Heydər Əliyev Mərkəzində “Liderin ürəyi” filmi təqdim olunub

Oktyabrın 10-da Heydər Əliyev Mərkəzində “TASS” informasiya agentliyinin baş direktorunun birinci müavini, Rusiyanın Əməkdar jurnalisti Mixail Qusmanın “Liderin ürəyi” sənədli filminin təqdimatı keçirilib. Ekran əsəri Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilib. Baş direktorun birinci müavini Mixail Qusman filmin nümayişindən əvvəl çıxışında bu ilin dahi Heydər Əliyevin adı, yüzilliyi ilə ayrılmaz şəkildə əlaqəli olduğunu vurğulayaraq deyib: “Oktyabrın 10-u xüsusi gündür. Düz 30 il bundan əvvəl 1993-cü il oktyabrın 10-da Heydər Əliyev müstəqil Azərbaycanın Prezidenti kimi and içib. O, həmin vaxt ən ağır vəziyyətdə olan ölkəni faktiki olaraq xilas edib”. Mixail Qusman filmin niyə belə adlandırıldığı barədə də danışıb: “Ekran əsəri “Liderin ürəyi” adlandırılıb, çünki Heydər Əliyev bütün həyatı boyu ürəyini qorumadan işləyib, özünü bütövlükdə doğma xalqına həsr edib. Oktyabrın 15-də İlham Heydər oğlunun 2003-cü il seçkilərində inamlı qələbə qazandığı başqa bir tarixin qeyd olunması çox simvolikdir”. Əməkdar jurnalist qeyd edib ki, Heydər Əliyevin böyük arzusu idi ki, Azərbaycan torpaqlarını işğaldan azad etsin və bayrağı azad edilmiş Şuşada, bütün Qarabağda dalğalansın. “2020–ci il noyabrın 8-də Azərbaycan Bayrağı Şuşada, bu il sentyabrın 20-də isə bütün Qarabağda ucaldılıb”, - deyə o bildirib. Sonra “Liderin ürəyi” sənədli film nümayiş olunub. Film Ulu Öndər Heydər Əliyevin xalqın təkidi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıdışı və ölkəyə rəhbərlik etdiyi dövrü əhatə edir. Ekran əsərində belə bir qayıdışın dünya tarixində ilk dəfə baş verdiyi vurğulanır. Heydər Əliyev Azərbaycan tarixində əsas rol oynayıb və dünya siyasətində dərin iz qoyub. “Liderin ürəyi” sənədli filmi Mixail Qusmanın Bill Klinton, Corc Buş, Jak Şirak, Madlen Olbrayt, Toni Bler, Zbiqnev Bjezinski və digər dünya liderləri ilə Heydər Əliyev haqqında apardığı söhbətləri ehtiva edir. Məhz onun dövründə Azərbaycan strateji tərəfdaşlarının sayını genişləndirərək, beynəlxalq arenada öz mövqeyini möhkəmləndirib. ATƏT və BMT kimi təşkilatlarda ölkənin diplomatiyası fəallaşıb. Uzaqgörən siyasətçi Heydər Əliyev Azərbaycana böyük xarici investisiyalar cəlb edib ki, bu da “Əsrin müqaviləsi”nin imzalanmasına gətirib çıxarıb.xeber100.com  

Oktyabr 11, 2023 2:30

Bakı Bələdiyyə Teatrı 31-ci mövsümə “Məhv olmuş gündəliklər” tamaşası ilə start verdi

Bakı Bələdiyyə Teatrının təqdimatında “Məhv olmuş gündəliklər” tamaşasının premyerası oldu. Qeyd edək ki, görkəmli teatr rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyov tərəfindən Xalq Yazıçısı İlyas Əfəndiyevin eyniadlı pyesi əsasında səhnələşdirilən "Məhv olmuş gündəliklər" tamaşasının quruluşu Prezident İlham Əliyevin Tofiq Kazımovun 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncamı çərçivəsində həyata keçirilib. Premyerada ölkənin görkəmli ictimai xadimləri, mədəniyyət, incəsənət, ədəbiyyat  nümayəndələri –Millət vəkili, hüquq elmləri namizədi Ziyafət Əsgərov, Xalq yazıçısı Elçin Əfəndiyev, teatrşünas, Əməkdar incəsənət xadimi İlham Rəhimli, Xalq artistləri-Rafiq Əzimov, Hacı İsmayılov, Valeh Kərimov və b. eləcə də kütləvi informasiya vasitələrinin bir qrup nümayəndəsi iştirak ediblər. Nümayişdən öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Teatrşünas İlham Rəhimli çıxış edərək bildirib ki, premyera görkəmli teatr rejissoru, pedaqoq Tofiq Kazımovun anadan olmasının 100 illiyi münasibətilə və Xalq yazıçısı İlyas Əfəndiyevin anım günündə nümayiş etdirilir. İ.Rəhimli qeyd edib ki, İlyas Əfəndiyevin yaradıcılığı Marahim Fərzəlibəyovun rejissorluq fəaliyyətində mühüm yer tutur: “Məhv olmuş gündəliklər”, rejissorun Xalq yazıçısının əsəri əsasında səhnələşdirilən sayca 11-ci tamaşasıdır. Teatrşünas öz çıxışında Xalq artisti, Dövlət mükafataları laureatı Amaliya Pənahovanın da hər üç sənətkarla olan əməkdaşlığına da diqqəti çəkib. Sonra tamaşa geniş tamaşaçı auditoriyasına təqdim edildi. 1969-cu ildə yazılmasına baxmayara hələ də öz müasirlıiyini qoruyub saxlayan pyesə Mərahim Fərzəlibəyovun yanaşma tərzi xüsusilə seçilirdi. Rejissor personajların xarakterini müasir tamaşaçıya tam olaraq çatdırmaq üçün xüsusi səy göstərmiş, nəticədə də diqqəti saf sevgi xəttinə yönəltmişdi. Əməkdar artisti Gülsabah Quliyevanın (Gövhər), eləcə də Zülfiyyə Məmmədovanın (Fəridə), İlqar Musayevin (Ədalət), Nigar Babayevanın  (Anjel), Məmmədağa Əlilicanzadənin (Savalan), Toğrul Rzanın (Qənimət) oynadığı obrazlar, əslində hər biri baş qəhrəman hesab olunur. Bu qəhrəmanlar arasında olan güclü bağlar isə hər biri sanki həyatın sınağı ilə üz-üzə qalırlar və nəticədə yaşadıqları həyat təcrübəsi onların gələcək yolunu müəyyənləşdirmək  üçün qərarlı olmalarına öz təsirini göstərir. Tamaşa maraqlı süjet xəttinə malik olduğu üçün tamaşaçıların diqqətini çəkirdi. Baxmayaraq ki, pyes 53 il əvvəl görkəmli dramaturq İlyas Əfəndiyev tərəfindən yazılmışdı, ancaq öz aktuallığını qoruyib saxlayırdı, bir çox  dialoqlar və monoloqlar bugünlə səsləşirdi. Tamaşanın musiqi müşayiəti xüsusilə seçilirdi, Hhtta musiqi sanki qəhrəmanların dialoqlarını davam etdirir, onların deyə bilmədiklərini söyləyirdi. Bütün bunların nəticəsi idi ki, tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılanan səhnə əsərinin uğuru Bakı Bələdiyyə Teatrının 31-ci mövsümündə davamlı olacağından xəbər verirdi. Son olaraq qeyd edək ki, Milli Teatrın səhnəsində baş tutan premyera tamaşaçılarda silinməz izlər buraxdı.xeber100.com

Oktyabr 4, 2023 4:42

Opera və Balet Teatrında “Qaratoxmaq qadın” operasının premyerası olub

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli rus bəstəkarı Pyotr Çaykovskinin “Qaratoxmaq qadın” operasının uğurlu premyerası olub. Tamaşanın quruluşunu Həştərxan Dövlət Akademik Opera və Balet Teatrının quruluşçu rejissoru Aleksey Smirnov verib. Operanın rəhbəri və dirijoru Əməkdar artist Əyyub Quliyev, xormeyster Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır. Tamaşada rollarda Xalq artistləri Fidan Hacıyeva (Qrafinya), Əkrəm Poladov (Surin), Əməkdar artistlər Səbinə Əsədova, Fərid Əliyev, Fəridə Məmmədova, Tural Ağasıyev və başqaları çıxış ediblər. Tomski və Zlatoqorun partiyalarını beynəlxalq müsabiqələr laureatı Yefim Zavalnı ifa edib. “Qaratoxmaq qadın” operası dünya realistik incəsənətinin ən böyük əsərlərindən biridir. Bu musiqili faciə düşüncələrin, qəhrəmanların hisslərinin, onların ümidləri, əzabları və ölümünün həqiqi psixoloji məqamları, o dövrün mənzərələrinin parlaqlığı, musiqili-dramatik hadisələrin inkişafının gərginliyi ilə insanı heyrətə salır. Çaykovskinin üslubunun xarakterik cəhətləri bu əsərdə daha dolğun və ifadə mükəmməlliyi ilə öz əksini tapıb. İlk dəfə 1890-cı il dekabrın 7-də Sankt-Peterburqdakı Mariinsk teatrının səhnəsində nümayiş etdirilən bu opera tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb. Həmin vaxtdan bəri bu əsər dünyanın opera səhnələrində triumfla nümayiş etdirilir. Operanın librettosunu bəstəkarın qardaşı Modest Çaykovski Aleksandr Sergeyeviç Puşkinin eyniadlı povesti əsasında yazıb. Amma hadisələrin başvermə zamanı I Aleksandrın dövründən II Yekaterinanın hakimiyyəti illərinə köçürülüb. Hətta baş qəhrəmanların taleyi Puşkinin yaratdığı obrazlardan kəskin şəkildə fərqlənir. Operanın librettosu orijinaldan xeyli fərqlidir. Belə ki, Puşkinin əsəri nəsr janrındadır, libretto isə nəzmlə yazılıb, həm də şeirlər təkcə librettoçu və bəstəkara deyil, həmçinin Derjavin, Jukovski, Batyuşkova aiddir.xeber100.com

Oktyabr 3, 2023 1:51

Xalq yazıçısı Anarın “Dantenin yubileyi” əsəri əsasında hazırlanan eyniadlı tamaşanın premyera tarixi açıqlanıb

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq yazıçısı Anarın “Dantenin yubileyi” əsəri əsasında hazırlanan eyniadlı tamaşanın premyera tarixi açıqlanıb. Səhnə əsərinin premyerası oktyabrın 20-də və 21-də gerçəkləşəcək. Yeni yaradıcılıq işinin quruluşçu rejissoru Sankt-Peterburqda yaşayan azərbaycanlı rejissor Ərşad Ələkbərov, musiqi tərtibatçısı Ayat Baxşıyev, rejissor assistentləri Dilbər İsmayılova və Vüqar Məmmədovdur. Səhnə əsərində Xalq artisti Sabir Məmmədov, Əməkdar artistlər Sənubər İsgəndərli, Elşən Rüstəmov, Mətləb Abdullayev, Anar Heybətov, Şəlalə Şahvələdqızı, aktyorlar Şəhla Əliqızı, Rüstəm Rüstəmov, Vüsal Mustafayev, Məhsəti Tahirzadə, Ramin Şıxəliyev, Cümşüd Zeynalov, Elsevər Rəhimov, Tural İbrahimov, Nəzrin Abdullayeva və Lalə Süleymanova çıxış edəcəklər. Tamaşanın dəvət olunmuş iştirakçıları Ayat Baxşıyev, Xəyal Əliyev, Vaqif Hacıyev və Vüsal Əliyevdir. “Dantenin yubileyi” özünə düzgün peşə tapmayan insanın kədərli taleyi haqqındadır. İnsan həyatda öz peşəsini düzgün seçməlidir. Seçim düz olmayanda, insan bütün həyatı boyu əziyyət çəkir. Tamaşanın qəhrəmanı Feyzulla Kəbirlinski həyatda qalibdir, sənətdə məğlub. Çünki seçimi doğru olmayıb.xeber100.com

Oktyabr 3, 2023 1:42

Bakı Bələdiyyə Teatrının təqdimatında -“Məhv olmuş gündəliklər” tamaşasının premyerası keçiriləcək

Oktyabrın 3-də Bakı Bələdiyyə Teatrının Xalq yazıçısı İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər” pyesi əsasında hazırladığı eyniadlı tamaşanın premyerası keçiriləcək. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 3 mart 2023-cü ildə imzaladığı Sərəncama əsasən, bu il Mədəniyyət Nazirliyi tanınmış pedaqoq, görkəmli teatr rejissoru, Xalq artisti Tofiq Kazımovun 100 illik yubileyi ilə bağlı tədbirlər planı həyata keçirir. Bakı Bələdiyyə Teatrı yubiley tədbirləri planı çərçivəsində "Məhv olmuş gündəliklər” pyesinə müraciət edib. Qeyd edək ki, Xalq yazıçısı İlyas Əfəndiyevin 1969-cu ildə yazdığı “Məhv olmuş gündəliklər” pyesi Azərbaycan teatrlarının səhnəsində bir çox rejissorlar tərəfindən tamaşaya qoyulmuş və zaman-zaman ən baxımlı səhnə əsərlərindən biri kimi müəllifinə şöhrət gətirmişdir. Pyesi səhnələşdirən rejissorlardan biri də Tofiq Kazımov olub və onun hazırladığı tamaşa da öz dövrünün tamaşaçısının böyük marağına səbəb olub. “Məhv olmuş gündəliklər” pyesinə bu dəfə Xalıq yazıçısı İlyas Əfəndiyevin bir çox pyeslərinə səhnə həyatı verən görkəmli teatr rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyov müraciət edib. Rejissor qeyd edib ki, “Məhv olmuş gündəliklər, İlyas Əfəndiyevin sayca 11-ci pyesidir ki, onu səhnələşdirir və yazıçının əsərdəki ruhuna böyük hörmət və ehtiramla yanaşır. Bu baxımdan da tamaşadakı obrazların hər sözünə, sözaltı mənalara diqqətlə yanaşaraq onu müasir tamaşaçıya olduğu kimi aşılamağa çalışıb. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində nümayiş olunacaq tamaşada iştirak edirlər: Zülfiyyə Məmmədova, İlqar Musayev, Nigar Babayeva, Gülsabah Quliyeva,Toğrul Rza, Məmmədağa Əlilicanzadə. Yaradıcı heyət: Quruluşçu rəssam – İlham Əsgərov (Əməkdar mədəniyyət işçisi) Musiqi hissə müdiri – Nazim Əbidov (Əməkdar mədəniyyət işçisi) İşıqçı rəssam – Tərlan Ələsgərli Kostyum sexinin müdiri – Leyla Əkbərova Dizayn işləri üzrə tərtibatçı – Elnur Ehtiramoğlu Xatırladaq ki, görkəmli aktrisa, Dövlət mükafatları laureatı, Xalq artisti Amaliya Pənahova İncəsənət İnstitutunun 1-ci kursunda oxuyarkən rejissor Tofiq Kazımov onu Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” pyesi əsasında hazırladığı eyniadlı tamaşada baş rola dəvət edib. 18 yaşlı tələbə-aktrisanın tamaşadakı uğurlu çıxışı sonralar iki sənətkar arasındakı uzun illəri əhatə edən yaradıcı əməkdaşlığa çevrilib. Bu baxımdan da Bakı Bələdiyyə Teatrı “Məhv olmuş gündəliklər” tamaşasını üç sənətkara - Xalq artisti Tofiq Kazımovun 100 illiyinə, Xalq yazıçısı İlyas Əfəndiyevin anım gününə və hər iki yaradıcı şəxslə daima əməkdaşlıq etmiş Xalq artisti Amaliya Pənahovanın ruhuna ithaf  edir. Bakı Bələdiyyə Teatrı 1992-ci ildə Azərbaycanın siyasi və dövlət xadimi, Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə görkəmli teatr və kino xadimləri, Xalq artistləri Amaliya Pənahova və Yusif Muxtarov tərəfindən yaradılıb. Bu illər ərzində saysız-hesabsız səhnə əsərləri ilə milli teatr mədəniyyətini Azərbaycanda, eyni zamanda dünya ölkələrində təbliğ edən teatrın repertuarında Cəlil Məmmədquluzadənin, Nəriman Nərimanovun, Mirzə Fətəli Axundovun, Nazim Hikmətin, Əziz Nesinin, Cəfər Cabbarlının, İlyas Əfəndiyevin, Anarın, Elçin Əfəndiyevin, eləcə də dünya klassiklərinin pyesləri uğurla səhnələşdirilmişdir.xeber100.com

Oktyabr 3, 2023 12:33