2024-cü il mayın 3-dən 12-dək İstanbul Nişantaşı Universitetinin təşkilatçılığı ilə “Film heç bitməsin” kino festivalı keçiriləcək. Beynəlxalq kino festivalına tammetrajlı, qısametrajlı və sənədli filmlər qəbul edilir. Festivalın əsas mövzusu “Bu, realdırmı?” (Is This The Real?) olaraq müəyyən edilib. Festivala Azərbaycan, ABŞ, Almaniya, Argentina, Braziliya, Danimarka, Gürcüstan, Fransa, İtaliya, İspaniya, Böyük Britaniya, İran, İsrail, Livan, Meksika, Norveç, Polşa, Türkiyə, Yunanıstan və başqa ölkələrdən filmlər qəbul ediləcək. Festival çərçivəsində film nümayişləri ilə yanaşı, elmi-praktik konfranslar və seminarlar da təşkil olunacaq. Azərbaycan kino tarixinin, çağdaş kino sənətinin və mədəniyyətinin qardaş ölkə kinosevərlərinə tanıdılması festivalın ən ümdə amallarındandır. İstanbul Nişantaşı Universiteti “Film heç bitməsin” festivalı çərçivəsində fəxri qonaq ölkə olaraq Azərbaycanı seçib.
Bu barədə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən (ADMİU) məlumat verilib. Bildirilib ki, İstanbul Nişantaşı Universiteti və ADMİU-nun birgə təşkilatçılığı ilə keçiriləcək festivalın əsas məqsədi müsabiqə çərçivəsində müəyyən edilmiş kateqoriyalar üzrə filmləri seçməklə yanaşı, həm də tamaşaçıların diqqətini Azərbaycan kino sənətinin qiymətli nümunələrinə yönəltməkdir.
“Film heç bitməsin” festivalının direktoru İstanbul Nişantaşı Universitetinin Sənət və dizayn fakültəsi, Radio, televiziya və kino kafedrasının müdiri Burcu Kurtişdir. Festivalın beynəlxalq əlaqələr üzrə koordinatoru İstanbul Nişantaşı Universitetinin Sənət və dizayn fakültəsi, Radio, televiziya və kino kafedrasının müəllimləri Ziyad Quliyev və Tuna Yıldırımdır. Festival çərçivəsində müxtəlif kateqoriyalar üzrə ən yaxşı filmlər seçiləcək, seminarlar və ustad dərsləri təşkil ediləcək. Eyni zamanda, festivalın koordinatorluğunda yazıçı, aparıcı və aktrisa Yeliz Bozkurt və yazıçı, aparıcı, pedaqoq Funda Karayel fəaliyyət göstərməkdədir.
“Film heç bitməsin” festivalında iştirak etmək istəyənlər tammetrajlı, qısametrajlı (animasiya, ədəbi və eksperimental) və sənədli film kateqoriyasında yarışmaq üçün filmlərini göndərə bilərlər. Festivalın şərtləri və filmləri göndərmək üçün ətraflı məlumatla ADMİU-nun saytındakı link vasitəsilə tanış olmaq mümkündür.xeber100.com