Azərbaycan Bəstəkarlar İttifaqının geniş iclası keçirilib

Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyətinin geniş iclası keçirilib.İttifaqdan bildirilib ki, iclas zamanı ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirlər planı müzakirə edilib.Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadə qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi çox əlamətdar bir hadisədir. Heydər Əliyev hələ sağlığında öz misilsiz xidmətləri ilə xalqımızın qəlbində əfsanəvi şəxsiyyət kimi hörmət qazanıb. Onun parlaq obrazı, əvəzolunmaz fəaliyyəti incəsənətin müxtəlif sahələrində - o cümlədən, Azərbaycan bəstəkarlarının yaradıcılığında öz əksini tapıb.Cövdət Hacıyev, Arif Məlikov, Musa Mirzəyev, Tofiq Bakıxanov, Firəngiz Əlizadə, Azər Dadaşov, Oqtay Rəcəbov, Sərdar Fərəcov, Vasif Allahverdiyev və digər bəstəkarlar Heydər Əliyevə həsr olunmuş monumental simfonik əsərlər yaratmışlar. Onun işıqlı obrazı digər musiqi janrlarında yazılmış əsərlərdə - kantatalarda, odalarda, mahnılarda vəsf olunub.Diqqətə çatdırılıb ki, Azərbaycan Bəstəkarlar İttifaqında hər il mütəmadi olaraq, Heydər Əliyevin doğum və anım günləri qeyd olunur, elmi konfranslar keçirilir, böyük rəhbərə həsr olunmuş yeni əsərlər dinlənilir və müzakirə edilir.İdarə Heyəti üzvlərinin Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirlər planına uğun olaraq ona həsr olunmuş əsərlərdən ibarət konsertlərin və “Heydər Əliyev və Azərbaycan bəstəkarlıq məktəbi” adlı elmi konfransın keçirilməsi haqqında təkliflər səsləndirilib.İdarə Heyətinin sədri Firəngiz Əlizadə bəstəkarları ümummilli lider Heydər Əliyevin obrazını əks etdirən müxtəlif janrlı yeni əsərlərin yaradılması üçün səfərbər olmağa səsləyib. Xüsusilə, Ulu Öndərin əvəzedilməz xidmətlərini əks etdirən iri həcmli monumental əsərlərin yazılmasının vacibliyi qeyd olunub.

Noyabr 17, 2022 5:38

Bakı Bələdiyyə Teatrı 30 illik yubileyində “Şuşada ürəyim qaldı” tamaşasını təqdim etdi

Noyabrın 15-də Bakı Bələdiyyə Teatrı 30 illik yubiley gecəsiylə geniş tamaşaçı auditoriyası qarşısında növbəti təqdimatını gerçəkləşdirdi. Görkəmli yazıçı-dramaturq, Xalq yazıçısı İlyas Əfəndiyevin “Qarabağnamə” və Xalq yazıçısı Elçinin “Baş” romanı əsasında hazırlanan “Şuşada ürəyim qaldı” tamaşasının premyerası oldu. Tamaşanın səhnələşdirəni və quruluşçu rejissoru, Xalq artisti, “Şöhrət” ordenli Mərahim Fərzəlibəyovdur. Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, Xalq yazıçısı Anar, Xalq yazıçısı Elçin, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, Filologiya elmləri doktoru, millət vəkili Rafael Hüseynov, Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Əməkdar incəsənət xadimi Abdulla Qurbani, Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda fövqəladə və səlahiyyətli səfiri İlqar Muxtarov, Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin müdiri Fərəh Acalova, Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti Hacı İsmayılov, Bakı şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, Xalq artisti Həmidə Ömərova, Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev, Xalq artistləri-Nurəddin Mehdixanlı, Əli Nur, teatr tənqidiçisi Əsəd Cahangirli, eləcə də ölkəmizin mədəniyyət və incəsənət xadimləri iştirak edirdi. Tədbir öncəsi Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəman vətən övladlarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Daha sonra söz Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin müdiri Fərəh Acalovaya verildi. F.Acalova Mədəniyyət naziri Anar Kərimovun təbrikini çatdırdı və nazirlik tərəfindən fəxri fərmanla təltif olunan aktyorların siyahısını təqdim etdi. Növbəti çıxış üçün söz Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti Hacı İsmayılova verildi. H.İsmayılov Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətovun təbrikini çatdırdıqdan sonra, İttifaqın Bakı Bələdiyyə Teatrının bir qrup aktyoruna ünvanlanan mükafatlarını təqdim etdi. Bir qrup aktyora “Sənətkar” medalı, Fəxri fərman və “Qızılgül” mükafatları verildi. Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayevin yubiley təbrikini ittifaqın katibi, Xalq artisti Həmidə Ömərova tədbir iştirakçılarına çatdırdı. AKİ-nin Bakı Bələdiyyə Teatrının 30 illiyinə hazırladığı diplomu və Şuşanın 270 illiyinə həsr olunmuş, Şuşa mənzərəsini özündə əks etdirən, rəssam İlham Səfərlinin rəsm əsəri təqdim olundu. Eləcə də digər çıxış edənlər teatrın yubiley təbriklərinə qatıldılar. Tədbirdə Bakı Bələdiyyə Teatrının 30 illiyinə həsr olunmuş 10 dəqiqəlik video-rolikin təqdimatından sonra tamaşa başladı. Qeyd edək ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın 270 illiyinə, eyni zamanda Bakı Bələdiyyə Teatrının 30 illik yubileyinə həsr olunan “Şuşada ürəyim qaldı” tamaşasının əsas ideyası ondan ibarətdir ki, Azərbaycanın başına necə müsibətlər gəlib və ölkəmiz bu  müsibətlərin içindən mərd-mərdanə çıxaraq öz dövlətini qorumağa çalışıb. General Sisiyanovun Azərbaycanda, ümumiyyətlə Qafqazda törətdiyi faciələrdən danışan və İbrahim xanın qızı Ağabəyim ağanın  müsibətlərindən bəhs edən səhnə əsərində Azərbaycan xanlıqlarının ayrı-ayrı dövlətlərdən ibarət olsa da, əslində müstəqilliyimizin əsasını qoymağa çalışmaları diqqətə çəkilir. Tamaşada iştirak edirlər: İsmayıl Atakişiyev (general Pavel Sisianov) Rəşad Kəsəmənli (Hüseynqulu xan) Rafiq İbrahimov (İbrahim xan) Hüsniyyə Mürvətova (Tubu xanım)-Əməkdar artist Zülfiyyə Qurbanova (Ağabəyim ağa) Asif  Rəhimov (Fətəli xan) Əfqan Soltanov(Molla Müzəffər ağa) – Əməkdar artist Elxan Rzayev (Saday bəy) Tural Əhməd (Mahmud bəy) Mehman Abdullayev (Şəfi bəy) Toğrul Rza (Dmitri Lisaneviç) Elçin Muradov (kölgə) Rəşid Soltanov (1-ci kölgə) Namiq Cavadov (2-ci kölgə) Nigar Babayeva (1-ci rəqqasə) Günel Həmidova (2-ci rəqqasə) Əzizə Həşimova (3-cü rəqqasə) Yaradıcı heyət Quruluşçu rejissor - Mərahim Fərzəlibəyov(Xalq atristi) Bəstəkar - Eldar Mansurov(Xalq artisti) Quruluşçu rəssam – İlham Əsgərov(Əməkdar mədəniyyət işçisi) İşıq rəssamı – Tərlan Ələsgərli Kostyum sexinin müdiri – Leyla Əkbərova Dizayn üzrə tərtibatçı – Elnur Ehtiramoğlu SON SÖZ ƏVƏZİ: 30 yaşını tamamlayan Bakı Bələdiyyə Teatrı 1992-ci ildə Azərbaycanın siyasi və dövlət xadimi, Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə görkəmli teatr və kino xadimləri, Xalq artistləri Amaliya Pənahova və Yusif Muxtarov tərəfindən yaradılıb. Bu illər ərzində saysız-hesabsız səhnə əsərləri ilə milli teatr mədəniyyətini Azərbaycanda, eyni zamanda dünya ölkələrində təbliğ edən teatrın repertuarında Cəlil Məmmədquluzadənin, Nəriman Nərimanovun, Mirzə Fətəli Axundovun, Nazim Hikmətin, Əziz Nesinin, Cəfər Cabbarlının, eləcə də dünya klassiklərinin pyeslərini uğurla səhnələşdirilmişdir.xeber100.com      

Noyabr 16, 2022 12:27

“Şuşa, sən azadsan!” filmi nümayiş olunub

Moskvada “Şuşa, sən azadsan!” filmi nümayiş olunub.Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr edilmiş filmin qapalı nümayişi Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin “Azərbaycan” pavilyonunda keçirilib."Azərbaycan" pavilyonunun direktoru Səadət Qədirova iki möhtəşəm bayram - Zəfər Günü və Dövlət Bayrağı Gününün qeyd olunduğunu bildirib. “Bugünkü tədbir daha çox gənclərə ünvanlanır. "Şuşa, Sən azadsan!" filminin nümayişi ilə gəncləri Azərbaycan əsgərinin qəhrəmanlığı ilə tanış etmək istəyirik. Bu gün pavilyonumuzda kiçik fotosərgi də nümayiş olunur. Həmin fotolarda Azərbaycan xalqının Vətən müharibəsində qazandığı qələbəni necə coşqu, sevinclə qeyd etməsi öz əksini tapıb. Eyni zamanda, sərgidə işğaldan azad olunan Şuşada keçirilən ilk “Xarıbülbül” Festivalından maraqlı görüntülər təqdim edilir. Düşünürəm ki, Şuşanın hər bir azərbaycanlının qəlbində öz yeri var. "Şuşa, sən azadsan" filminin nümayişi bizim üçün çox vacib idi", - deyə o vurğulayıb.Qeyd edək ki, real hadisələr əsasında çəkilmiş film “Baku Media Center”in və “Salnaməfilm” studiyasının birgə işidir. Filmin baş prodüseri Arzu Əliyevadır.Müasir hərb tarixinin ən parlaq səhifələrindən biri olan Şuşa əməliyyatının maraqlı detallarının əks edildiyi filmdə bu əməliyyatın iştirakçıları olmuş şanlı Azərbaycan əsgər və zabitləri ilə müsahibələr, Şuşa şəhəri uğrunda döyüşlərin gedişatında çəkilmiş eksklüziv kadrlar təqdim edilir.Film Azərbaycan dilində nümayiş etdirilib.xeber100.com

Noyabr 9, 2022 2:26

Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş müsabiqə elan edilib

Azərbaycan Bəstəkarlar İttifaqı “Heydər Əliyev İli” çərçivəsində, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş bəstəkar, Xalq artisti, professor Azər Dadaşovun “Fortepiano əsərlərinin ən yaxşı ifası” üzrə VI beynəlxalq müsabiqə elan edib. İttifaqdan bildirilib ki, 2023-cü il aprelin 24-25-də Bakıda keçiriləcək müsabiqə 2 mərhələdən ibarətdir. Müsabiqədə yaş məhdudiyyəti qoyulmur. Müsabiqədə iştirak etmək istəyənlər 2023-cü il aprelin 1-dək sənədlərini Azərbaycan Bəstəkarlar İttifaqına (Tel: (012) 598 08 86) təqdim etməlidirlər. (ərizə, 13x18 ölçüdə 2 rəngli foto-şəkil, doğum haqqında şəhadətnamə, xasiyyətnamə, iştirakçının bütün turlar üzrə proqramı) Müsabiqənin təşkilat komitəsinin sədri və münsiflər heyətinin sədri – Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadədir. Müsabiqənin birinci mərhələ üzrə proqramına A.Dadaşovun fortepiano silsilələrindən biri – “Çiçəkçin” (7 rəqs),“6 miniatür”, “6 qəmli pyes”, “6 prelüd”, “Atmacalar” (6 konsert pyesi), 1 saylı sonatina, 2 saylı sonatina, 3 saylı sonatina, lirik pyeslərin ifası daxildir. İştirakçılar öz istəklərinə uyğun olaraq seçdiyi silsiləni, bütöv yaxud onlardan hissələr ifa edə bilərlər. Müsabiqəlinin ikinci mərhələ üzrə proqramına A.Dadaşovun ümummilli lider Heydər Əliyevə həsr olunmuş Fortepiano ilə kamera orkestri üçün “Poema”sı (iki piano üçün köçürmə) daxildir. Münsiflər heyətinin qərarı ilə seçiləcək qaliblərə pul mükafatları, diplomlar, xüsusi mükafatlar təqdim olunacaq. Müsabiqədə birinci yer üçün 1000 manat və birinci dərəcəli diplom, ikinci yer üçün 750 manat və ikinci dərəcəli diplom, üçüncü yer üçün 500 manat və üçüncü dərəcəli diplom nəzərdə tutulur. Dövlət, ictimai və özəl təşkilatlar müsabiqənin qalibləri üçün özlərinin xüsusi mükafatlarını təsis edə bilərlər. Müsabiqənin bütün iştirakçılarına xüsusi sertifikatlar və xatirə medalyonları veriləcək.xeber100.com

Oktyabr 18, 2022 2:38