Azərbaycanın 1918-ci ildəki qurtuluşu ilə bağlı film çəkiləcək

“Azərbaycan və Türkiyənin ortaq tarixi mövzusuna dair film çəkilməsi iki ölkə prezidentlərinin görüşündə də razılaşdırılıb. Bu razılığa əsasən, Bakıda çəkiləcək film Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa haqqında olacaq”. Bu sözləri Türkiyənin Azərbaycandakı Səfirliyinin mədəniyyət və tanıtma müşaviri Murat Karaçanta Modern.az saytına açıqlamasında deyib. Murat Karaçanta filmin çəkilməsi üçün işçi qrupun yaradılmasının planlaşdırıldığını və hər iki ölkənin müvafiq nazirlikləri arasında danışıqların getdiyni söyləyib: “Filmin əsas mövzusu Türkiyə və Azərbaycanın 20-ci əsrin əvvəlindəki ortaq şanlı tarixi, Azərbaycanın 1918-ci ildə qurtuluşu ulə bağlı olacaq. Filmin çəkilişinə başlamaq üçün hazırlıqlar gedir. Cənab səfirin də, mənim də layihəm və ideyam bu idi ki, çəkiləcək filmin mövzusu və ssenarisi Nuru Paşanın 1918-1920-ci illərdəki tarixi fəaliyyətinin Azərbaycanla bağlı hissəsi olsun. Şükürlər olsun ki, xəyallarımız artıq gerçəkləşir. Hər iki ölkənin müvafiq nazirliyinə filmin çəkilməsi ilə bağlı tapşırıq verilib. Yəni bu istiqamətdə Türkiyənin və Azərbaycanın Mədəniyyət və Turizm nazirlikləri danışıqlar aparır. Aparılan danışıqlarda əsasən filmin ortaq ssenarisi, çəkiliş yeri, filmə cəlb olunacaq ortaq aktyorlar və başqa məsələlər dəqiqləşdirilir. İşçi qrupun yaradılması planlaşdırlır. Azərbaycanlı ssenarist Orxan Fikrətoğlunun da işçi qrupa daxil edilməsi gözlənilir. Filmdə əsas məqam “Bir millət, iki dövlət” şüarı əsasında qardaş Azərbaycan və Türkiyə dostluğu, yardımlaşması əsas ideya təşkil edəcək”. Səfirlik rəsmisi Azərbaycanla çəkiləcək ortaq filmin uğurlu alınacağına inanır: “Bildiyiniz kimi, bu il martın 4-də “Ertuğrul-1890” filminin təqdimatını da etdik. Bu film yaponlarla ortaq layihəmiz idi. Həqiqətən də çox uğurlu proje oldu. İndi isə qardaş Azərbaycanla da belə bir ortaq film çəkəcəyik. Mən inanıram ki, Azərbaycanla birlikdə çəkəcəyimiz Nuru Paşa haqqında film çox uğurlu və maraqlı olacaq”.    

Aprel 6, 2016 12:41

Gəncədə kinoteatr açılır

Azərbaycanın ikinci ən böyük şəhəri sayılan Gəncədə müasir, ən yüksək keyfiyyətlə inşa edilmiş kinoteatr öz qapılarını yerli sakinlərin üzünə açır. Builki Azərbaycanın premium kinoteatrı "CinemaPlus" həyata keçirdi. Milli.Az bildirir ki, "Xəmsə Park" adlı məkanda yeni istifadəyə verilən Xəmsə Park Ticarət Mərkəzinin 4-cü mərtəbəsində "CinemaPlus Xəmsə" kinoteatrı kinosevərlərin ixtiyarına verilir. "CinemaPlus Xəmsə" ən yeni Barco nəslindən olan proyektorlar, yüksək parlaqlığa malik kinoekranlar və səs sistemləri ilə təhciz olunub. Məhz bu texnologiyanın istifadəsi nəticəsində yüksək keyfiyyətli görüntü almaq mümkün oldu ki, bu da tamaşaçıların zövqünü oxşayaraq tez bir zamanda "CinemaPlus Xəmsə" kinotetrını sakinləri sevdiyi məkana çeviriləcək. Həmçinin "CinemaPlus Xəmsə" kinoteatrında Türk və xarici ölkələrinin festivallarının keçirilməsi, məşhur simaların dəvət olunması planlaşdırılır. Əsas diqqət cəlb edən məqam odur ki, kinoteatrda dünya ilə eyni gündə premyeralar göstəriləcək. "CinemaPlus Xəmsə" 461 yerdən və 5 zaldan ibarətdir. Kinoteatrın zalları Avropa istehsalı olan yüksək dərəcəli rahat kreslolarla təchiz edilmişdir. Xüsusi ilə qeyd etmək olar ki, dünyada 500-dən çox kinoteatrı dizayn işlərini reallaşdıran Kanadanın "Mesbur+Smith Architects" şirkəti "CinemaPlus Xəmsə" kinoteatrının da dizayn işlərini tam olaraq görmüşdür. Bundan əlavə VİP zalda tamaşaçılar şəxsi masalı kreslolarda film izləmək, kinoseans zamanı qida və içkilər sifariş etməyə imkan yaradan VIP Bar-dan istifadə etmək və kino izləyərkən mobil telefonlarını kreslolarda xüsusi quraşdırılmış USB avadanlığının köməyi ilə cərəyan etmək şansı da əldə edəcək. Kinosevərlərə unudulmaz anlar və mükəmməl istirahət bəxş etmək yalnız bununla bitmir. Təbii ki, əla film izləmək və bu istirahətdən həzz almaq popkorn və sərin içkilərsiz mümkün deyil. Belə ki, burada rahat və xoş istirahət üçün geniş çeşidə malik 4 popkorn növü, şəkər pambığı, buzlu alkaqolsuz kokteyllər, və.s sərinləşdirici içkilərin satışı üçün 2 kinobar fəaliyyət göstərir. Qiymətlərə nəzər yetirdikdə, görmək olar ki, Bakıda fəaliyyət göstərən kinoteatrlardan xeyli aşağıdır. Seanslar Vaxt         Format Qiymət Format Qiymət   Səhər 10:00-12:00      2D     2 azn    3D         3 azn   Günorta 12:00-18:00  2D     3 azn      3D        4 azn   Axşam 18:00-00:00    2D      5 azn     3D           6 azn   VİP Seansların vaxtından və formatından asılı olmayaraq 15 azn Kino nümayişlərindən əlavə olaraq, kinoteatrın digər əsas məqsədi reklam cəlb etməkdir. Bununla bağlı Gəncədə fəaliyyət göstərən şirkətlər üçün xüsusi reklam təklifləri hazırlanır. "Cinema plus" MMC paytaxtdan başqa digər regionlarda da yeni kinoteatrların təşkil edilməsini planlaşdırır. İlkin olaraq Gəncə şəhərində 2 kinoteatrın fəaliyyətə başlaması nəzərdə tutulub. Bu da regionlarda hər kinoteatrda təxminən 100 yeni iş yerinin açılışı və regionlarda reklam bazarının genişlənməsinə səbəb olacaqdır. Eyni zamanda, bölgələrdə yaşayan tamaşaçılar Azərbaycan və xarici kinematoqrafçıların yaradıcılığından bəhrələnəcək. Ümumiyyətlə, kinoteatr şəbəkəsinin inkişafı insanların əyləncə imkanlarını artıraraq əhalinin asudə vaxtlarının daha səmərəli keçirilməsinə köməklik göstərəcəkdir.  

Aprel 3, 2016 9:04

Azərbaycan ailəsi – 2016

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu  və BMT-nin Əhali Fondunun təşkilatçılığı ilə Bakıda “Azərbaycan ailəsi 2016” film festivalı keçiriləcək. Komitədən Aile.lent.az-a verilən məlumata görə, festivalın məqsəd və ideyasına uyğun olan bədii, sənədli, animasiya filmləri, sosial çarxlar, televiziya verilişləri və fotoşəkillər aprelin 1-dən oktyabrın 1-dək Təşkilat Komitəsinə təqdim edilə bilər. Müsabiqəyə təqdim edilən işlər görkəmli elm və mədəniyyət xadimlərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Münsiflər heyətinə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, sədr müavini Aynur Sofiyeva, Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova, İTV-nin direktoru Cəmil Quliyev, MTRŞ-nın sədr müavini Qafar Cəbiyev, MTRŞ-nın üzvi Sona Vəliyeva, Mədəniyyət və İncəsənət Universitetinin rektoru Fərəh Əliyeva, universitetin Kino rejissoru-kino operatoru kafedrasının müdiri Amin Novruzov, Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov, Fotoqraflar Birliyinin sədri Mirnaib Həsənoğlu, Fotoqraflar Birliyinin İdarə Heyətinin üzvi Sevinc Aslanova, BMT-nin Əhali Fondunun Proqram müşaviri Bəhicə Əliyeva, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Fuad Məmmədov, kinorejissor Oqtay Mirqasımov daxildir. Festival çərçivəsində “Həyatdan şəklə” adlı foto müsabiqə də keçiriləcək. Foto müsabiqənin məqsədi müasir dövrdə ailələrin milli-mənəvi dəyərlərinin qorunub saxlanılmasının təbliği, foto vasitəsilə nümunəvi ailələrin adət-ənənələrinin ictimaiyyətə təqdimi, gənclər və yeniyetmələr arasında ailə dəyərlərinin təbliği, gənclərdə yaradıcılıq qabiliyyətinin aşkar olunması və bədii zövqün inkişaf etdirilməsidir.  

Aprel 1, 2016 1:31

106-cı mövsüm…

Azərbaycan Dövlət Musiqili Teatrı 106-cı teatr mövsümünün sonuna qədər olan müddət üçün repertuar planını açıqlayıb. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, Bədii Şuranın üzvləri aprel, may, iyun, iyul ayları üçün Musiqili Teatrın repertuar və iş planını təsdiqləyib. Bu müddət ərzində teatrın repertuarında olan təqribən 20 tamaşa 70 dəfədən çox nümayiş etdiriləcək. Tamaşaçıların böyük maraq və sevə-sevə izlədiyi tamaşalar - “O olmasın, bu olsun” (Ü. Hacıbəyli), “Ər və arvad” (Ü. Hacıbəyli), “Qızıl toy” (O. Kazimi, R. Heydər), “Baladadaşın toy hamamı” (Elçin), “Mən dəyərəm min cavana” (F. Sücəddinov, T. Vəliyeva), “www-ferzeli-kef.com” (E. Sabitoğlu, C. Məmmədov), “Qısqanc ürəklər” (R. Mirişli, M. Haqverdiyev), “Kimdir müqəssir?” (Ə. Haqverdiyev), “Talelər qovuşanda” (R. Hacıyev, E. Ocaqov, F. Zöhrabov), “Amerikalı kürəkən” (R. Mirişli, M. Haqverdiyev) və başqa səhnə əsərləri təqdim ediləcək. Habelə rusdilli və balaca tamaşaçılar “Qafqazlı qardaşqızı” (R. Hacıyev), “Skapenin kələkləri” (J.B. Molyer), “Fransız sayağı qarnir” (M. Kamoletti), “Düyməcik” (H.K. Anderson), “Qızıl cücə” (V. Ulanovski, V. Orlov), “Yağış göbələyinin macərası” (R. Şəfəq, V. Zimin), “Qırmızıpapaq” (E. Sabitoğlu, Y. Şvarts), “Dəcəl çəpişlər” (O. Zülfüqarov, R. Heydər), “Bir dayan canavar” (R. Ağayeva, A. Xayt, A. Kurlyanski) və başqa tamaşaları izləyə biləcəklər.  

Mart 29, 2016 2:40