Azərbaycan Respublikası Kino Agentliyi film layihələri müsabiqəsi elan edir

Mədəniyyət Nazirliyinin tabeliyindəki Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) 2023-2024-cü illərdə istehsal olunmaq üçün film layihələri müsabiqəsi elan edir. Nazirlikdən bildirilib ki, müsabiqə ilə əlaqədar iyulun 18-də təqdimat keçiriləcək. Müsabiqə milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan gənc rejissorların fəaliyyətini stimullaşdırmaq, eləcə də kino mühitinə yeni adlar qazandırmaq məqsədi daşıyır. Film layihələri üçün dövlət tərəfindən ayrılmış vəsaitin (5.5 milyon manat) müsabiqə yolu ilə bölüşdürülməsi təmin ediləcək. Müsabiqə ilə əlaqədar bədii şura yaradılıb, meyarlar və işçi mexanizmlər müəyyən olunub. Eyni zamanda dörd yeni təsisat – animasiya məktəbi, ssenaristlər kursu, kinoaktyor teatrı və texniki təkmilləşmə kurslarının açılması istiqamətində işlər aparılır. Qeyd edək ki, 2023-cü il köklü ənənələrə malik olan Azərbaycan kinematoqrafiyası üçün əlamətdardır. Bu il Azərbaycan kinosunun 125, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının yaranmasının isə 100 illiyidir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Mədəniyyət Nazirliyinin tabeliyində Azərbaycan Respublikası Kino Agentliyinin yaradılması, eləcə də bu sahənin mövcud vəziyyəti və inkişaf istiqamətlərinin müəyyən edilməsi, şəffaf və kollegial idarəçilik modelinin formalaşdırılması milli kinematoqrafiyaya sistemli yanaşmanın göstəricisidir. Yeni şəraitdə Nazirlik film istehsalında stimullaşdırıcı rol oynamaqla bərabər, yerli prodüser şirkətlərinin bu proseslərə aktiv şəkildə qoşulmasına çalışır. Mədəniyyət Nazirliyi tərəfindən bu istiqamətdə həyata keçirilən islahatların məqsədi şəffaf maliyyə mexanizmlərinin formalaşdırılması, yaradıcı biznes subyektlərinin dəstəklənməsi və ölkədə sağlam, rəqabətədavamlı mədəniyyət ekosisteminin yaradılmasıdır.xeber100.com

İyul 6, 2023 3:24

5-ci Tibet turizm və mədəniyyət sərgisi işə başlayıb

Çinin Tibet Muxtar Rayonunun paytaxtı Lasa şəhərində 5-ci Tibet turizm və mədəniyyət sərgisi işə başlayıb. Yerli və xarici 600-dən çox iş adamının qatıldığı sərgi Tibetin (Çincə: Sican) özünəməxsus mədəni zənginliyini və turizm potensialını tanıtmaq baxımından böyük əhəmiyyət daşıyır. Tibet Muxtar Rayonu xalq hökumətinin, Çinin Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən üçgünlük sərgi çərçivəsində müxtəlif forumlar, konfranslar, təqdimatlar təşkil olunur. Açılış mərasimində çıxış edən Tibet Muxtar Rayonu xalq hökumətinin sədri Yan Cinhay, mədəniyyət və turizm naziri Hu Hepin Çinin cənub-qərb qapısı olan Tibetin tarixi və mədəni zənginliyinin, sosial-iqtisadi nailiyyətlərinin, ekoloji mühitinin nümayişi baxımından sərginin əhəmiyyətini vurğulayıblar. Sərgidə 19 kateqoriya üzrə məhsullar və xidmətlər, habelə Tibetin mədəni irsini, turizm potensialını, sosial-iqtisadi inkişafını əks etdirən fotolar, kitablar, audio və videomateriallar nümayiş olunur. Sərgi çərçivəsində müxtəlif sektorları əhatə edən və ümumi dəyəri 7,44 milyard ABŞ dolları olan 60 layihə üzrə sövdələşmə əldə edilib. Qeyd edək ki, Çinin ərazisinə görə 2-ci böyük bölgəsi olan Tibet Muxtar Rayonu dəniz səviyyəsindən orta hesabla 4 min metr yüksəklikdə yerləşir. “Dünyanın tavanı”, “Dünyanın 3-cü qütbü” adlandırılan Tibet zəngin mədəni irsə, əsrarəngiz coğrafiyası ilə cəlbedici turizm potensialına malikdir. Turizm sektoru Tibetin iqtisadiyyatında önəmli rol oynayır. Ötən il Tibeti 30 milyon turist ziyarət edib ki, bu sektor üzrə ümumi dövriyyə 6 milyard ABŞ dollarına yaxın olub.xeber100.com  

İyun 18, 2023 11:16

“Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalı başlayır

Bu gün Azərbaycanda “Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalı başlayır. İyunun 18-dən 25-dək davam edəcək festivalda ölkəmizi aprelin 24-27-də keçirilmiş Milli Muğam Müsabiqəsinin qalibləri təmsil edir. Festival çərçivəsində Bakı, Ağcabədi və Şuşa şəhərlərində müxtəlif konsertlər təşkil olunacaq. Musiqi bayramına bu gün Heydər Əliyev Sarayında Xalq artisti Alim Qasımovun, Milli Konservatoriyada Xalq artisti Ənvər Sadıqov və Əməkdar artist Emil Əfrasiyabın konsertləri ilə start veriləcək. İyunun 19-da festival Beynəlxalq Muğam Mərkəzi, Milli Konservatoriya və Daş Salnamə Muzeyində Azərbaycandan Əməkdar artist Elçin Şirinov və bir sıra muğam ifaçılarının, Əfqanıstandan Daud Khan Sadozai və İrandan Mahan Mirarabın konsertləri ilə davam edəcək. “Muğam aləmi” festivalı çərçivəsində növbəti ifalar iyunun 20-də Kamera və orqan musiqisi zalı, Beynəlxalq Muğam Mərkəzi, Milli Konservatoriyada dinləniləcək. Həmin məkanlarda Azərbaycandan Xalq artisti Səkinə İsmayılova, Beynəlxalq müsabiqələr laureatı Etibar Əsədli, Hindistandan Vasumathi Badrinathan və Jyotsna Srikanth, Malidən Kankou Kouyatenin çıxışları olacaq. Festival çərçivəsində Ağcabədi şəhərində muğam ifaçılarının iştirakı ilə konsert təşkil ediləcək. Mədəniyyət paytaxtımız Şuşada müxtəlif məkanlarda muğam və poeziya ifaları olacaq. Festival günlərində Beynəlxalq simpozium keçiriləcək, İçərişəhərdə instrumental muğamlar təqdim ediləcək, 24 saat ərzində eyni məkanda bir-birini əvəz edən 24 qrupun ifasında muğam marafonu və açıq havada “Muğam saatı” təşkil olunacaq.xeber100.com  

İyun 18, 2023 11:12

Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş sərgi açılıb

Mayın 23-də Rəssamlar İttifaqının sərgi salonunda Süleyman Ələsgərov adına 1 saylı Uşaq İncəsənət Məktəbinin rəssamlıq şöbəsinin müəllimi, Azərbaycan Rəssamlar İttifaqının üzvü Aybəniz Şahvələdovanın sinfinin şagirdlərinin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş rəsmlərindən ibarət sərgi açılıb. Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyevin, Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanovun, Xalq rəssamı Ağaəli İbrahimovun, Rəssamlar İttifaqının üzvü Elnur Hüseynovun, Süleyman Ələsgərov adına 1 saylı Uşaq İncəsənət Məktəbinin direktoru Vaqif Abbasovun və digər qonaqların iştirak etdikləri sərginin açılış mərasimi məktəbin müəllimi Sevda Qurbanzadənin fortepiano sinfinin istedadlı şagirdi, beynəlxalq və respublika müsabiqələri laureatı Rəmzi Əhmədzadənin ifası ilə başlayıb. Mərasimdə çıxış edənlər müstəqil dövlətimizin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin ölkəmizin tarixində, millətimizin taleyində misilsiz xidmətlərindən bəhs ediblər. Bildiriblər ki, Heydər Əliyevin adı həyatını xalqının yolunda fədakar xidmətə həsr etmiş dahi şəxsiyyət kimi Azərbaycan tarixinə əbədi həkk olunub. Heydər Əliyevin liderlik keyfiyyətləri, uzaqgörən siyasəti və güclü iradəsi tariximizin ən taleyüklü məqamlarında ona öz xilaskarlıq missiyasını uğurla həyata keçirməyə imkan verib. Ulu Öndərin müstəqil Azərbaycanın rəhbəri olduğu illərdə həyata keçirdiyi işlər bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qədirbilən xalqımız böyük oğlu Heydər Əliyevin xatirəsini həmişə uca tutur və onu minnətdarlıqla xatırlayır. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş sərgidə nümayiş olunan əsərlərin məzmun və xaraktercə düzgün seçildiyi, balaca rəssamların Ulu Öndərin əziz xatirəsinə hədsiz hörmət və ehtiramının hər bir əsərdə ifadə olunduğu xüsusi vurğulanıb. Sonra tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevə həsr olunan və yeni üslubda çəkilmiş rəsm əsərləri ilə tanış olublar. Sərgidə nümayiş etdirilən eksponatlar qonaqlar tərəfindən maraqla qarşılanıb.xeber100.com

May 24, 2023 2:15