbbətə məğlub”, “Bir ovuc torpaq”( bədii serial), “Tək olanda qorxma”… (2013-2015, bədii serial) və s.) “Cəhd” (2015, qısametrajlı bədii film), “Əli və Nino (2016, tammetrajlı bədii film) və s. serial və filmlərdə rəngarəng rollar oynayıb. Hazırda “Qaynata ocağı” serialında çəkilir.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin(AVMVİB) üzvüdür. “Böyük zəfər”, “Müharibə Veteranı, “Azərbaycan Silahlı Qüvvələrin yaranmasının (1918-2018) 100 illiyi” yubiley xatirə medalları ilə təltif olunub.

Cəbrayıldan Bakıya və ya 30 illik həsrətə son

İsmayıl Atakişiyev Cəbrayıl rayonunun Karxulu kəndində dünyaya göz açIb, orta məktəbi də elə adı keçən rayonda bitirib. 90-cı illərdə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə sənədlərini versə də imtahanda kəsilib. Eyni ildə yaşıyla əlaqədar olaraq ordu sıralarına çağrılıb. Həmin vaxt I Qarabağ Müharibəsinin ən qızğın dövrü idi.

4 ilə yaxın müddətdə orduda xidmət edib, Dağlıq Qarabağın bir çox yerlərində -Qubadlıda, Cəbrayılda, Ağdərədə döyüşüb, Suqovuşan ərazisində olub. Ağdərədə döyüşlərində iştirak edərkən yaralanıb.

İ.Atakişiyev deyir ki, Cəbrayıl kimi gözəl eldən, o gözəl obadan 30 ildir ki, aralı düşmüşəm. 30 il… Səslənəndə çox asan səslənir, amma elə deyil. 30 il insan ömrü üçün çox uzun bir vaxtdır. 30 ilin keçməsinə baxmayaraq o yerləri hər bir detalına qədər, xırdalığına qədər xatırlayıram. Cəbrayıl rayonu dağlıq və dağətəyi rayon sayılır. Böyüyüb boya-başa çatdığım kənd dağətəyidir. O vaxt ora dağətəyi deyil, Araz boyu deyərdik. Kəndimizin bir tərəfi dağdır, bir tərəfi isə Arazla əhatə olunub. Ona görə Araz boyu deyirdik. Cəbrayıl bulaqları, çinarları ilə məşhur olan bir rayondur. Sizə bir şey deyim, bu 30 ildə yuxularımda kəndimizi görürdüm. İnanın ki, yuxumda gördüyüm gün çox gözəl keçirdi mənim üçün. Mənə elə gəlir ki, bu tək məndə belə deyil, bütün qaçqın və məcburi köçkünlərdə belədir. Tam səmimi deyim, qaçqın düşdükdən sonra heç bir bayramın, nə Novruzun, nə Yeni ilin dadı-duzu mənim üçün qalmamışdı. 18 yaşım olanda kəndimizi tərk etmişdim. Daha sonra Bakıya gəldim, Orduya çağrıldım və döyüşlərdə iştirak etdim”.

Aktyor onu da qeyd edir ki, Bakı mənim gəncliyimin şəhəridir, amma uşaqlığım Cəbrayılla bağlıdır. Rayon, kənd mühitində böyüdüyü üçün həmişə fəxr edir: “Kənd, rayon Allahın özünün yaratdığı bir gözəllikdir. Baxın şəhəri insan əli, insan təxəyyülü qurur, yaradır, amma rayon, kənd elədir ki, o təbiəti Allah bəxş edir. Həmişə dostlarıma zarafatyana deyirəm, mən təbiətin orjinalını görmüşəm. Yazı yaz, qışı qış, payızı da payız kimi görmüşəm”.

19 fevral 1993-cu il… Yüksək vətənpərvərlik hissilə irəli

Müharibə dövrünün öz xatirələri var. Ancaq hamını sadəcə bir hiss birləşdirir -VƏTƏNPƏRVƏR HİSSİ- Eyni hisslərlə işğal olunmuş torpaq uğrunda mübarizəyə qoşulmaq, silaha sarılmaq, cəsarət, qorxmaq duyğuları bilrəşdirərək “HƏR ŞEY VƏTƏN ÜÇÜN” şüarı altında döyüşmək, döyüş yoldaşlarını şəhid vermək, yaralanmaq və nə qədər çətin olsa da yenə də o çətinliklər içində ayaqda durmaq, dözmək və s. ağrı-acını o da yaşadı.

Aktyor deyir ki, müharibə səhnə deyildi ki, rol oynayasan, müharibə ölümün gözünə dik baxmaqdır, ölümə meydan oxumaqdır: “Müharibədən yadımda xoş xatirələr qalmayıb. Xatirələrimiz döyüşlərə girməyimizdir, dostlarımızın şəhid olmasıdır. O vaxt müharibənin gedişində çoxlu şəhidlər verdik, torpaqlarımız işğal olundu. İndiki kimi deyildi o vaxt. Hərc-mərclik idi, silah çatışmırdı. Amma o vaxt da insanlarımızda Vətənpərvərlik hissi yüksək idi. İndiki dövrdə isə vətənpərliyimiz də var, üstəlik silahlarımız da. Çox çətin bir dövr idi. İndiyə qədər yaralandığım tarix saatına qədər yadımdadır. O da niyə yadımdadır, deyim. Birinci dəfə başımdan yaralanmışdım. 1993-cu il fevral ayının 19-da ermənilər tərəfdən mühasirəyı alındıq. Çox çətin bir vəziyyət yarandı. Hamı pərən-pərən düşmüşdü. Həmin vaxt başımdan snayper yarası aldım. Döyüşə-döyüşə dağın yuxarısına doğru addımladıq. Düzdür, mən çox silah ata bilmirdim, çünki başımdan qan açılırdı. Təsəvvür edin ki, qarı yığırdım papağın içinə, papağı da qoyurdum başıma ki, qan dayansın. Beləcə mühasirəni yardıq və çıxdıq. Axşamüstü Tərtərin xəstəxanasına gətirildim. Sağalıb yenidən Orduya qayıtdım. 1994-cu ildə bir də yaralandım. Bu dəfə isə Füzuli istiqamətində gedən döyüşlərdə qarın nahiyəmdən güllə yarası aldım. Güllə qarnımdan girib belimdən çıxdı. Onda artıq heç nə hiss etmirdim. Çox ağır yaralı idim. Buna görə də ikinci dəfə yaralandığım andan sonrakı müddəti xatırlaya bilmirəm”…

Azərbaycanda kino və teatrda ən böyük problem ssenari çatışmazlığıdır

Müharibə ağrı-acısını görən aktyor kinoda, teatrda müharibə mövzusunun hələ də tam olaraq canlandırlmadığı fikrindədir.

İ.Atakişiyev deyir ki, bu gün Azərbaycanda kino, teatr sahəsinin ən böyük problemlərdən biri ssenari çatışmazlığıdır, xüsusiləd də müharibə mövzusu.

Bildiyimiz kimi, yazılan bütün ssenarilər, çəkilən filmlər, tamaşalar rejissorların təxəyyülünün məhsuludur. Ancaq canlı hiss, duyğular, bir başqa ssenaridir.

Aktyor qeyd edir ki, müharibəni görən bir aktyor kimi, filmlərə baxanda o ab-havanı qəti görə bilmirəm: “Çəkirlər, onların işlərinə kölgə salmaq istəmirəm. Amma çəkirlərsə, heç olmasa çəkilişə başlamazdan öncə müharibədə iştirak edən insanlarla danışsınlar. Mənim döyüşçü yoldaşlarım, komandirim deyir ki, bu nədir çəkirlər, müharibəni çəkirlər, döyüşçünün paltarı, ayaqqabısı səliqəli. Biz ütülü paltar, maz çəkilən ayaqqabı görmüşdük müharibədə? Səhər çörək kəsdiyin adam günorta şəhid olurdu. Amma bizim Qarabağla bağlı çəkilən filmlərimizdə baxırsan ki, əsgər səngərdən gəlib, səliqəli geyimdə. Əsir düşmüş qadınları çəkirlər, makiyajda, səliqəli saçda..”

Ümumiyyətlə kinoda ilkin təəssürat çox önəmlidir. Bu baxımdan  müharibə mövzusunda çəkilən heç bir film uğur qazana bilmir. Film çəkirlər, amma müharibəni görmüş insanlarla məsləhətləşmirlər.

İ.Atakişiyev əlavə edir ki, rejissor təxəyyülü də olmalıdır, sözsüz. Amma kökünü Qarabağda vuruşanlardan, orada məcburu köçkün düşən insanlardan götürmək lazımdır. Onların gördüklərini, yaşadıqlarını çəksələr, şedevr filmlər ərsəyə gələr.

Qarabağımızın işğaldan azad olunduğu gün hər birimiz kimi, onun da həyatının ən önəmli günü idi. Bəlkə də o və onun kimi I Qarabağ Müharibəsini görmüş şəxslər daha çox bu sevinc hissini yaşayıb.

Və aktyor deyir ki, II Qarabağ Müharibəsi başlayanda o da getmək istədib: “Çünki, oralar bizə daha doğmadır. Amma təəssüf ki, alınmadı. Çox şükür ki, güclü ordumuz sayəsində biz qalib gəldik. O vaxt müharibənin gedişində çoxlu şəhidlər verdik, torpaqlarımız işğal olundu. İndiki kimi deyildi o vaxt, hərc-mərclik idi, silah çatışmırdı. Silahdan anlayışı olmayan, əlinə ömründə silah almayan gənclər vuruşurdu. Amma o vaxt da insanlarımızda vətənpərvərlik yüksək idi. İndiki dövrdə vətənpərliyimiz də var, üstəlik silahlarımız da. Ali Baş Komandanımız sağ olsun, Allah onu qorusun”.

I Qarabağ Müharibəsinin dəhşətlərini görmüş, veteran səviyyəsinə yüksəlmiş, hazırda çalşdığı teatrın səhnəsində, eləcə də çəkildiyi seriallarda böyük nikbin əhval-ruhiyyə ilə ifa nümayiş etdirən, daima sabahlara inan, hər şeyin daha yaxşı olacağına ümid edən İsmayıl Atakişiyev yubiley yaşın zirvəsinə yüksəlib.

50 yaşınız mübarək!

“Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın mədəniyyət dəyərləri”…

Mayın 6-da Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Mədəniyyət işçiləri YAP ərazi ilk təşkilatının təşəbbüsü ilə Beynəlxalq Muğam Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın mədəniyyət dəyərləri” mövzusunda konfrans keçirilib. Konfrans Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunub. Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Ümummilli Liderin mədəniyyət sahəsindəki fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub. Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova bildirib ki, Ümummilli Lider Heydər Əliyev üçün milli-mənəvi dəyərlər sadəcə qorunmalı irs deyil, xalqın varlığını təsdiq edən, onu zamanın sınaqlarından keçirən və gələcəyə aparan əsas güc mənbəyi idi. Konfransda “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri Fuad Məmmədov, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə, Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev və b. çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafındakı müstəsna rolundan, milli-mənəvi dəyərlərin qorunması və təbliği istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasətdən ətraflı bəhs ediblər. Natiqlər vurğulayıblar ki, Ulu Öndərin müəyyən etdiyi strateji xətt bu gün də uğurla davam etdirilir, milli irsin qorunması, mədəniyyətin inkişafı və dünya miqyasında tanıdılması istiqamətində ardıcıl işlər görülür. Daha sonra Ümummilli Lider Heydər Əliyevin sevdiyi musiqilərdən ibarət bədii proqram təqdim olunub.xeber100.com

May 6, 2026 15:04

Bakı Bələdiyyə Teatrının səhnələşdirdiyi “Şekspir” tamaşasının nümayişi olub

Mayın 5-də Bakı Bələdiyyə Teatrının Xalq yazıçısı Elçinin “Şekspir” pyesi əsasında səhnələşdirdiyi eyniadlı tamaşanın nümayişi olub. Elçinin xatirəsinə həsr olunmuş tamaşanın nümayişi Şəhriyar adına Mədəniyyət Mərkəzində keçirilib. Gecədə Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Razi Nurullayev, Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev, Milli Kitabxananın direktoru Kərim Tahirov, Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdürü və müavini, Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Zülfiyyə Məmmədhüseynova, Xalq yazıçısı, ictimai-siyasi xadim Elmira Axundova, eləcə də tanınmış  mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tamaşadan əvvəl çıxış edən Xalq artisti Mərahim Fərzəlibəyov Elçinin yaradıcılığından, Bakı Bələdiyyə Teatrı ilə olan əməkdaşlığından bəhs edib. Daha sonra tamaşanın nümayişi başlayıb. Qeyd edək ki, Elçinin “Şekspir” pyesi dünyanın bir çox ölkələrində, o cümlədən ABŞ, Türkiyə, Rusiya, İtaliya, Ukrayna, Gürcüstan və digər xarici ölkələrdə səhnəyə qoyulub. Geniş tamaşaçı auditoriyasının marağına səbəb olan əsər, eyni zamanda dünya ictimaiyyətinin Azərbaycanın zəngin ədəbi irsi ilə yaxından tanış olmasına da şərait yaradıb. Tamaşanın süjetinə əsasən ruhi-əsəb klinikasındakı pasiyentlərin hər biri özünün xəyalən qurduğu dünyada yaşayır, bir personaj hətta başqa planetdən gəldiyini deyir və buna inanır. Onlar təfəkküründə yaratdığı gözəl bir məskəndə yaşayırlar. Tamaşada Rəşad Kəsəmənlinin oynadığı obrazın özünü Sovet dövlətinin lideri İ.V.Stalin hesab etməsi, bütün günü törətdiyi əməllərin peşmançılığını çəkərək, xatirələr aləmində yaşaması, Əməkdar artist Hüsniyyə Mürvətovanın oynadığı obrazın özünü məhşur fransız aktrisası Sara Bernar bilməsi və hər dəqiqə özünü səhnədə təsəvvür edərək, həyatını obrazlar aləmində yaşaması, onun Tural Əhmədin oynadığı Drob13 ilə yaşadığı hisslər, bir yerdə özlərini Romeo və Cülyetta kimi hiss etmələri, Ülviyyə Rzanın oynadığı həkimin şəxsi həyatından qaynaqlanan əsəbi durumunun iş həyatına da mənfi təsir etməsi, Toğrul Rzanın Veneralı rolunda saatlarla göyləri seyr edərək, onun arxasınca nə vaxt gələcəklərini gözləməsi, Elçin Muradovun ifa etdiyi baş sanitarın xəstələrə olan münasibəti, onlar üçün ayrılan  qidalardan bəhrələnməsi və sonda səhvini başa  düşməsi, aktrisa Zülfiyyə Qurbanovanın oynadığı rol vasitəsilə daim öz ikili təbiətinin problemləri ilə yaşaması, İlqar Musayevin oynadığı  baş həkimin xəstələrin xəyali dünyasını dərk etməyə çalışması və  sonda xəstə kimi müalicə olunan insanların əslində öz dünyalarında rahat yaşamasını qəbul etməsi, eləcə də Namiq Cavadovun və Rəşid Soltanovun oynadığı sanitar rollarının öz sakitliyini qoruyaraq xəstələrə olan münasibəti tamaşaçıya mesaj verməklə yanaşı onu düşünməyə vadar edirdi. Tamaşanın quruluşçu rejissoru Mərahim Fərzəlibəyov “Şekspir” əsərinə tam fərqli prizmadan yanaşıb. O, tamaşaçıları “Şekspir” vasitəsilə Elçinin böyük, yeni fikirləri ilə tanış edib. “Şekspir” tamaşası tamaşaçı auditoriyasının böyük maraqla qarşıladığı və baxaraq düşündüyü səhnə əsərlərindən biridir. Tamaşa bitincə salondan qopan alqış sədaları bunu bir daha təsdiq etdi. Tamaşanın quruluşçu rəssamı, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, musiqi hissə müdiri,Əməkdar mədəniyyət işçisi Nazim Əbidov, işıqçı rəssam Tərlan Ələsgərli, kostyum sexinin müdiri Leyla Əkbərova, dizayn işləri üzrə tərtibatçı Elnur Ehtiramoğludur. Rollarda iştirak edirlər: İlqar Musayev(baş həkim), Ülviyyə Rza(həkim), Hüsniyyə Mürvətova(Əməkdar artist)-Sara Bernar, Rəşad Kəsəmənli(İosif Stalin), Zülfiyyə Qurbanova(Ər-arvad), Tural Əhməd(Drob 13), Toğrul Rza(veneralı), Elçin Muradov(sanitar), Rəşid Soltanov(I sanitar), Namiq Cavadov(II sanitar).xeber100.com  

May 6, 2026 14:53

TÜRKSOY-un Opera Günləri çərçivəsində XVII qala konserti təşkil olunub

Aşqabadın “Mukamlar” sarayında TÜRKSOY-un Opera Günləri çərçivəsində XVII qala konserti təşkil olunub. Tədbir türk dövlətləri arasında mədəniyyət sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə və ortaq musiqi irsinin təbliğinə həsr olunub. Konsert proqramı Türkmənistanın Dövlət Simfonik Orkestrinin müşayiəti ilə təqdim olunub. Tədbirdə Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanın musiqi nümayəndələri ilə yanaşı, Azərbaycanı tanınmış opera ifaçıları Əməkdar artist Fəridə Məmmədova və Taleh Yəhyayev təmsil ediblər. Azərbaycan ifaçılarının təqdimatları tədbir iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılanıb. Onların ifasında təqdim olunan klassik musiqi əsərləri Azərbaycanın zəngin mədəni irsini və dərin musiqi ənənələrini əks etdirərək, ölkəmizin incəsənət sahəsində malik olduğu yüksək yaradıcı potensialı bir daha nümayiş etdirib. Konsertdə Türkmənistanın və TÜRKSOY-un rəsmi şəxsləri, xarici ölkələrin Türkmənistandakı səfirləri, diplomatik nümayəndəliklərin əməkdaşları, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət və media təmsilçiləri iştirak ediblər. Konserti izləyən Azərbaycanın Türkmənistandakı səfirliyinin kollektivi tədbirin sonunda ifaçılarımızla görüşərək onlara gül dəstələri təqdim ediblər.xeber100.com

May 4, 2026 14:47

“Saz, söz ustadı Aşıq Ələsgər” adlı virtual kitab sərgisi hazırlanıb

Respublika Gənclər Kitabxanasında Aşıq Ələsgərin 205 illiyi münasibətilə “Saz, söz ustadı Aşıq Ələsgər” adlı virtual kitab sərgisi hazırlanıb. Bu barədə kitabxanadan məlumat verilib. Bildirilib ki, virtual sərgidə Azərbaycan ədəbi-mədəni irsinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin zəngin yaradıcılığı, onun poeziyasının dərin fəlsəfi mahiyyəti və milli-mənəvi dəyərlərimizin formalaşmasındakı rolu geniş şəkildə təqdim olunub. Sərgidə “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının tam mətni yer alır. Bu sənəd Aşıq Ələsgər irsinin dövlət səviyyəsində yüksək qiymətləndirilməsinin bariz nümunəsidir. Virtual kitab sərgisində görkəmli ədiblərin – Xalq şairləri Səməd Vurğun, Məmməd Araz, Xalq yazıçıları Mirzə İbrahimov, Mehdi Hüseyn, həmçinin akademiklər Həmid Araslı və Məmməd Arif tərəfindən Aşıq Ələsgər haqqında söylənilən dəyərli fikirlər yer alıb. Həmçinin Aşıq Ələsgərin yaradıcılığını əhatə edən bir çox kitabların tam mətni oxuculara təqdim edilir. Eyni zamanda “Aşıq şeiri”, “Sazlı-sözlü Göyçə”, “Aşıq Ələsgər”, “Ustad nəfəsli saz-söz ərməğanı”, “Aşıq Ələsgər yaradıcılığında sufizm”, “Xalq aşığı Ələsgər” kimi nəşrlər də sərgilənib.xeber100.com  

Aprel 2, 2026 09:18

Əbədiyyətə qovuşan ömür…

-Həyat çox gözəldi, Rasim müəllim... -Nəyi gözəldi, hara baxırsan müharibələr, haqsız axıdılan qanlar, tökülən göz yaşları, təbiət belə insanla artıq oyun oynayır...hanı tanıdığım, bərabər çalışdığım insanlar, hanı o Azərbaycan kinosunun qaynar iş sistemi, bir-birinin ardınca çəkilən filmlər, rəqabət hanı?! Demək istərdim ki, bütün bunlara baxmayaraq həyat yenə də gözəldi, ancaq o Rasim Balayev idi, dediyin sözün kəsəri var idi, ağılla düşünən, məntiqli cavablar verməyi bacaran, daima hazırcavablığı ilə, uzaqgörənliyi ilə seçilən qəhrəmanımız idi... Bu dünyadan bir Rasim Balayev keçdi... Ölkəmiz müstəqillik əldə etdiyi üçün, ağır bir sistemdən çıxaraq azadlığa qovuşduğumuz üçün çox xoşbəxt idi, ancaq yenə də nə isə çatmırdı, hər zaman nigaran idi...Uşaq səmimiyyətilə olan gülüşünün arxasında sanki narahat duyğular özünə yer eləmişdi... Bütün şöhrətə qovuşmuş, “Azərbaycanfilm”lə yanaşı, eyni zamanda dünyanın bir çox kinostudiyalarının istehsal etdiyi önəmli sənət nümunələrində yer almış, yüksək əxlaqi keyfiyyətləri ilə ətrafında üstünlük nümayiş etdirməyi, Allahın bəxş etdiyi gözəl siması ilə yaratdığı portret obrazları özününküləşdirməyi bacarmış və ən önəmlisi isə xoşbəxt ailə səadəti yaşayan bir insanın nigarançılığı nə ola bilərdi?! Əlbəttə ki, kinomuzun yaşadığı böhran, çəkiliş meydançalarının boş qalması, filmə çəkilməyi gözləyə-gözləyə qocalan gənc aktyorların, film çəkmək üçün sıra gözləyən və gözləmə zamanı artıq sağlam rəqabətdən betər eybəcərliklərin ağuşunda qalan rejissorların taleyi, kinoda olan operator, səsləndirmə, musiqi işlərinin hamısının sıradan çıxması və daha nələr... Bütün bunları sadəcə aktyor kimi deyil, illərdir Azərbaycan Kinematoqrafçılar İttifaqının rəhbəri kimi çalışdığı illərdən düşünürdü, çıxış yolları axtarırdı... Kütləvi informasiyalar vasitəsilə verdiyi müsahibələrin hər birində kinonun yaşadığı böhranla bağlı həyəcan təbili çalırdı...Axı bünövrə var, əgər bu bünövrənin üzərində dayanmasaq, o zaman hər şey məhv olacaq... Azərbaycan kinosunda yaratdığı qəhrəman obrazlar silsiləsi ilə, vətən, torpaq, millət sevgisini təbliğ etməklə gənc nəslə vətənpərvərlik ruhu aşılayan Rasim Balayev üçün kino sənəti daim zirvə hesab olunub. Eləcə də, sənət və sənətkarlıqda bir çox keyfiyyətlərin – təcrübənin, düşüncənin müdrikliyin, təqlid etmədən öz yolunu tapmanın, ən önəmlisi isə yüksək əxlaqi keyfiyyətin birləşməsini vacib amillərdən biri hesab edib. Türkiyə, Almaniya, Cənubi Azərbaycan, Tacikistan, Özbəkistan, Moskva, Gürcüstan və başqa kinostudiyaların istehsal etdiyi bir çox filmlərdə maraqlı rollar yaradan Rasim Balayev, yalnız müsbət qəhrəmanları deyil, həm də cəmiyyətdəki mənfi tipləri yaratmaqla tamaşaçı auditoriyasını düşündürməyi bacarıb. O, sadəcə sənət haqqında düşünmür, dünyada baş verən hadisələri izləyir, haqsızlıqlara qarşı münasibət bildirərək deyirdi ki, planetimizin bəlalardan uzaq olmasını, insanların bir-birinə hörmətlə yanaşmasını istəyirəm.Bu dünyada əbədi heç nə yoxdur. Heç birimiz əbədi yaşamayacağıq. Düşünürəm ki, dünyada haqsızlıq olmasa dünyamız çiçəklənər, həyatımız gözəlləşər. Kinematoqrafiya və digər sənət növləri insanları xoşbəxt etməyə borcludurlar... Kino üçün nə bacarırdı etdi, hətta bacarmadıqlarını da etdi, yəqin ki, özü ilə bərabər nigarançılığını, çarəsizliyini də apardı... O, özünü qəhrəman hesab etmirdi, deyirdi ki, mən Babək, Nəsimi, Beyrək, Cavid deyiləm. Bunların hər biri obrazdır və mən bacardığım qədər bu obrazları dolğun yaratmağa çalışmışam. Xalq isə sevimli aktyorunu artıq çoxdan qəhrəman elan etmişdi. O, Nəsimi kimi poeziyanın vurğunu idi, Babək kimi qəhrəmanlıq ruhunda idi, Beyrək kimi döyüşmək gücündə idi, Cavid kimi sözü birbaşa deməyi bacarırdı. Qəhrəmanlarından onda, ondan da qəhrəmanlarında nəsə var idi, sanki bir-birinə bağlayan bir bağ kimi... Rasim Balayev elə sənətkarlardan idi ki, uşaqdan-böyüyə hamının sevgisini qazanmışdı. Orta məktəblərdə, ali təhsil ocaqlarından onunla keçirilən görüşlərdən bu sevgini hiss etməmək mümkün deyildi. Uşaqla uşaq, böyüklə böyük dilində danışmağı yaxşı bacarırdı. Hələ xanımlara olan münasibətində necə ata, qardaş nəvazişi göstərirdi, bunu sözlə ifadə etmək çox çətindir...Belə yüksək keyfiyyətləri hər adam daşıya bilməzdi...Deməli Uca Yaradan tərəfindən seçilmişdiniz...Siz Allahı da sevirdiniz, dini də sevirdiniz, milləti, ölkəni də sevirdiniz, ürəyiniz sevgi dolu idi Rasim müəllim. Məhz bu səbəbdən dünyanın belə böhran vəziyyətə düşməsini, bütün sahələrdə olan mövcud durumu, ən böyük təbliğat vasitəsi olan kinomuza laqeyd münasibəti qəbul etmək istəmirdi... Getmək üçün çox tələsdiniz, bəlkə də çıxış yolunu getməkdə gördünüz...Ölümü sizə heç yaraşdırmadıq Rasim müəllim... Həmişə bizimlə olacaqsınız, ruhunuz şad olsun!xeber100.com  

Aprel 2, 2026 08:56

Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgi açılıb

Prezident Kitabxanasında 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar virtual və ənənəvi kitab sərgiləri təşkil edilib. Bu barədə kitabxanadan məlumat verilib. Bildirilib ki, sərgilərdə Azərbaycan xalqına qarşı XX əsrdə həyata keçirilmiş soyqırımı, deportasiya və etnik təmizləmə siyasətini əks etdirən elmi, tarixi və sənədli nəşrlər yer alıb. Ənənəvi sərgidə nümayiş olunan materiallar geniş tarixi-coğrafi arealı əhatə edir. Bu nəşrlərdə Göyçə mahalı, Quba, Şamaxı, İrəvan və Naxçıvan bölgələrində baş vermiş kütləvi qırğınlar təsvir olunur. Eyni zamanda, Cənubi Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı törədilmiş zorakılıqlar tarixi mənbələr əsasında işıqlandırılıb. 1918-ci il mart soyqırımı, Türk Qafqaz İslam Ordusunun fəaliyyəti, erməni terrorizminin genişlənməsi və mədəni-dini irsə qarşı yönəlmiş vandalizm aktları da nəşrlərdə ətraflı şəkildə əks etdirilib. Prezident Kitabxanasında “Azərbaycanlıların Soyqırımı” adlı virtual kitab sərgisi də yenilənərək istifadəyə verilib. Virtual sərgi mövzu üzrə materialları sistemli şəkildə bir araya gətirir və tarixi sənədlər, elmi araşdırmalar və canlı xatirələr əsasında hadisələrin mahiyyətini ətraflı nümayiş etdirib. 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü münasibətilə təqdim olunan bu sərgilər Azərbaycan tarixinin faciəli səhifələrinin anılması, tarixi yaddaşın qorunması və elmi biliklərin geniş ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.xeber100.com

Aprel 1, 2026 11:54

Milli Xalça Muzeyində milli geyimlərə həsr olunmuş sərgi açılıb

Fevralın 17-də Azərbaycan Milli Xalça Muzeyində Avropanın milli geyim və ornamentlərinə həsr olunmuş “Bağçada güllər” sərgisi açılıb. Sərgi altıncı “FantazEU” Mədəni İrs Festivalı çərçivəsində Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin, “Arts Council Azerbaijan” təşkilatının, Azərbaycan Milli Xalça Muzeyinin və Aİ-yə üzv dövlətlərin səfirliklərinin dəstəyi ilə təşkil edilib. Tədbirdə muzeyin direktoru Əminə Məlikova ziyarətçilərə unikal eksponatları təqdim etmək imkanına görə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mariyana Kuyunciçə minnətdarlığını bildirib. Layihənin konsepsiyası barədə danışan direktor qeyd edib ki, sərgidə muzeyin “qızıl kolleksiyası”ndan olan bir neçə xalça – əsasən XVIII əsrin sonu və XIX əsrin əvvəllərinə aid Qarabağ xalçaları nümayiş olunur. Sərginin əsas mövzusu çiçəklənmə və rifahın rəmzi kimi gül motividir. Bu motiv səkkiz Avropa ölkəsinin və Azərbaycanın milli geyimlərini bir ideya ətrafında birləşdirib.Sərgidə Bolqarıstan, Çexiya, Almaniya, Latviya, Litva, Polşa, Rumıniya və Slovakiya səfirlikləri tərəfindən təqdim olunan 16 dəst milli geyim nümayiş etdirilir. Bu nümunələr Avropa ölkələrinin zəngin mədəni müxtəlifliyini, müxtəlif tarixi dövrlərdən gələn adət-ənənələrini, fərqli kimliklərini və geyimlərin bəzək xüsusiyyətlərini əks etdirir. Sərgi fevralın 21-dək davam edəcək.xeber100.com

Fevral 18, 2026 11:03

Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına gedən yolda BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə təşəbbüsü ilə həyata keçirilən Azərbaycan Şəhərsalma Kampaniyası (#AUC2026) çərçivəsində Azərbaycan Fotoqrafiya Federasiyası və “Gilavar Foto Klubu” İctimai Birliyi tərəfindən “Mənim şəhər dünyam” (My Urban World) adlı beynəlxalq fotomüsabiqə təşkil edilir. İctimai Birlikdən bildirilib ki, Beynəlxalq Foto Sənəti Federasiyası (FIAP) və Beynəlxalq Bədii Fotoqraflar Assosiasiyasının (IAAP) akkreditasiyasından keçmiş fotomüsabiqənin mövzusu və məqsədi dünyada baş verən şəhərsalma prosesini fotolar vasitəsilə göstərməkdir. Müsabiqəyə insanyönümlü şəhər, mədəni irs, tarixi binalar, yeni ilə köhnənin yanaşı mövcudluğu, əsrlərin və üslubların harmoniyası, yaşıl şəhər, ekoloji şəhər, “ağıllı şəhər”, təhlükəsiz şəhər, tikinti, yenidənqurma və bərpa işləri, sökülmüş, dağıdılmış tikililər, tərk edilmiş ərazilər, təhlükə altında olan şəhər zonaları, zamanın şəhər üzərində qoyduğu izlər, gündüz və gecə şəhəri, insanlar və şəhərlər və s. kimi mövzularda şəhərsalma prosesini əks etdirən şəkillər qəbul edilir. Müsabiqədə iştirak üçün son müraciət tarixi 2026-cı il aprelin 30-dur. Təqdim olunan fotolar Azərbaycan, Türkiyə, Sinqapur, Yunanıstan və Şimali Makedoniyadan olan 5 nəfər peşəkar fotoqrafdan ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Müsabiqənin ən yaxşılarına qızıl, gümüş və bürünc medallar, xüsusi lentlər və diplomlar təqdim olunacaq, qaliblərin fotolarından ibarət elektron kataloq hazırlanacaq. Həmçinin WUF13-ün təşkil olunduğu mayın 17-22-də fotosərginin keçirilməsi nəzərdə tutulur.xeber100.com

Fevral 2, 2026 11:03

Romada keçirilən “Muzeylərdə Musiqi 2025” təşəbbüsü çərçivəsində

İtaliyanın paytaxtı Romada keçirilən “Muzeylərdə Musiqi 2025” (Musei in Musica 2025) təşəbbüsü çərçivəsində Azərbaycan milli musiqisi şəhər ictimaiyyətinə təqdim olunub. Azərbaycanın İtaliyadakı səfirliyinin nəzdində fəaliyyət göstərən Mədəniyyət Mərkəzi bu il İtaliyanın “Zetema Mədəniyyət Layihəsi” tərəfindən tədbirə xüsusi qonaq qismində dəvət olunub və “Sehrli gecə: Azərbaycan balabanının nəfəsi” adlı xüsusi konsert proqramı Romanın Trastevere rayonunda yerləşən Roma Muzeyində təşkil edilib. Tədbirin açılışını Mədəniyyət Mərkəzinin direktor müavini Gülnar Tağızadə edib, qədim nəfəsli musiqi aləti olan balabanın tarixi, səsi və mədəni əhəmiyyəti barədə auditoriyaya məlumat verib, ifaçılar təqdim olunub. Daha sonra Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov konsert iştirakçılarını salamlayaraq, tədbirin təşkilatçılarına, o cümlədən Roma Bələdiyyəsi, Roma Muzeylər Şəbəkəsi və Zetema Mədəniyyət Layihəsinə təşəkkürünü bildirib. Səfir qədim “Balaban sənətkarlığı və ifaçılıq sənəti”nin 2023-cü ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edildiyini xatırladıb. Azərbaycan musiqisinin zəngin kökləri, onun beynəlxalq mədəni dialoqda oynadığı rol və İtaliya ictimaiyyətinin bu musiqiyə göstərdiyi böyük marağın mədəni əməkdaşlıq baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulanıb.xeber100.com

Dekabr 2, 2025 12:54