Azərbaycanın turizm potensialının təqdimatı

Mədəniyyət və Turizm Nazirliyinin Rusiyada turizm nümayəndəliyi olan “Tour A Vent” şirkəti tərəfindən Tatarıstanın Kazan şəhərində Azərbaycanın turizm potensialının təqdimatı keçirilin. Tədbir çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin müdir müavini Rauf Paşayev, “Tour A Vent” şirkətinin nümayəndəsi Yuliya Uba, eləcə də “Jumeirah Bilgah Beach Hotel”, “Shamakhi Palace”, “Naftalan Hotel by Rixos”, “Intourist”, “Bulvar”, “Qarabağ” otellərinin və “Şahdağ” Turizm Mərkəzinin nümayəndələri təqdimatlarla çıxış ediblər. Nazirlikdən AZƏRTAC-a bildirilib ki, nümayəndələr təqdimat zamanı Azərbaycanın turizm potensialı haqqında geniş məlumat verib, öz məhsullarını təqdim ediblər. “Tour A Vent” şirkətinin nümayəndəsi çıxışında Kazan şəhərinin yaxınlığında yerləşən Ulyanovsk şəhərindən Bakıya açılması planlaşdırılan çarter reyslərindən danışıb. Qeyd edib ki, çarter reysin, oteldə yerləşmə, transfer və sığortanın daxil olduğu tam turizm məhsulunun yaradılmasında, Azərbaycanın milli aviadaşıyıcısı olan "Azərbaycan Hava Yolları"nın (AZAL) böyük köməyi olub. Bildirilib ki, AZAL-la əməkdaşlıq çərçivəsində belə çarter reyslərin Rusiyanın Moskva, Sankt-Peterburq, Mineralnıye Vodı və Kazan şəhərlərindən də açılması nəzərdə tutulur. Təqdimatda Kazan şəhərinin və Rusiya Federasiyasının tur operatorları, jurnalistləri, qonşu şəhərlərin və dövlət qurumlarının nümayəndələri iştirak ediblər. Sonda keçirilən lotereya oyununda Azərbaycana turpaketlər qazanılıb. Azərbaycanın turizm potensialının növbəti təqdimatı Ulyanovsk şəhərində keçirilib.        

Aprel 13, 2016 11:40

“Azərbaycanfilm” müsabiqə elan edir…

"Azərbaycanfilm" kinostudiyası yeni kinoalmanaxın çəkilişləri üçün qısametrajlı bədii film ssenari müsabiqəsi elan edir. Müsabiqənin şərtləri: Müsabiqəyə müəllifin orijinal işi olan ssenarilər qəbul olunur. Ssenarilər 11.04.2016 tarixindən 11.06.2016 tarixinədək qəbul olunur. Qaliblərin adları 02.08.2016 tarixinədək elan olunacaq. Təşkilatçılar təqdim olunan işlərin həcmindən asılı olaraq son tarixləri dəyişmək hüququna malikdirlər. Müsabiqəyə istənilən janrda, qısametrajlı bədii filmin çəkilişləri üçün nəzərdə tutulmuş ssenarilər qəbul olunur. Bir müəllif istənilən sayda ssenari təqdim edə bilər. Ssenarilər Courier şriftində, 12 ölçüsündə, 5 səhifədən az və 40 səhifədən artıq olmamaq şərtilə və .doc və ya pdf formatında [email protected] və ya Moskva pr.1, AZ1012Bakıünvanına təqdim olunmalıdır. Səhifələr yuxarı sağ küncdə nömrələnməlidir. Ssenarinin titul (birinci) səhifəsində ssenarinin adı qeyd olunmalıdır. Müəllifin adı, soyadı, əlaqə telefonaları, email ünvanı və sinopsisin qeyd olunduğu məlumatlar ssenari ilə birgə, amma əlavə sənədlə göndərilməlidir. Ssenari ilə birgə sinopsisin göndərilməsi mütləqdir. Müsabiqədə yalnız 35 yaşınadək olan müəlliflər iştirak edə bilər. Hər hansı bir istehsal mərhələsində olan ssenarilər müsabiqəyə qəbul olunmur. Müsabiqənin davam etdiyi müddətdə istehsala buraxılan ssenarilər deskvalifikasiya olunurlar. İştirakçı müsabiqəyə ssenari təqdim etməklə müəllif hüquqlarının tək və müstəsna olaraq ona məxsus olduğunu və hər hansı üçüncü tərəfin hüquqlarının pozulmadığını təsdiq edir. Qaliblərin adları KİV-də və www.azerbaijanfilm.az saytında elan olunacaq. Təşkilatçılar münsiflər heyəti tərəfindən seçilməyən ssenarilərə şərh vermirlər. Təqdim olunan ssenarilərin qalib olub-olmayacağından asılı olmayaraq, müəllif hüquqları qorunur. Müəliflərə ssenariləri təqdim etməkdən öncə, ssenarini Müəllif Hüquqları Agentliyində qeydə almaq tövsiyə olunur. Müəllif ssenari təqdim etməklə bütün şərtləri diqqətlə oxuduğuna və razılaşdığına zəmanət verir. Qeyd edək ki, 2015-ci ildə istehsal olunan "Şəhər motivləri 4.1" kinoalmanaxı Azərbaycan Prodüserlər Gildiyasının elan etdiyi "Geniş baxış" ssenari müsabiqəsinin qalibi olmuşdur. Dörd gənc rejissorun lentə aldığı "40-cı paraleldə" adlı növbəti kinoalmanaxın istehsalı isə 2016-ci ildə tamamlanmışdır.xeber100.com Əlaqə məlumatları: Tel: +994 12 430 1791 Email: [email protected] Ünvan:  Moskva pr.1, AZ1012 Bakı  

Aprel 11, 2016 2:05

Azərbaycanda ikinci Britaniya Film Baharı təşkil olunacaq

Nizami Kino Mərkəzində Britaniya Film Baharı festivalı keçiriləcək. “British Council”dan  verilən məlumata görə, festival Böyük Britaniyanın Azərbaycandakı səfirliyi və "Nizami" Kino Mərkəzinin təşəbbüsü ilə aprelin 25-dən 30-dək baş tutacaq. Festival çərçivəsində müasir Britaniya  kinematoqrafiyasının uğur qazanmış ən yaxşı yeni filmləri nümayiş olunacaq. Tədbir Kolm Toybinin eyniadlı romanına əsaslanaraq çəkilmiş, ssenari müəllifi Nik Hornbi, rejissoru Con Krauli olan Oskar-nominasiyalı "Bruklin" tarixi dramının premyerası ilə açılacaq. Festival çərçivəsində həmçinin baş rolunu Meqqi Smitin ifa etdiyi "Furqondakı ledi", Endrü Heyin Berlin Kino Festivalının qalibi olmuş "45 il" filmi, baş rollarında Kolin Farrel və Reyçel Vaysın çəkildiyi Yorqos Lantimosun "Lobster" filmi daxil olmaqla, 6 film izləyicilərə təqdim olunacaq. Festival müddətində British Council tərəfindən təşkil olunan online müsabiqələrin iştirakçılarına bir çox bilet və hədiyyələr təqdim olunacaq. Azərbaycanda ikinci Britaniya Film Baharının təşkil olunması münasibətilə British Council Azərbaycanın direktoru Elizabet Uayt bildirib ki, məqsəd Britaniya film və kinematoqrafçılarını azərbaycanlı tamaşaçılarla bir araya gətirmək, eyni zamanda innovasiyalar, müxtəliflik və mükəmməlliyi nümayiş etdirmək və mədəni mübadilələr üçün imkanlar axtarmaqdır.xeber100.com    

Aprel 8, 2016 3:09

“AITF” sərgisi bu il 15-ci yubileyini qeyd edir

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Ekspo Mərkəzində “AITF-2016” XV Azərbaycan Beynəlxalq turizm və səyahətlər və “HOREX Caucasus-2016” X Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgiləri ilə tanış olublar. APA-nın məlumatına görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dövlət başçısına və xanımına məlumat verib ki, 2002-ci ildə təməli qoyulan “AITF” sərgisi bu il 15-ci yubileyini qeyd edir. “AITF-2016” sərgisində turizmin müxtəlif istiqamətlərini təqdim edən 200-dən artıq şirkət iştirak edir. Belarus, Çexiya, Gürcüstan, Dominikan, Hindistan, Xorvatiya, İndoneziya, İran, İspaniya, Monteneqro, Rusiya Federasiyasının Stavropol vilayəti, Tailand, Türkiyə və Yurmala öz ölkə və regionlarının turizm potensialını və koloritini parlaq şəkildə nümayiş etdirmək məqsədilə sərgidə pavilyonlarla çıxış edirlər. Bundan başqa, sərgidə ABŞ, İordaniya, İsveçrə, İtaliya, Latviya, Maldiv adaları, Rusiya, Sloveniya, Ukrayna, Yunanıstan və digər dövlətlərdən şirkətlər isə fərdi stendlərlə təmsil olunaraq xidmət və məhsullarını təqdim edirlər. “AITF-2016” sərgisində Azərbaycanın turizm imkanları da geniş təqdim olunur. Gəncə, İsmayıllı, Lənkəran, Masallı, Mingəçevir, Naxçıvan və digər rayonlar respublikamızın turizm potensialını nümayiş etdirir. Sərgidə qonaqları regionun tarixi-mədəni irsi ilə tanış edən ənənəvi Qarabağ stendi də təqdim olunur. Dövlət başçısı və xanımı Bakıda turistlər üçün şəhər turlarında istifadə ediləcək avtobusa və mikroavtobusa baxıblar. Prezident İlham Əliyev sərgilərin işinə uğurlar arzulayıb.  

Aprel 8, 2016 2:49