Akademik Milli Dram Teatrının məlumatına görə…

Akademik Milli Dram Teatrı onlayn tamaşalarını ingilis dilində subtitrlə təqdim edir.Teatrın mətbuat xidmətindən Azərtac-a verilən məlumata görə, mayın 2-də ilk tamaşa kimi “Cəhənnəm sakinləri” səhnə əsəri təqdim olunub. Növbəti günlərdə tamaşaların subtitrlə rus dilində nümayişi də nəzərdə tutulub.Mədəniyyət Nazirliyinin tövsiyəsi əsasında həyata keçirilən tamaşaların onlayn nümayişi əvvəlcədən müəyyən edilmiş virtual repertuara uyğun olaraq, saat 12:00 və 19:00-da “Facebook” sosial şəbəkəsində, eyni zamanda, teatrın rəsmi internet saytı və “YouTube” kanalında təqdim olunur. İzləyicilər tərəfindən böyük maraqla qarşılanan tamaşalar ölkə daxilində olan teatrsevərlərlə bərabər Amerika, Türkiyə, Rusiya, İsrail, İngiltərə, Almaniya və başqa ölkələrdə yaşayan soydaşlarımız tərəfindən də baxılır.Teatrın may repertuarında 28 tamaşanın nümayişi planlaşdırılır. Virtual repertuarda müxtəlif illərdə premyerası keçirilən, lakin hazırda cari repertuarda olmayan “Mesenat”, “Generalın son əmri”, “Özümüzü kəsən qılınc”, “Aydın”, “Mənim ərim dəlidir”, “Uçqun” və başqa tamaşalar da var.Milli Teatrdan bildirilib ki, bu, “Evdə qal, özünü və yaxınlarını qoru”, “Biz birlikdə güclüyük!” şüarları ilə həyata keçirilən sosial izolyasiya tədbirlərinə mədəniyyət ocağının rəhbərliyinin və kollektivinin mənəvi dəstəyidir.Qeyd edək ki, Akademik Milli Dram Teatrı onlayn tamaşalarını “Sənət maneə tanımır” sloqanı ilə təqdim edir.xeber100.com

May 3, 2020 9:38

Mədəniyyət komitəsinin növbəti onlayn iclası keçirilib

Aprelin 30-da Milli Məclisin Mədəniyyət komitəsinin növbəti onlayn iclası keçirilib.Bu barədə Azərtac-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.İclası açan komitə sədri Qənirə Paşayeva bildirib ki, “Nəşrlərin beynəlxalq mübadiləsinə dair” Konvensiyanın təsdiq edilməsi haqqında qanun layihəsi müzakirəyə təqdim edilir.Qeyd edilib ki, qanun layihəsi ölkə Prezidenti İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə təqdim olunub. Konvensiya 1958-ci il 3 dekabr tarixdə Paris şəhərində UNESCO tərəfindən qəbul edilib, 1961-ci il noyabrın 23-də qüvvəyə minib və artıq 47 dövlət tərəfindən ratifikasiya edilib. Sənəd konvensiyanın iştirakçısı olan dövlətlərin hökumət orqanları və kommersiya məqsədi daşımayan təhsil, elm, texnika və mədəniyyət profilli qeyri-hökumət qurumları arasında nəşrlərin mübadiləsini ehtiva edir. Mübadilə obyektləri kimi təhsil, hüquqi, elmi-texniki, mədəniyyət və informasiya sahələri üzrə nəşrlər (kitablar, qəzetlər, dövri nəşrlər, xəritələr və planlar, reproduksiyalar, fotoşəkillər, musiqi əsərləri, brayl nəşrləri və s.) nəzərdə tutulur. Konvensiya məxfi sənədlərə, sirkulyar məktublara şamil edilmir.İclasda komitə üzvləri Fazil Mustafa, Aqil Abbas, Ülviyyə Ağayeva, Novruzəli Aslanov, Nizami Cəfərov, Əziz Ələkbərli, Cavanşir Feyziyev, Ülviyyə Həmzəyeva, Sabir Rüstəmxanlı və Mixail Zabelin sənədin nəşrlərin dünya dövlətləri və xalqları arasında sərbəst yayılmasına şərait yaradılması baxımından çox əhəmiyyətli olduğunu vurğulayıblar.Müzakirələrdən sonra qanun layihəsinin Milli Məclisin plenar iclasına tövsiyə edilməsi qərara alınıb.xeber100.com

Aprel 30, 2020 10:28

UNESCO-ya üzv dövlətlərin ilk virtual görüşü keçirilib

Aprelin 22-də UNESCO-ya üzv dövlətlərin Mədəniyyət nazirlərinin ilk virtual görüşü keçirilib.Mədəniyyət Nazirliyindən Azərtac-a bildirilib ki, görüşün təşkilində əsas məqsəd COVID-19 pandemiyasının mədəniyyət sahəsinə təsiri, eləcə də bu çərçivədə görülən tədbirlərlə bağlı nazirlər arasında fikir mübadiləsinin aparılması olub. Görüşdə dünyanın 180-dən çox ölkəsindən nazirlər və digər yüksəksəviyyəli rəsmilər iştirak ediblər.Məlum olduğu kimi, COVID-19 pandemiyası ilə bağlı dünyada yaranmış vəziyyət bir çox sahələr kimi mədəniyyət sahəsinə də təsirsiz ötməyib, mədəniyyət məkanlarına gediş məhdudlaşdırılıb, əksər mədəni tədbirlər təxirə salınıb və ya ləğv olunub.UNESCO Mədəniyyət nazirlərinin birinci virtual görüşündə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev pandemiya dövründə ölkəmizdə həyata keçirilən tədbirlər barədə danışaraq, dövlətimizin başçısı tərəfindən imzalanan müvafiq sərəncamlar haqqında məlumat verib. Bu sahədə dövlət qurumlarının fəaliyyətini əlaqələndirən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın gərgin fəaliyyəti sayəsində ölkəmizdə pandemiya ilə bağlı vəziyyətin vaxtında nəzarətə götürüldüyü və xəstəliyin geniş yayılmasının qarşısının alındığı diqqətə çatdırılıb.xeber100.com  

Aprel 22, 2020 10:31

Milli Məclisin Mədəniyyət komitəsinin növbəti onlayn iclası keçirilib

Aprelin 21-də Milli Məclisin Mədəniyyət komitəsinin növbəti onlayn iclası keçirilib.Parlamentin Mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, iclasda dörd məsələyə baxılıb.Əvvəlcə Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deputatlara ikinci oxunuşda müzakirəyə təqdim olunmuş qanun layihələri barədə məlumat verib. Bildirib ki, “Milli Məclisin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Televiziya və radio yayımı haqqında”, “Azərbaycan Respublikası Dövlət bayrağının istifadə qaydaları haqqında” və “İctimai televiziya və radio yayımı haqqında” qanunlarda dəyişiklik edilməsindən (ikinci oxunuş) məqsəd “Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” qanunun icrası ilə əlaqədardır.“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunlara təklif edilən dəyişikliklər (ikinci oxunuş) 2019-cu ildə qəbul olunmuş “Reklam haqqında” Qanuna uyğunlaşdırma xarakteri daşıyır.Komitə sədri nəzərə çatdırıb ki, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Televiziya və radio yayımı haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında” və “İctimai televiziya və radio yayımı haqqında” qanunlarda dəyişiklik edilməsi zərurəti (ikinci oxunuş) Azərbaycanın dövlət dilinin tətbiqinə nəzarətin və dil normalarının qorunmasının təmin edilməsi vacibliyindən irəli gəlir. Layihəyə əsasən, adı çəkilən 5 qanunun 8 maddəsinə bir formulada dəyişiklik təklif olunur. Məqsəd Azərbaycan dilinin hüquqi statusunun qorunması, bu dilin işlənməsi və inkişafı üçün zəruri tədbirlərin görülməsidir. Həmçinin televiziya və radioda, KİV-də, internet resurslarında, reklam daşıyıcılarında ədəbi dilin normalarının və leksik-qrammatik qaydalarının pozulması hallarının, əcnəbi söz və ifadələrin işlədilməsinin qarşısını almaqdır.xeber100.com  

Aprel 21, 2020 8:51