Budapeştin Ferens List Kamera Orkestri Heydər Əliyev Mərkəzində konsert proqramı ilə çıxış edib

Dünən Heydər Əliyev Mərkəzində Budapeştin Ferens List Kamera Orkestri möhtəşəm konsert proqramı ilə çıxış edib. Heydər Əliyev Mərkəzindən apa-ya verilən məlumata görə, konsert proqramında dünya klassik musiqisinin görkəmli nümayəndələri Volfqanq Amadey Motsart, Pablo Sarasate, Kamil Sen-Sans, Bencamin Britten, Pyotr Çaykovski, Yohannes Brams və Ferens Listin əsərləri təqdim olunub. Konsertdə virtuoz skripkaçı Yojef Lendvay solist olaraq çıxış edib. Bir saatdan artıq davam edən konsertdə tamaşaçılar məşhur orkestrin ifasında dünya klassik musiqisinin incilərini dinləyib, zövqlü anlar yaşayıblar.Ferens List Kamera Orkestrinin azərbaycanlı pərəstişkarları üçün sürprizi dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin "Arazbarı" əsərini ifa etməsi olub. Musiqi kollektivi Azərbaycan klassikasını tamaşaçılara özünəməxsus üslubda təqdim edib. Klassik musiqi gecəsində orkestrin hər bir ifası tamaşaçı alqışı ilə qarşılanıb. Solist, skripkaçı Yojef Lendvay orkestrin ənənəsinin olduğunu deyib. “Hər hansı səfər zamanı konsert proqramı ilə çıxış edəndə, orkestr çalışır ki, həmin ölkənin məşhur bir əsərini ifa etsin. Üzeyir Hacıbəylinin "Arazbarı" əsərini ifa etmək bizim üçün böyük şərəfdir. Mən bizim orkestrin ifasında həmin əsəri eşidəndə, sizin musiqi irsinizin, qədim xalqınızın və mədəniyyətinizin möhtəşəmliyini hiss etdim". Xatırladaq ki, Ferens List Kamera Orkestri 2011-ci ildə Bakıda Üzeyir Hacıbəyli III Beynəlxalq Musiqi Festivalında çıxış edib. Kollektiv Azərbaycan musiqisi, o cümlədən dahi Üzeyir Hacıbəylinin yaradıcılığı ilə məhz həmin səfər zamanı yaxından tanış olub. Qeyd edək ki, Ferens List Kamera Orkestrini 1963-cü ildə görkəmli bəstəkar və pianoçunun adını daşıyan Budapeşt Musiqi Akademiyasının məzunları yaradıb. Musiqi kollektivinin belə adlandırılması təsadüfi deyil, çünki Ferens List adı hər kəsdə Macarıstan və onun musiqi ənənələrinə bağlılıq assosiasiyası yaradır. Hazırda bütün dünyada məşhur olan Ferens List Kamera Orkestri öz vətənində çoxsaylı mükafatlara, həmçinin Parisdə "Grand Prix du Disque" mükafatına layiq görülüb, indiyədək 200-dən çox disk yazdırıb. Kollektiv 50-dən çox ölkədə çıxış edib. Yojef Lendvay isə müasir dövrün görkəmli skripka ustalarından biridir. 1974-cü ildə Budapeştdə anadan olub, Ferens List adına Budapeşt Musiqi Akademiyasında təhsil alıb. O, bir çox mükafat və təqaüdlərlə, o cümlədən Macarıstanın "Qızıl Xaç" medalı ilə təltif olunub.xeber100.com  

May 4, 2016 11:46

Bakı Uşaq Teatrı qastrol səfərində…

Ölkə başçısının  7 iyul 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.6.1-ci bəndinin icrasının təmin edilməsi məqsədilə Gənclər və İdman Nazirliyinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının təşəbbüsü və dəstəyi ilə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan Bakı Uşaq Teatrı tərəfindən "Həyatla oyun" tamaşası hazırlanıb. Tamaşanın əsas məqsədi bütün insanları bəşəriyyətin ən böyük problemlərindən biri olan narkomaniya, QİÇS-ə qarşı mübarizəyə çağırmaq və yeni metodlar vasitəsilə məlumatlandırmaqdır. Maarifləndirmə funksiyasını yerinə yetirən tamaşa gənclərdə narkomaniyanın doğurduğu faciələr, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılması yolları haqqında aydın təsəvvür yaradır. Tamaşanın nümayişi gənclərin sağlam həyat tərzi seçmələri üçün cox təsirli təbliğat vasitəsidir. Arzu Soltanın qələmə aldığı İntiqam Soltanın quruluş verdiyi “Həyatla oyun” tamaşasında hadisələr real həyatdan götürülüb. Hadisələr əsasən bir qrup tələbələr arasında cərəyan edir. Universitet tələbəsi olan Duman narkotika aludəçisidir. Atası tərəfindən atılmış Nicat problemlərini unutmaq üçün dostu Dumanın məsləhəti ilə narkotikadan istifadəyə başlayır. Getdikcə onun vəziyyəti ağırlaşır. Oğlunun narkoman olduğunu öyrənən Nicatın anası infarkt keçirir. Universitetdə təlimçi tərəfindən Narkomaniya və QİÇS haqqında maarifləndirilən tələbələr Spiddən analiz verməyi qərara alırlar. Analizin cavabları alındıqdan sonra Nicatın QİÇS-ə yoluxduğu məlum olur. Bütün bu hadisələrin mərkəzində dayanan Dumanın narkoman olmasına səbəb isə uşaqlıqdan valideynləri tərəfindən düzgün başa düşülməməsi, bu haqda maarifləndirilməməsidir. Valideynlərinin yalnış münasibəti isə Dumanın pis yola düşməsinə təkan verir. Hətta narkoman qardaşını pis vəziyyətdə qoyub gedən Naza xanım oğlu Dumanı da qoruya bilmir. Tamaşa yeniyetmələr və böyüklər üçün nəzərdə tutulub. Müddəti 1 saat 15 dəqiqədir. Artıq tamaşa Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Azərbaycanın bütün  bölgələrində, 20 ali və 10 orta ixtisas məktəbində nümayiş olunub. Aprel ayında tamaşa Şuşa 1 saylı şəhər məktəbində və Zəngilan  Mədəniyyət idarəsində  nümayiş olunmuş, may ayında isə isə Bakı Uşaq Teatrı “Həyatla oyun” tamaşası ilə 5 rayonda qastrol səfərində olacaq.xeber100.com 02 may, saat 14.00-da Oğuzda 03 may, saat 11.00-da Qaxda 03 may, saat 14.00-da Şəkidə 04 may, saat 12.00-da Balakəndə 05 may, saat 12.00-da Zaqatalada

May 2, 2016 3:04

29 aprel – Beynəlxalq Rəqs Günüdür

Aprelin 29-da Milli İncəsənət Muzeyində Beynəlxalq Rəqs Günü münasibətilə konsert proqramı keçirilib. Tədbir Azərbaycanın Xalq Artisti Əminə Dilbazinin əziz xatirəsinə həsr olunub. AZƏRTAC xəbər verir ki, tədbirdə muzeyin elmi-kütləvi işlər şöbəsinin müdiri Rəhimə Çərkəzova bu günün əhəmiyyətindən danışıb. Bildirilib ki, hər il dünyanın bir çox ölkəsində 29 aprel – Beynəlxalq Rəqs Günü kimi qeyd olunur. Rəqs müxtəlif xalqların tarixini özündə yaşadaraq, onun milli və mənəvi dəyərlərinin əyləncəli və zövqlü ifadəsidir. Bu gün, 1982-ci ildə UNESCO-nun qərarı ilə müasir baletin atası sayılan fransız baletmeysteri, xoreoqrafiya sənətinin qurucusu və nəzəriyyəçisi Jan Jorj Noverin xatirəsinə ehtiram olaraq təsis olunub. Bu günün təsisçilərinin fikrincə, bayramın əsas ideyası bütün rəqs cərəyanlarını incəsənət bayrağı altında birləşdirməkdir. Vurğulanıb ki, məqsəd rəqsin bütün siyasi, mədəni və etnik sərhədləri aşdığını, insanları dostluq və barış naminə birləşdirdiyini, onları eyni dildə - rəqsin dilində danışmağa səslədiyini vurğulamaqdır. Tədbirdə Tofiq İsmayılov adına Uşaq Yaradıcılıq Sarayı və “Günəş” tədris mərkəzinin rəqs ansamblının üzvləri “Bayram süitası”, “İgidlər”, “Ritm”, “Yallı” kimi rəqslərimizlə yanaşı, hind və lartın rəqslərini də ifa ediblər. Sonda fotosərgi nümayiş olunub.xeber100.com  

Aprel 29, 2016 3:33

Ceyhun Mirzəyev-70

Aprelin 29-da Dövlət Film Fondunda görkəmli kinorejissor və aktyor Ceyhun Mirzəyevin anadan olmasının 70 illiyi qeyd olunacaq.Azərtac xəbər verir ki, tədbir Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Film Fondu, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və "Azərbaycanfilm" kinostudiyasının təşkilati dəstəyi ilə keçiriləcək. Tədbirdə unudulmaz sənətkarın sənət dostları, kinoşünaslar Ceyhun Mirzəyevin həyat yolundan və yaradıcılığından söz açacaqlar. Qeyd edək ki, Ceyhun Mirzəyev 1946-cı il aprelin 9-da Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirib. Moskvada da təhsil alıb. Onun 48 illik ömrünün 35 ilə yaxını kino ilə bağlı olub. Çünki "Görüş" filmində Şıxəlinin oğlunun obrazını yaradanda cəmi 11 yaşı var idi. On iki yaşı olanda isə "Ögey ana"ya dəvət alıb. Ceyhun Mirzəyev kinostudiyada müxtəlif peşələrdə çalışıb. Assistent də olub, rejissor köməkçisi də işləyib, aktyorluq da edib, üstəlik rejissor kimi filmlər də çəkib. "Mozalan" satirik kinojurnalı üçün süjetlər çəkib. "Mozalan"ın bədii rəhbəri olub. Ceyhun Mirzəyev həm də güclü parodiyaçılıq qabiliyyətinə malik olub. Belə ki, o, bir dəfə söhbət etdiyi adamın səsini, danışıq formasını o dəqiqə yamsılamağı bacarırmış. Hətta "Mozalan"ın başlığında səslənən vızıltı səsi də ona məxsus olub. 1993-cü ildə vəfat edən Ceyhun Mirzəyevin son filmi "Fəryad" olub.xeber100.com  

Aprel 28, 2016 12:00

Azərbaycan haqqında 5 yeni sənədli film ekranlaşdırılıb

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun birgə dəstəyilə Los Ancelesdə Azərbaycana dair 5 yeni sənədli film ekranlaşdırılıb. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan apa-ya  verilən məlumata görə, filmlər artıq ABŞ televiziya kanallarında amerikalı tamaşaçıların ixtiyarına verilib.  Filmlərdə Azərbaycanın zəngin mədəniyyəti, tarixi, təbiəti, turizm potensialı və coğrafi mövqeyi barədə məlumat verilir, ölkəmizin multikulturalizm və dini dözümlülük ənənələrindən, Azərbaycanda müsəlmanların, yəhudilərin, xristianların, eləcə digər etiqad daşıyıcılarının sülh və əmin-amanlıq şəraitində birgə yaşamasından söhbət açılır. Filmlərin əsas süjet xətti ölkəmizin özünəməxsus və təkrarolunmaz maddi-mənəvi dəyərlərini estetik çalarlarla tamaşaçılara təqdim etməkdən ibarətdir. Tamaşaçı hər bir filmdə Azərbaycanın sevilən xalq və bəstəkar mahnılarının müşayiətliə ölkəmizin tarixi-mədəni irsinə, təbiətinə  vizual səyahət edir. Sözügedən filmlər ABŞ-ın artıq 20-dən çox televiziya kanalında nümayiş olunub. Ümumiyyətlə, filmlərin 2016-cı il ərzində Kaliforniya da daxil olmaqla ABŞ-ın 21 ştatında fəaliyyət göstərən 50 televiziya kanalında yayımlanması, eləcə də müxtəlif film festivallarında nümayişi nəzərdə tutulur. Filmlərin çəkilişi və istehsalı Los Ancelesdə fəaliyyət göstərən ECONEWS teleradio şirkəti tərəfindən həyata keçirilib. Sənədli filmləri üç dəfə məşhur Emmi mükafatına namizəd olmuş ECONEWS şirkəti ABŞ-da ətraf mühit və turizmlə bağlı radio-televiziya proqramlarının hazırlanması ilə tanınmaqdadır. Qeyd edək ki, filmlərin çəkilməsi məqsədilə proqramın prodüseri Nensi Perlmanın rəhbərlik etdiyi çəkiliş qrupu Bakıda və Azərbaycanın bir sıra regionlarında səfərdə olublar.  

Aprel 27, 2016 2:25