Muğam Mərkəzi karantin günlərində onlayn layihələrə start verib

Beynəlxalq Muğam Mərkəzi (BMM) karantin günlərində yeni onlayn layihələrə start verib.Azərtac xəbər verir ki, mütəmadi olaraq müxtəlif konsert, elmi-nəzəri və tədqiqat xarakterli layihələrlə tamaşaçıların görüşünə gələn BMM onlayn şəkildə öz “Facebook” və “Instagram” səhifəsindən izləyicilərə mədəni xidmət göstərəcək.Bu günlərdə Mədəniyyət Nazirliyi mədəniyyətimizin təbliği istiqamətində bir çox yeni onlayn layihələrin reallaşdırılmasını həyata keçirib. Nazirlik tərəfindən bir neçə yeni layihələr təqdim edilib. Bütün bu addımlar səmərəli mədəni aktivliyə və yaradıcı ruhun davamlılığına xidmət edir.Beynəlxalq Muğam Mərkəzi də öz növbəsində karantin günlərində evdə olan vətəndaşlarımıza bütün mümkün vasitələrdən istifadə edərək Azərbaycan mədəniyyətinin, muğam sənətimizin zənginliyini çatdırmağa çalışacaq.BMM-nin təqdim edəcəyi ilk layihə muğam ifaçıları tərəfindən sənətsevərlərə ünvanlanacaq maarifləndirici və pozitiv çağırışlardan ibarətdir. İkinci layihədə əvvəlcədən elan edilməklə qısa olaraq muğam saatı konsertləri təşkil ediləcək. Üçüncü layihə isə Beynəlxalq Muğam Mərkəzinin foyesində büstləri bərqərar olan muğam korifeyləri və muzey hissəsindən qədim musiqi alətləri ekspozisiyasından mühazirələr təqdim olunacaq.Layihənin məqsədi insanları incəsənətə, muğam irsimizə bir addım daha yaxın etmək və milli musiqi alətlərimiz, muğam korifeylərimizi böyük auditoriyaya tanıtmaqdır.Hər üç layihənin saatları haqqında əlavə məlumat BMM-nin “Facebook” və “Instagram” səhifələrində veriləcək.xeber100.com

Aprel 2, 2020 9:55

Milli Məclisin Mədəniyyət komitəsinin onlayn iclası keçirilib

Aprelin 1-də Milli Məclisin Mədəniyyət komitəsinin onlayn iclası keçirilib.Milli Məclisin mətbuat xidmətindən Azərtac-a verilən məlumata görə, iclası açan komitə sədri Qənirə Paşayeva bildirdi ki, gündəliyə iki məsələ - “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Televiziya və radio yayımı haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında” və “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında sənəd birinci oxunuşda daxil edilib.Birinci məsələ ilə bağlı qeyd edildi ki, adları çəkilən qanunlara nəzərdə tutulan dəyişikliklər “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 noyabr tarixli Fərmanının icrası ilə əlaqədar olaraq, “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi” tərəfindən dövlət dilinin tətbiqinə nəzarətin və dil normalarının qorunmasını təmin etmək, Azərbaycan Respublikasının dövlət dilinin hüquqi statusunu, onun işlənməsi və inkişafı üçün zəruri olan tədbirlərin görülməsi, televiziya və radio kanallarında, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dilin normalarının pozulması hallarının, habelə leksik və qrammatik qaydalara riayət edilməməsinin, əcnəbi söz və ifadələrin işlədilməsinin qarşısını almaq məqsədi daşıyır.Bildirildi ki, İnzibati Xətalar Məcəlləsinə isə “Kütləvi informasiya vasitələrində, internet informasiya resurslarında və reklam daşıyıcılarında dövlət dili normalarının pozulması” adlı yeni 533-1-ci maddə əlavə olunur. Əlavəyə əsasən, kütləvi informasiya vasitələrində, internet informasiya resurslarında və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir.Hər iki qanun layihəsi ilə bağlı komitə üzvləri öz fikir və təkliflərini söylədilər.Müzakirələrdən sonra hər iki məsələ Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə olundu.

Aprel 1, 2020 10:11