Mədəniyyət Nazirliyi tərəfindən Kadr Ehtiyatı Bankı formalaşdırılır

Mədəniyyət sahəsində aparılan institusional islahatlara ixtisaslı və təcrübəli insan resurslarının cəlb edilməsi, təhsil və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv kadrların seçilməsi məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən Kadr Ehtiyatı Bankı formalaşdırılır. Nazirlikdən bildirilib ki, Kadr Ehtiyatı Bankı mədəniyyət sahəsində ixtisaslaşmış, təcrübəli, bilikli, idarəçilik keyfiyyətlərinə malik, dövlət, özəl və ya özünəməşğulluq sahəsində fəaliyyət göstərən şəxslərin qanunvericiliyə uyğun olaraq yaradılan və mühafizə edilən, dövlət, özəl sektor və vətəndaş cəmiyyəti arasında kadr mübadiləsinin gücləndirilməsinə xidmət edən məlumat bazasıdır. Mədəniyyət Nazirliyi aşağıdakı meyarlardan hər hansı birinə uyğun olan şəxsləri aşağıdakı keçid vasitəsilə qeydiyyatdan keçərək səhifədə qeyd edilən məlumatları daxil etməklə Kadr Ehtiyatı Bankına müraciət etməyə dəvət edir: - İncəsənət, ədəbiyyat, mədəni və yaradıcı sənayelər, mədəni irs və mədəniyyətə aid edilən digər sahələr üzrə ali təhsili olan şəxslər; - İdarəetmə sahəsində ali təhsili olan və mədəniyyət sahəsi üzrə azı 3 il təcrübəsi olan şəxslər; - Mədəniyyət sahəsi üzrə xarici ölkələrdə ali təhsil almış və ya işləmiş şəxslər; - Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na daxil edilməklə Azərbaycan Respublikası Prezidentinin xüsusi təqaüdünə və ya Gənclər üçün Prezident Mükafatına layiq görülmüş şəxslər. Qeydiyyat üçün keçid: http://bit.ly/3DcGNUT

İyul 13, 2023 2:12

İlqar Musayev Qarabağ həqiqətlərindən bəhs edən yeni filmə çəkilir

Teatr və kino aktyoru İlqar Musayev Qarabağ həqiqətlərindən bəhs edən yeni qısametrajlı filmə çəkilir. Real hadisələr əsasında çəkilən film şəhidlərə həsr olunub. Filmdə kənddə yaşayan iki dostun müharibəyə getməsi, onlardan birinin şəhid olması və son nəfəsində dostundan xahiş edərək ölümünün anasından gizlədilməsini istəməsi filmin süjet xəttini təşkil edir. Sağ qalan dost günlərin birində duyğusal hisslərlə baş verən hadisəni şəhidin anasına hiss etdirir. Nəticədə şəhid anası bu durumu qəbul edir, ana kimi məğrur duruşunu itirmir, öz hisslərinə hakim olur və qəbul edir ki, şəhidlik uca bir zirvədir. “Ana” adlandırılan ekran əsəri Xalq yazıçısı Gülhüseyn Hüseynoğlunun hekayəsi əsasında ssenariləşdirilib. Filmin ssenari müəllifi İlqar Fəhmi, quruluşçu rejissoru Vüsal Məmmədov, rejissoru Vüsalə Tağı, operatoru Mehdi Yaqubovdur. Rollarda  iştirak edirlər: İlqar Musayev, Firəngiz Babayeva, Gülər Nəbiyeva, Mirhüseyn Yaqubov. Filmin çəkilişləri Xızı rayonunun tanınmış turizm məkanlarından olan Altıağacda lentə alınır. Xatırladaq ki, İlqar Musayev Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür. 2003-cü ildən Bakı Bələdiyyə Teatrında çalışır. "Cavad xan” "Seçilən”, "Bulağıstan”, "Köhnə dəyirman”, "Yaddaş”, "Dolu”, "Böhtan", "Susmuş vicdan”, "Xoca”, "Uçurum” "Ağabəyovlar” və s. film və seriallarda maraqlı obrazlar yaradıb. Eyni zamanda Rusiya, İran, Gürcüstan, Mərakeş, Liviyada da filmlərə çəkilib.xeber100.com

İyul 11, 2023 7:57

Bakı Bələdiyyə Teatrı “Məhv olmuş gündəliklər” pyesinə müraciət edib

Bakı Bələdiyyə Teatrı Xalq yazıçısı İlyas Əfəndiyevin “Məhv olmuş gündəliklər” pyesinə müraciət edib. Pyesi uzun İllər İlyas Əfəndiyevlə əməkdaşlıq edən, onun əsərlərini əksəriyyətinə səhnə həyatı verən görkəmli rejissor, Xalq artisti Mərahim Fərzəlibəyov səhnələşdirəcək. Hazırda tamaşanın məşqləri gedir. Görkəmli dramaturq İlyas Əfəndiyev “Məhv olmuş gündəliklər” pyesini 1969-cu ildə qələmə alıb və bu əsər zaman-zaman müxtəlif rejissorlar tərəfindən tamaşaya qoyulub. Yazıçı əsərdə insan hisslərini yüksək ustalıqla qələmə alaraq qəlbin tərəddüdlərini ön plana çəkir. Qəhrəmanını “məhəbbət, yoxsa sərvət?” seçimi qarşısında qoyur. Təmiz hisslər və şirin yalan. İlyas Əfəndiyevin qəhrəmanı zahiri parıltıya aldanır, şirin yalana uyur. Sonda var-dövlətin parıltıdan başqa bir şey olmadığı. xoşbəxtlitin var-dövlətlə ölçülmədiyi ön plana çəkilir. Rejissor Mərahim Fərzəlibəyov əsərdəki duyğulara, baş verən hadisələrin fonunda səhnədə hər dövrün aktual problemi kimi qabardəlan şirin yalan və acı həqiqəti üz-üzə qoyur. Məqş prosesindən bəlli olur ki, görkəmli rejissorumuz yeni səhnə əsəri ilə tamaşaçını yenidən düşündürməyi qarşısına məqsəd qoyub. Tamaşada iştirak edirlər: Gülsabah Quliyeva, İlqar Musayev, Zülfiyyə Məmmədova, Nigar Babayeva, Toğrul Rza, Mamed Əlili. “Məhv olmuş gündəliklər” tamaşası yeni mövsümdə geniş tamaşaçı auditoriyasına təqdim olunacaq.xeber100.com

İyul 10, 2023 12:25

Bakı Bələdiyyə Teatrının aktyorları şəhid ailələrinin qarşısında çıxış edib

İyulun 7-də Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) şəhid hərbi qulluqçularının ailə üzvləri ilə görüş keçirilib. Görüşdə xalqımızın Ümummilli Lideri Ulu Öndər Heydər Əliyevin və respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub. Müdafiə Nazirliyi rəhbərliyinin səmimi salamlarını görüş iştirakçılarına çatdıran polkovnik Abdulla Qurbani 24 il öncə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılan və bu illər ərzində mütəşəkkil qüvvəyə çevrilən XTQ-nin keçdiyi şanlı döyüş yolundan, onun əsgər və zabitlərinin göstərdiyi şücaət və igidliklərdən, beynəlxalq təlimlərdəki uğurlarından söhbət açıb. Daha sonra “Həzilər yurdu” musiqisinin sədaları altında Bakı Bələdiyyə Teatrının aktyorları səhnəyə çıxaraq, Azərbaycan  Silahlı Qüvvələrinin polkovniki, Əməkdar incəsənət xadimi, şair, publisist, dramaturq Abdulla Qurbaninin “Ruhumuzun Bayraqdarı Şəhidlər” adlı kompozisiyasını səsləndiriblər. Kompozisiyanın səsləndirilməsində Əməkdar artistlər - Səmayə Sadıqova,  Mahirə Yaqubova, Hüsniyyə Mürvətova, eləcə də  BBT-nin truppa müdiri İsmayıl Atakişiyev, İlqar Musayev, Aydın Əliyev, Tural Əhməd, Zülfiyyə Qurbanova, Günel Həmidova, Ülviyyə Rza, Zülfiyyə Məmmədova, Toğrul Rza və b. iştirak ediblər. Qeyd edək ki, Bakı Bələdiyyə Teatrı aktyorlarının nümayiş etdirdikləri “Ruhumuzun bayraqdarı şəhidlər” adlı ədəbi-musiqili kompozisiya görüş iştirakçılarına həm duyğulu, həm də qürurverici anlar yaşadıb. Xalqımızın birliyini, həmrəyliyini, dövlətimizin iqtisadi gücünü, ordumuzun əsgər və zabitlərinin şücaətini, şəhid ailələrinin səbr və dözümünü, dəyanətini, qürurunu, dövlət-xalq-ordu birliyi sayəsində əldə etdiyimiz möhtəşəm Zəfəri, eləcə də, Müzəffər Ali Baş Komandanın sərkərdə məharətini, dəmir yumruğunun gücünü əks etdirən tamaşa böyük maraqla izlənilib. İlqar Musayevin şəhid ailələri qarşısında böyük yanğı ilə “Səsimə səs versin ellər-obalar, Kükrəyib bəndləri yıxmaq vaxtıdır! Yurduma uzanan qara əlləri Dağlamaq, yandırmaq, yaxmaq vaxtıdır! söylədiyi bənddə savaş ruhunun duyulması, Tural Əhmədin ifasından olan “Hoydu igidlərim, hoydu Koroğlu, Hoydu bu torpağın igid, nər oğlu! Ey Odlar yurdunun hünərvər oğlu, Hazırlaş, səfərə çıxmaq vaxtıdır! artıq savaşa hazırlığa səsləyirdi. İsmayıl Atakişiyevin torpağından didərgin düşənlərin naləsiylə söylədiyi “Çadırda çürüdük, qırıldıq yetər, Vətənsiz yaşamaq ölümdən betər. Desinlər savaşda öldü bəxtəvər, Murovdan Göyçəyə axmaq vaxtıdır” bənd yaşanan ağrı-acının, yaxın keşmişdə baş verən faciənin açıq mənzərəsini bir anlıq da olsa gözlərimiz önündə canlandırırdı. Toğrul Rzanın vətən həsrətirlə  söylədiyi “Haçandır çağlamır şır-şır bulaqlar, Kəsilib pöhrələr fidan budaqlar, Yamanca darıxıb oba oymaqlar, Arandan yaylağa qalxmaq vaxtıdır” ifası sadəcə bir özləntinin ifadəsi idi, yurda həsrət qalan insanın duyduğu kədəri ifadə edirdi. Hüsniyyə Mürvətovanın uğurlu yolçuluq arzusuyla dediyi “Dağ başını aldı duman, get qardaşım, yaxşı yol! Yağılara vermə aman, get qardaşım, yaxşı yol! Qoyma qara əl uzansın mərd ananın saçına, Güldən ağır söz deyilsin alagözlü bacına. Qanad çalıb uç göylərdə, dön şahinə, laçına, Dostlar baxsın heyran-heyran get qardaşım, yaxşı yol! Mərdlərindi indi zaman, get qardaşım, yaxşı yol” deməsi bir bacının qardaş həsrətini ifadə edirdi. Ana duyğusunu aktrisa Səmayə Sadıqova mahir ifasıyla canlandıraraq “Oğul, səni bu günlərçin bəslədim, ana Vətən indi səni çağırır, Üstümüzə qoşun çəkib yağılar, mərmi yağır, atəş yağır, od yağır. Get igidim, Zəfər ilə qayıt da gəl, sipər elə gen sinəni Vətənə. Kürəyindən güllə alsan döyüşdə, inan mənə oğul demərəm sənə” söyləməsi bütün  anaların yaşadığı hissi-həyəcanı dilə gətirirdi. Eləcə də digər aktyorların ifasının hər birində müharibə ağrı-acısını ifadə edən, ayrılıq, həsrət duyğusunu göstərən məqamlar geniş yer almışdı. Görüşün sonunda Bakı Bələdiyyə Teatrının kollektivi Azərbaycan Ordusunun şəxsi heyətinə, eləcə də şəhid ailələrinə mədəni xidmət göstərilməsində fəaliyyətinə görə Müdafiə Nazirliyi və XTQ komandanlığı tərəfindən mükafatlandırılıb. Tədbirdə iştirak edən şəhid övladlarınba Müdafiə Nazirliyinin rəhbərliyi adından hədiyyələr təqdim olunub.xeber100.com

İyul 9, 2023 12:33