Canlı musiqinin müşayiəti ilə illik beynəlxalq səssiz kino festivalı keçiriləcək

Yanvarın 27-dən 30-dək Almaniyanın Heydelberq şəhərində canlı musiqinin müşayiəti ilə illik beynəlxalq səssiz kino festivalı keçiriləcək. 21-ci dəfə keçiriləcək bu festivalın unikallığı və Almaniyada keçirilən başqa səssiz kino festivallarından əsas fərqi ondan ibarətdir ki, burada filmlərin müşayiət edilməsi üçün müxtəlif ölkələrdən musiqi qrupları dəvət edilir. Təsisçisi və təşkilatçısı Huşəng Vahidi olan bu qeyri-adi festivalda həm səssiz filmlər, həm də dialoqların az olduğu oyun filmləri nümayiş etdirilir. Film göstərilərkən lentin səs cığırı söndürülür və müxtəlif musiqiçilərin ifasında canlı müşayiət bəzən bu filmləri tamamilə yeni tərəfdən açıqlayır, çünki musiqiçilər bu əsərləri öz zövqlərinə müvafiq musiqi əsərləri seçir və əsərin təqdimatına öz baxışlarını əlavə edirlər. Builki festivalda Azərbaycan kinematoqraflarının işi də nümayiş etdiriləcək. Söhbət Rüstəm İbrahimbəyovun ssenarisi əsasında rejissor Vaqif Behbudovun çəkdiyi “Başlanğıc” filmindən gedir. Dərin fəlsəfi məzmunlu bu ekran əsərini almaniyalı pianoçu Fridvart Göbells müşayiət edəcək. Cənab Göbells bu film barədə düşündüklərini belə ifadə edib: “Huşəng Vahidi bu festivalın direktoru kimi daim yeni maraqlı filmlər axtarır və onları festival üçün şəxsən özü seçir. O həm də daim yeni ideyalar təklif edən yaxşı dostdur. Keçən il yayda Huşəng Vahidi Azərbaycanda olarkən onun dostu rejissor Şamil Əliyev bu qısametrajlı filmə baxmağı təklif edib. Huşəngi Azərbaycandan qayıdandan sonra mənə zəng vurdu və festivalda musiqiçi kimi iştirak etmək istədiyini bildirdi. Azərbaycan filmi çox xoşuma gəldi, çünki bu əsərin fəlsəfi məzmunu yenidir. Filmə baxandan sonra öz təəssüratlarım əsasında ona yeni musiqi yazdım. Beləliklə, festivalda nümayiş etdiriləcək filmin musiqisi yeni və orijinaldır”.xeber100.com

Yanvar 14, 2023 1:59

Bakı Dövlət Sirkində beynəlxalq sirk proqramına start verilib

Bakı Dövlət Sirkində “Güzgülər dünyası” adlı beynəlxalq sirk proqramına start verilib. Biz bütün fəsillərdə bir-birindən maraqlı, rəngarəng layihələrlə çıxış edirik. Bu sözləri dekabrın 17-də Bakı Dövlət Sirkində nümayiş olunan “Güzgülər dünyası” adlı şou zamanı mediaya açıqlamasında Bakı Dövlət Sirkinin direktor vəzifəsini icra edən Nahid Ağayev deyib. “Bakı Dövlət Sirki olaraq biz gənc, yeniyetmə tamaşaçılarımıza Yeni il layihəsi təqdim edirik. Layihənin adı "Güzgülər dünyası" adlanır. Bu layihənin özünəməxsus özəllikləri var. Əvvəlki layihələrdən fərqi qeyri-adi süjet xətinin və maraqlı performansların olmasıdır. Hesab edirik ki, bu şou tamaşaçıların böyük marağına səbəb olacaq. Müasir sirk nümunələrini nümayiş etdirməyi qarşısına məqsəd qoyan Bakı Dövlət Sirki hazırladığı budəfəki şouda yeni dekorasiyalarla, fərqli musiqi tərtibatı və işıq effektləri, həmçinin aktyorların yeni kostyumları ilə tamaşaçıların görüşünə gəlib. Yanvarın 8-dək davam edəcək Yeni il şousunun hekayəsində şər qüvvələri ilə xeyirxah şahzadənin mübarizəsindən bəhs edilir. Bundan başqa, Bakı Dövlət Sirki uzun illərdən sonra Qarabağ atlarının çıxışı ilə milli sirk nömrəsini də hazırlayıb. Proqramların təşkilatçısı azərbaycanlı sirk ustası Allahverdi İsrafilovdur", - deyə N.Ağayev bildirib. Sonra musiqili rəqs şouları, hava gimnastlarının qeyri-adi tryukları, klounların yumor dolu çıxışları, balet şousu və transformasiya illüziyası kimi digər nömrələrlə zəngin sirk şousu nümayiş edilib.xeber100.com  

Dekabr 17, 2022 8:19