Azərbaycan Milli Xalça Muzeyində sərgi açılacaq

İyunun 29-da Azərbaycan Milli Xalça Muzeyində “Xalidə Nəsirovanın qurama dünyası” adlı sərgi açılacaq.Xalça Muzeyindən bildirilib ki, həyatının 30 ildən çoxunu qurama sənətinə həsr edən Xalidə Nəsirovanın fərdi retrospektiv sərgisində 40-a yaxın qurama nümunəsi təqdim olunacaq. Burada sənətkarın müəllifi olduğu əsərlərlə yanaşı, ona hədiyyə edilmiş XX əsrin əvvəllərinə aid quramalar da nümayiş etdiriləcək.Bu bədii ənənəni müasir dövrdə yaşadan, ona özünəməxsus dəst-xətti ilə həyat verən azsaylı sənətkarlardan olan Xalidə xanımın quramalarının əksəriyyətini müxtəlif örtüklər, yastıq üzləri, dekorativ süfrələr, mozaik pannolar təşkil edir. O, həm də qurama araqçınlar, jiletlər və suvenir mütəkkələrin müəllifidir. İlk dövrlərdə yaratdığı quramalarında əsasən ipək parçalardan istifadə edən sənətkar sonralar müxtəlif növ parçalarla yaradıcılıq imkanlarını daha da genişləndirib. Əsasən mücərrəd üslubda işləyən Xalidə xanımın mürəkkəb və zəngin naxışlı kompozisiyalarının əsas mövzusu tarix, incəsənət, din və məhəbbətdir. Əsərlərini eskizsiz hazırlayan müəllifin yaradıcılığında buta və göz elementləri, kvadrat, üçbucaq formaları, kvadrat içərisində müxtəlif həndəsi naxışlar, memarlıq təsvirləri və digər ornament və təsvirlər üstünlük təşkil edir.“Avroviziya 2012”, 100-dən çox qalstukdan hazırlanmış “İçərişəhərin sirləri”, insanları qədim abidələri qorumağa səsləyən “İmdad” adlı işləri və digər çoxsaylı quramalarında müəllifin özünəməxsus bədii axtarışları əksini tapıb. İxtisasca kimyaçı olan Xalidə Nəsirovanın yaratdığı ilk qurama isə 20 Yanvar faciəsinə həsr edilib və onun “Mənim dostlarım” adlı bu əsərində 3330 ədəd parça hissəsindən istifadə olunub.Sərgi çərçivəsində mühazirələr, qurama üzrə ustad dərsi, tematik ekskursiyalar keçiriləcək.Sərgi sentyabrın 10-dək davam edəcək.xeber100.com

İyun 24, 2022 2:06

Amaliya Pənahovanın xatirəsinə həsr olunmuş anım gecəsi keçirildi

İyunun 16-da Azərbaycan Dövlət Film Fondunda Xalq artisti, sənətşünaslıq doktoru, professor, “Şərəf” və “Şöhrət ordenli Amaliya xanım Pənahovanın xatirəsinə həsr olunmuş anım gecəsi keçirildi. Görkəmli teatr və kino xadimi, Xalq artisti Rafiq Əzimovun, rejissor, Əməkdar artist Elxan Qasımovun, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, Xalq artisti Həmidə Ömərovanın, yazıçı-dramaturq Firuz Mustafanın, rejissor, Xalq artisti, “Şöhrət” ordenli Mərahim Fərzəlibəyovun, "Floristika" İncəsənətə Dəstək İctimai Birliyinin yaradıcısı, rəssam, əməkdar artist Suqra Bağırzadənin, telejurnalist Vidadi Hüseynovun, əməkdar artistlər - Füzuli Hüseynovun, Sənubər İsgəndərli və digərlərinin iştirak etdiyi tədbirdə görkəmli sənətkarın kinoda yaratdığı obrazlardan ibarət fotosərgisi nümayiş olundu. Azərbaycan Dövlət Film Fondunun direktoru Cəmil Quliyev sənətkarın həyat və yaradıcılığından danışıb, onun mədəniyyətimizin inkişafındakı xidmətlərini vurğulayıb: “Fonda görkəmli sənətkarın 80 nadir fotoşəkli, kitabları, şəxsi sənədləri, qəzet və jurnalları daxil olub. Xalq artistinin şəxsi arxiv fondunun yaradılması sənətkarın doğum gününə ithaf olunub. Şəxsi arxiv fonduna daxil olan sənədlər sənətkarın qızı Aynur Muxtarova tərəfindən təhvil verilib”. Elxan Qasımov görkəmli aktrisanı 1962-ci ildən tanıdığını söyləyib: “Amaliya Pənahova haqqında yazılan monoqrafiyalar onu tam əks etdirmir. Amaliyanı yaxından tanımaq, gözündəki qığılcımı görmək üçün onunla təkbətək söhbət etmək lazım idi. Amaliya Pənahovanı daha yaxşı Bələdiyyə Teatrın aktyorları tanıyır. Bu teatrı yaradan Amaliya Pənahova yaradıcı heyətə nəvazişlə yanaşır aktyorlara sənətin sirlərini öyrədirdi. Bu teatr Amaliya Pənahovanın canlı arxividir. Onun həyatı bundan sonra başlayır”. Rafiq Əzimov Amaliya Pənahovanı teatr aləmində 50 il şöhrəti saxlayan yeganə aktrisa adlandırıb: “Amaliya Pənahova ölkənin aparıcı teatrında roldan-rola başqalaşdı və tamaşaçıların qəlbini ovsunladı. Onun yaratdığı teatr bir tarix oldu. İlk dəfə Amaliya Pənahovanın vaxtında yaşlı nəslin nümayəndələri ilə gənc aktyorlar bir səhnəni bölüşdülər. Bu teatr tarixində bir çevriliş idi”. Görkəmli sənətkarla uzun illər Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında bərabər çalışmış, quruluş verdiyi tamaşalarda Amaliya Pənahovaya əsas rolları həvalə etmiş Xalq artisti Mərahim Fərzəlibəyov qeyd edib ki, “Sən həmişə mənimləsən” filmində Amaliya Pənahovanı ilk dəfə ekranda görəndə onunla işləmək arzusuna düşdüm: “Tale elə gətirdi ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında səhnələşdiridiyim tamaşalarda onunla bərabər çalışdıq və uzun illər teatrın ən önəmli səhnə əsərlərində Amaliya xanım tamaşalarımdakı qadın obrazlarının təkrarsız ifaçısı oldu. Son illərdə isə Bakı Bələdiyyə Teatrında görkəmli sənətkarla çalışdım. Teatrın kolklektivilə bir çox tamaşalar hazırladıq. Son hazırladığım “Xan qızı” tamaşası onun xatirəsinə həsr olundu. İnanıram ki, Bakı Bələdiyyə Teatrı hər zaman Amaliya Pənahovanın yolunu layiqli şəkildə davam etdirəcək". Tədbirin sonununda Amaliya Pənahovanın nəvəsi Aydın Muxtarov ailəsi adından çıxış edərək hamıya öz təşəkkürünü bildirdi: “Bir neçə gün bundan əvvəl Film Fondun direktoru Cəmil Quliyev tərəfindən Amaliya Pənahovanın şəxsi arxiv fondu yaradıldı. Bu gün Amaliya xanımı yad etmək üçün bu gözəl tədbirə yığışmışıq. Amaliya xanımın ailəsi adından hər birinizə, xüsusilə Cəmil müəllim Quliyevə bu tədbiri təşkil etdiyinə görə təşəkkürümüzü bildiririk”. Daha sonra Amaliya Pənahova haqqında onun geniş müsahibəsini əks etdirən veriliş təqdim olunub.xeber100.com

İyun 17, 2022 6:48

Milli Qurtuluş Günü münasibətilə “Xan qızı” tamaşasının premyerası oldu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 2022-ci ilin Azərbaycanda “Şuşa İli” elan edilməsi bir çox silsilə tədbirlərin həyata keçirilməsinə yol açdı. Prezidentin digər Sərəncamına əsasən bu il Azərbaycan bədii fikrinin görkəmli siması Xurşidbanu Natəvanın anadan olmasının 190 ilinin  tamam olması münasibətilə Mədəniyyət Nazirliyi şairənin yubileyinə həsr edilmiş tədbirlər planı hazırlayıb həyata keçirməkdədir. Bakı Bələdiyyə Teatrının hazırladığı “Xan qızı” tamaşası da həmin tədbirlər planının bir hissəsidir. İyunun 14-də Bakı Bələdiyyə Teatrı “Xan qızı” tamaşasının premyerasını keçirdi. Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində nümayiş olunan tamaşa Xurşidbanu Natəvanın 190 illik yubileyi münasibətilə hazırlanmış, Azərbaycan xalqının Milli Qurtuluş Gününə, eyni zamanda yazıçı dramaturq İlyas Əfəndiyevin və  teatr və kino aktrisa, Xalq artisti Amaliya Pənahovanın xatirəsinə həsr olunub. İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” pyesi tarixi mövzuda yazılan, müasir həyatımızla səsləşən ən qiymətlı əsərlərdən biri hesab olunur. Sonuncu Qarabağ xanının qızı, təmiz və incə duyğulara malik bir şairənin əsərlərindəki kədər sosial səciyyə daşıyır ki, bu da yazıçını daha çox cəlb etmişdir. Bu baxımdan da, Natəvanı həm ictimai xadim kimi, həm də elinə-obasına bağlı şairə kimi təqdim etmişdir. Xatırladaq ki, pyes əsasında rejissor Mərahim Fərzəlibəyovun 1981-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram teatrının səhnəsində hazırladığı eyni adlı tamaşada Natəvan obrazını görkəmli teatr bə kino aktrisası Amaliya Pənahova yaratmışdır. Azərbaycan teatr tarixində Xurşidbanu Natəvan obrazını ilk dəfə olaraq Amaliya Pənahovanın bənzərsiz və özünəməxsus şəkildə yaratması onu sadəcə bir şairə kimi deyil, eyni zamanda böyük bir şəxsiyyət, özünün siyasi görüşləri olan, dövrünün çatışmazlıqları ilə mübarizə apara bilən bir azərbaycanlı qadını kimi canlandırması geniş tamaşaçı auditoriyasının yaddaşında silinməz izlər buraxmaqla yanaşı, eyni zamanda teatr tarixinə qızıl hərflərlə yazılmışdır. Həmin illərdə aktrisa Şuşa şəhərində keçirilən Natəvan poeziya günlərində iştirak etmiş və xalqın yaddaşında bu günə qədər də Xurşidbanu Natəvan obrazında canlanır. Tamaşanın yeni quruluşunun müəllifi və rejissoru görkəmli teatr rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyovdur. Yeni quruluşda Natəvanın həyatından dramatik səhnələr yer alıb. Onun 1872-ci ildən rəhbərliyilə sarayında davam etdirilən, otuzdan çox üzvü olan “Məclisi-üns, şəxsi həyatı yer alıb. Eyni zamanda tamaşada şairənin şerlərinə də geniş yer verilib. Yeni quruluşda olan tamaşada iştirak edirlər: Xurşibanu Natəvan - Ülviyyə Rza (Humay mükafatı laureatı) Xasay bəy - Tural Əhməd (Humay mükafatı laureatı) Canişin - İsmayıl Atakişiyev Mirzə Ruhulla – Rafiq İbrahimov (Əməkdar artist) Mirzə Rəhim – Toğrul Rza (Humay mükafatı laureatı) Həsən bəy – Əhməd Salahov Mirzə Məmmədqulu – Mehman Abdullayev Fəhim xanım – Zülfiyyə Qurbanova (Humay mükafatı laureatı) Süsən – Təzəgül Məmmədova Qönçə - Zülfiyyə Məmmədova (Humay mükafatı laureatı) Bəyim – Aynur Abbasova Pakizə Bəyim – Günel Həmidova Gülgün – Əzizə Həşimova Yaradıcı heyət: Quruluşçu rəssam – İlham Əsgərov (Əməkdar mədəniyyət işçisi) Plastik səhnələrin quruluşu – Bəhruz Vaqifoğlu (Əməkdar artist) Musiqi hissə müdiri – Nazim Əbidov (Əməkdar mədəniyyət işçisi) İşıq rəssamı – Tərlan Ələsgərli Kostyum sexini müdiri – Leyla Əkbərova Əruz üzrə məsləhətçi – Firudin Qurbansoy Dizayn işləri üzrə tərtibatçı – Elnur Ehtiramoğlu Xatırladaq ki, Bakı Bələdiyyə Teatrı 1992-ci ildə Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə unudulmaz sənətkarlar, görkəmli teatr və kino xadimləri, Xalq artistləri Amaliya Pənahova və Yusif Muxtarov tərəfindən yaradılmışdır. Bu illər ərzində teatrın repertuarında Cəlil Məmmədquluzadənin, Nəriman Nərimanovun, Mirzə Fətəli Axundovun, Nazim Hikmətin, Əziz Nesinin, Cəfər Cabbarlının, eləcə də dünya klassiklərinin pyeslərini uğurla səhnələşdirilmişdir. Teatr yarandığı gündən bu günə kimi saysız-hesabsız səhnə əsərləri ilə milli teatr mədəniyyətini Azərbaycanda, cəbhə bölgələrində, eyni zamanda xaricdə uğurla təbliğ edir.                  

İyun 14, 2022 9:46

Firəngiz Əlizadənin yaradıcılığı ilə bağlı çəkilmiş sənədli filmin təqdimatı olub

Azərbaycan Bəstəkarlar İttifaqının konsert zalında UNESCO-nun “Sülh” artisti, AMEA-nın müxbir üzvü, İttifaqın sədri, professor Firəngiz Əlizadənin yaradıcılığı ilə bağlı çəkilmiş sənədli filmin təqdimatı olub.Sənədli filmdə bəstəkarın əsərlərinin məşhur, tanınmış orkestrlər, ifaçılar tərəfindən ifası, elm və incəsənət xadimlərinin Firəngiz xanım haqqında ürək sözləri öz əksini tapıb.Tədbirdə Firəngiz Əlizadə film haqda qısa da olsa fikirlərini bölüşüb.Bildirilib ki, filmdə istifadə olunmuş materiallar müxtəlif illərin yaradıcılıq məhsuludur. Tanınmış musiqi xadimləri - Habil Əliyevin, Arvo Pyatın, Mstislav Rostropoviçin, Qalina Mikeladzenin, İrina Şostakoviçin və bir çox elm xadimlərinin Firəngiz xanım haqda çıxışları filmə daxil edilib.Bəstəkarın film boyunca “Habilsayağı”, “Gitara üçün fantaziya”, “Muğamsayağı”, “Nağıllar”, “Dəniz”, “İthaf”, “Nasimi Passion”, “İntizar” əsərlərindən fraqmentlər təqdim olunub. Bu əsərlər Almaniya, İsveçrə, Paris, Portuqaliya, Argentina, Rusiya və digər ölkələrin konsert zallarında böyük təntənə ilə səslənib.Filmdə 2007-ci ildə bəstəkara UNESCO-nun “Sülh” artisti, 2019-cu ildə isə “Ağa Xan” mükafatlarının verilməsi anları da yer alıb.Tədbirdə Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər.xeber100.com

May 23, 2022 3:41

Şuşada beynəlxalq konfrans davam edir

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada “Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda beynəlxalq konfrans plenar sessiyalarla davam edib.Konfransın birinci plenar sessiyası “Postmünaqişə dövründə dialoq və əməkdaşlığın qurulmasında mədəniyyətin rolu” mövzusuna həsr olunub.Plenar sessiyada TÜRKSOY-un Baş katibi Sultanbai Raev, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, Beynəlxalq Tərəqqi Təşkilatının prezidenti Hans Köler, Hikmət Fondunun icraçı direktoru Zinət Şökətəli, Qahirə Universitetinin professoru Mohsen Abulnaga, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Gülşən Paşayeva, ABŞ-ın Etnik Anlaşma Fondunun sədri Ravvin Mark Şnayer çıxış ediblər.Bildiriblər ki, Şuşa şəhəri nəinki Azərbaycan, bütün Türk dünyası üçün çox vacib məkandır. Qeyd edilib ki, Şuşa işğal dönəmində bir çox sahədə, o cümlədən mədəni sahədə dağıntılara məruz qalıb. Bütün bunlara baxmayaraq mədəniyyətin bərpası digər sahələrlə nisbətdə daha həssas sahədir. Bu sahənin aktivləşməsi üçün insanlar öz doğma yurd yuvalarına qayıtmalıdırlar. Bunun üçün isə ilk növbədə minaların təmizlənməsi prosesi başa çatmalıdır.Qeyd edilib ki, mədəniyyət kollektiv və fərdi yanaşmanı, kimliyi təsdiq edir.Panelin sonunda iştirakçıların sualları cavablandırılıb.xeber100.com

May 19, 2022 3:16

V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı davam edir

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı davam edir.Bu dəfə də Qarabağın incisi olan Şuşa özünə qayıdan müasir siması, Cıdır düzünü bəzəyən ecazkar muğamı ilə birgə müxtəlif xalqların musiqisinə, mədəniyyətinə və onun görüşünə gələn qonaqlara qucaq açıb.Festivalın ikinci günündə səhnədə ilk olaraq Bolqarıstandan olan “Trigaida” qrupu yer alıb.Tamaşaçılar qarşısında geniş və maraqlı repertuarla çıxış edən qrup dinləyicilərinə özünün məşhur musiqilərini təqdim edib.Qeyd edək ki, qrupun rəhbəri rəssam, musiqiçi, prodüser və bəstəkar İvan Şopovdur. O, 250-dən çox musiqi layihələrində iştirak edib, həm solo, həm də qrup albomları buraxıb. Bu, onu Avropa elektron andeqraundun aparıcı simalarından biri kimi təsdiq edib. Onun müxtəlif layihələri nağara və bas, IDM, caz, ambient, texno, rok və klassik musiqi kimi janrları əhatə edir. İvan Şopovu öz sahəsindəki digər sənətçilərdən həqiqətən də fərqləndirən cəhət onun ənənəvi bolqar folklorunu elektron musiqi və cazla qarışdırmasıdır.O, ABŞ, Cənubi Amerika, Rusiya, Asiya, Avstraliya və Yeni Zelandiyada turlarda çıxış edib.“Trigaida” Şərqi Avropada Bolqarıstanın kiçik və rəngarəng elektron musiqi istiqamətindən qaynaqlanan müasir musiqi layihəsidir. Sözügedən folktronika triosuna multi-alət ifaçısı Georgi Marinov, folklor müğənnisi Asya Pinçeva və İvan Şopov daxildir. Georgi Marinov və Asya Pinçeva Bolqar musiqisini dünyaya tanıdan, müasir klub musiqi üslubunu folk musiqisinə sintez edən “ORATNITZA” musiqi qrupunun üzvləri olmuşdurlar. Həmçinin trio dünya musiqi istiqamətinda geniş bir musiqi platforması nümayiş etdirir.Xatırladaq ki, mayın 14-dək Şuşada keçiriləcək V "Xarıbülbül" Beynəlxalq Folklor Festivalında 10 xarici ölkədən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilər, rəqs kollektivləri, həmçinin, Azərbaycanın müxtəlif regionlarından olan folklor qrupları doğma Şuşanı öz musiqi töhfələri ilə salamlayacaqlar.xeber100.com

May 13, 2022 3:10