Görkəmli xanəndə Arif Babayevin yubileyinə həsr olunmuş konsert təşkil edilib

Fevralın 20-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Xalq artisti, görkəmli xanəndə Arif Babayevin 85 illik yubileyinə həsr olunmuş konsert təşkil edilib. Musiqili gecədə xalq artistləri, ictimaiyyət nümayəndələri və sənətçinin yaxınları iştirak ediblər. Əməkdar incəsənət xadimi Hafiz Quliyev tədbirin əhəmiyyətini vurğulayaraq, görkəmli xanəndə Arif Babayevin yaradıcılığından danışıb: "Bu gün biz xanəndəlik sənətimizin ən görkəmli nümayəndələrindən olan ustad sənətkar Arif Babayevin sənət işığına yığışmışıq. Arif Babayev özünəməxsus ifası ilə çox insanların sevgisini qazana bilib. Bu səbəbdən də o şəxsiyyət kimi həmişə xalqına yaxın olub. A.Babayevin yaradıcılığı o qədər geniş şaxəlidir ki, haqqında bir çox kitablar, məqalələr yazılsa da hələ ki, tam olaraq onun sənəti araşdırılmayıb. Çox güman ki bu da gələcəkdə müasir musiqişünaslar tərəfindən geniş tədqiq olunacaq. Bu, Arif Babayev sənətinin həmişəyaşar olduğunun təsdiqidir". Diqqətə çatdırılıb ki, onun yaradıcılığında “Şur”, “Segah” muğam dəsgahları, “Arazbarı”, “Qarabağ şikəstəsi” zərbi muğamları xüsusi yer tutur. Xüsusilə, “Segah” muğamını Arif Babayev təkrarolunmaz bir üslubda oxuyub. Xanəndə həm də təsnif və xalq mahnılarının ifaçısı kimi çox sevilir. Arif Babayev 1990-cı ildə tarixdə ilk dəfə muğam professoru adı alıb. Onun səhnə mədəniyyəti həm xanəndə, həm də artist üçün əsas amillərdən biridir. Arif müəllim öz səhnə mədəniyyəti ilə də seçilir. Bu, onun xasiyyətində, hərəkətində təbii xarakter daşıyır. Arif Babayev xoşbəxt sənətkardır, çünki tale ondan heç nəyi əsirgəməyib. Yaraşıqlı, boy-buxunlu, cüssəli – bu da səhnə üçün çox vacib olan amillərdəndir. Arif Babayevin yaradıcılığının inkişafında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının misilsiz rolu olub. O, uzun illər bu teatrın solisti kimi fəaliyyət göstərib, bu işdə yorulmadan çalışaraq bir-birindən gözəl obrazlar yaradıb. Burada çalışdığı müddətdə, qısa bir zaman ərzində teatrın səhnəsində muğam operalarında Məcnun, Kərəm (Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” və “Əsli və Kərəm” operaları), Aşıq Qərib (Zülfüqar Hacıbəyovun “Aşıq Qərib” operası), Camal (Şəfiqə Axundovanın “Gəlin qayası” operası), Şah İsmayil (Müslüm Maqomayevin “Şah İsmayıl” operası) kimi yaddaqalan obrazları yaradıb və dinləyici auditoriyasında böyük uğur qazanıb.xeber100.com    

Fevral 21, 2023 2:13

Birinci Uşaq İncəsənət Festivalı keçiriləcək

Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən Birinci Uşaq İncəsənət Festivalı keçiriləcək. Mədəniyyət Nazirliyindən bildirilib ki, festivalın keçirilməsində əsas məqsəd Ulu Öndər Heydər Əliyevin mədəniyyətə və gənclərə qayğısını rəhbər tutaraq, mədəniyyət sahəsində inkişafın təmin edilməsi, uşaqların vətənpərvərlik ruhunda, mədəniyyətə, incəsənətə, adət-ənənələrimizə bağlı tərbiyə olunmasıdır. Üç mərhələdən ibarət festivalda 6-17 yaş arası şəxslər peşəkar (sahə üzrə aidiyyəti təhsil müəssisələrində müvafiq təhsil proqramları əsasında təhsil alanlar) və həvəskar (müxtəlif kurslarda, dərnəklərdə və ya fərdi qaydada sahənin mənimsənilməsi ilə məşğul olanlar) olmaqla iki kateqoriya üzrə üç yaş qrupunda (6-9 yaş, 10-13 yaş və 14-17 yaş) iştirak edəcəklər. Festivalda qeyd olunan yaşlar üzrə incəsənətin və yaradıcılığın müxtəlif növləri və janrları üzrə fəaliyyət göstərən kollektivlər, dərnəklər, solo ifaçılar, rəqqaslar, bədii qiraətçilər, musiqiçilər, rəssamlar, dekorativ-tətbiqi sənətlə məşğul olan istedadlı şəxslər də iştirak edə bilərlər. İştirakçıların qeydiyyatı fevralın 20-dən martın 30-dək www.uif.az internet saytı vasitəsilə aparılacaq. Festivalın ilk rayon (şəhər) mərhələsi 2023-cü ilin aprel-iyun aylarında keçiriləcək. Bu mərhələdə qalib olan iştirakçılar festivalın növbəti mərhələsində iştirak hüququ qazanacaq. İyun-avqust aylarında keçiriləcək ikinci mərhələdə fərqlənən iştirakçılar finala vəsiqə əldə edəcək. Festivalın final mərhələsi isə sentyabr ayında Bakı şəhərində təşkil olunacaq. İştirakçılar barədə yekun nəticə münsiflər heyəti tərəfindən verilən qiymətlər əsasında müəyyən olunacaq.xeber100.com    

Fevral 20, 2023 3:24

Heydər Əliyev Mərkəzində konsert-sərgi olacaq

Martın 8-də Beynəlxalq Qadınlar Günündə Heydər Əliyev Mərkəzi paytaxt sakinləri və şəhərimizin qonaqları üçün möhtəşəm və fərqli bir hədiyyə hazırlayıb. Həmin gün ziyarətçilərə “Opera və moda. Sultan Couture 20” adlı konsert proqramı və sərgi təqdim ediləcək. Opera və moda həmişə bir-birinə sıx bağlı olub. Opera divaları səhnəyə ən gözəl libaslarda və zərgərlik nümunələrində çıxıblar. Opera kostyumları modaya və ya əksinə - geyim dəbləri opera səhnəsinə daim sirayət edib. Tamaşaçılar məşhur opera əsərləri ilə moda evlərinin müştərək səhnə performanslarını da həmişə maraqla izləyib. Heydər Əliyev Mərkəzindəki opera və modanın birləşdiyi konsertdə tanınmış opera müğənniləri – beynəlxalq müsabiqələr laureatı Yana Melikayeva (messo-soprano), Stanislavski və Nemiroviç-Dançenko adına Moskva Akademik Musiqili Teatrının solisti Anastasiya Çernovolos (soprano), Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının solistləri Yuliya Süleymanova (soprano), Yekaterina Sannikova (soprano) və “Helikon-opera” Moskva Musiqili Teatrının solisti Elnarə Məmmədova (soprano) iştirak edəcək. İncəsənət xadimləri Heydər Əliyev Mərkəzinin səhnəsində Azərbaycan və digər ölkə bəstəkarlarının ən parlaq və məşhur əsərlərini ifa edəcəklər. İfaçıları dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edəcək. Gecəyə fərqlilik gətirən daha bir məqam opera müğənnilərinin səhnəyə rəssam-modelyer Orxan Sultanın məhz Bakı konserti üçün hazırladığı libaslarda çıxması olacaq. Beləliklə, Auditorium zalındakı konsert zamanı yaranmasının 20 illiyini qeyd edən “SULTAN COUTURE&Co” brendinə məxsus 16 geyimdən ibarət kolleksiya nümayiş etdiriləcək. Gecə ərzində səhnəyə çıxacaq müğənnilər həm də “BVLGARI” brendinin zinət əşyalarını təqdim edəcəklər. Beləliklə də, konsertdə tamaşaçılar həm gözəl vokal interpretasiyalarının, zəngin repertuarın, həm də cazibədar səhnə geyimləri ilə məşhur zərgərlik brendinin kolleksiyasının şahidi olacaqlar.xeber100.com  

Yanvar 31, 2023 10:03