Azərbaycan Mədəniyyəti və poeziyası həftəliyi” tədbirlərinə start verilib

Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunda Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən hazırlanmış “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” adlı beş dilli ensiklopedik nəşr layihəsinin təqdimatı və azərbaycanlı sənət adamlarının iştirakı ilə böyük konsert-tədbir təşkil edilib. Tədbir Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və təşkilatçılığı ilə Özbəkistanın Daşkənd və Xarəzm vilayətlərində keçirilən “Azərbaycan mədəniyyəti və poeziyası həftəliyi” çərçivəsində təşkil olunub. Tədbir iştirakçıları əvvəlcə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin tərəfindən sözügedən universitetdə yaradılmış Azərbaycan Mədəniyyət və İncəsənət Mərkəzini ziyarət ediblər. Həmçinin Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təşkil edilmiş Ümummilli Lider Heydər Əliyevə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Azərbaycanın parlaq Zəfərinə, mədəniyyətinə, ədəbiyyatına həsr edilmiş foto və kitab sərgisi ilə tanış olublar. Tədbiri giriş sözü ilə açan Özbəkistan Dövlət Sənət və Mədəniyyət Universitetinin rektoru Elmar Şermanov iki qardaş ölkə arasında mədəni əlaqələrin tarixdə ən yüksək səviyyədə olduğunu vurğulayaraq bu işdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin böyük rolu olduğunu qeyd edib. Yaxın günlərdə Şuşada keçirilmiş I Türk Dünyası Mədəniyyət Forumunda iştirakından söz açan rektor, təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının mədəniyyət paytaxtı olan Şuşanın Türk dünyasının mədəniyyətindəki mühüm rolundan söz açıb. Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən ərsə gətirilmiş “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” adlı beş dilli layihədən də danışan rektor bu nəşri yüksək qiymətləndirərək sözügedən ensiklopediya sayəsində Azərbaycanın mədəniyyət incisi olan Şuşa haqqında beş dildə müfəssəl məlumatlar almağın əlçatan olduğunu vurğulayıb. Daha sonra çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov iki ölkə arasında mövcud mədəni əlaqələrdən söz açaraq bu işdə ölkə başçılarının böyük zəhmət və iradə nümayiş etdirdiklərini qeyd edib. Samir Abbasov Şuşanın Türk dünyası mədəniyyətində bir körpü rolunu oynadığını söyləyərək Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Özbəkistanda Şuşa ilə bağlı həyata keçirilən layihələrlə bağlı məlumat verib. “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” adlı beş dilli layihədən də söz açan Samir Abbasov bu nəşrin “Şuşa İli”nə və Şuşa şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsinə Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən bir töhfə olduğunu qeyd edib. Tədbirdə çıxış edən ədəbiyyatşünas alim, tərcüməçi Babaxan Şərif də Şuşanın bütün Türk dünyası üçün böyük əhəmiyyətə malik olduğunu vurğulayaraq sözügedən nəşrin Şuşa haqqında ilkin informativ məlumat bazası baxımından çox dəyərli bir mənbə olduğunu və eyni zamanda nəşrin beş dildə olmasını yüksək qiymətləndirib. Tədbirdə çıxış edən Azərbaycanın xalq şairi Vahid Əziz Özbəkistan Yazıçılar Birliyinin dəvətilə Özbəkistanda olmasından və poeziyasevərlərlə görüşündən çox böyük məmnunluq hissi keçirdiyini bildirib. Tədbirin bədii hissəsində Azərbaycandan dəvət edilmiş tanınmış xanəndələr, beynəlxalq müsabiqələr laureatları Mirələm Mirələmov, Kəmalə Nəbiyevanın ifasında milli muğamlarımız, tanınmış azərbaycanlı saz ustası İlham Abdullayevın ifasında oyun havalarımız, Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Azərbaycan qızları” rəqs ansamblının ifasında isə milli rəqslərimiz tamaşaçılara təqdim edilib.xeber100.com

Oktyabr 27, 2023 2:57

“Azərbaycan mədəniyyəti və poeziyası həftəsi” keçiriləcək

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və təşkilatçılığı ilə oktyabrın 23-dən 26-dək Özbəkistanın Daşkənd və Xarəzm vilayətlərində “Azərbaycan mədəniyyəti və poeziyası həftəsi” keçiriləcək. Mədəniyyət Mərkəzindən bildirilib ki, həftə çərçivəsində oktyabrın 23-də Özbəkistan Yazıçılar Birliyində Azərbaycanın Xalq şairi Vahid Əzizlə görüş təşkil olunacaq, həmçinin Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetində “Müasir dövr Azərbaycan-Özbəkistan ədəbi əlaqələri” mövzusunda müzakirələr aparılacaq. Özbəkistan Sənət və Mədəniyyət İnstitutunda oktyabrın 24-də Azərbaycan poeziyası və musiqisinə həsr olunacaq ədəbi-bədii tədbirdə Xalq şairi Vahid Əzizin şeirləri səsləndiriləcək, gənc və populyar xanəndələrimiz Mirələm Mirələmov və Kamilə Nəbiyeva muğamlarımızı səsləndirəcəklər. Eyni zamanda, Özbəkistanda tanınmış azərbaycanlı saz ustası İlham Abdullayev milli saz havalarımızı, Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblı isə milli rəqslərimizi təqdim edəcək. Oktyabrın 25-də Özbəkistanın Xarəzm vilayətində Urgənc Dövlət Universitetində Azərbaycan poeziya nümayəndələri, incəsənət ustalarının iştirakı ilə ədəbi-bədii, musiqili proqram nümayiş olunacaq. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə tanınmış azərbaycanlı yazıçı, ictimai xadim, 1938-40-cı illərdə Urgənc Dövlət Universitetinin müəllimi olmuş Yusif Vəzir Çəmənzəminlinin adı sözügedən təhsil ocağında əbədiləşdiriləcək. Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Urgənc Dövlət Universitetində Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan – Özbəkistan dostluq mərkəzi yaradılıb və Xarəzm vilayətində keçiriləcək “Azərbaycan mədəniyyəti və poeziya həftəsi” çərçivəsində sözügedən mərkəzin açılışı nəzərdə tutulur. Mərkəzdə Azərbaycan-Özbəkistan dostluğu, dövlət başçılarımız İlham Əliyev və Şavkat Mirziyoyevin görüşləri, onların dostluğumuzla bağlı fikirləri, Azərbaycan dövlətçiliyi, tarixi, mədəniyyəti, ədəbiyyatına dair müxtəlif sərgilər, guşələr təşkil olunacaq, Azərbaycana dair mini kitabxana və auditoriya fəaliyyət göstərəcəkdir. Tədbirlər çərçivəsində Urgənc Dövlət Universitetində “Heydər Əliyev İli” münasibətilə dahi şəxsiyyətə həsr olunmuş kitab və fotosərgi açılacaq, Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistanda 3 dildə (Azərbaycan, özbək və türk) çapdan çıxan “Heydər Əliyev – 100 kəlam” adlı kitabın, habelə “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” adlı 5 dilli (Azərbaycan, türk, özbək, rus, ingilis) ensiklopedik nəşrin təqdimatları da keçiriləcək.xeber100.com  

Oktyabr 20, 2023 2:22

“YARAT Shorts” layihəsi çərçivəsində qısametrajlı filmlərin nümayişi keçiriləcək

Bakıda oktyabrın 19, 20 və 21-də “YARAT Shorts” layihəsi çərçivəsində qısametrajlı filmlərin nümayişi keçiriləcək. Tədbirdə Azərbaycan, Gürcüstan və Böyük Britaniyadan olan rejissorlar iştirak edəcəklər. Filmlərin nümayişi ilə yanaşı, rejissor, ssenarist və aktyorlarla da görüşlər keçiriləcək. Layihənin məqsədi gənc rejissorlara işlərini geniş auditoriyaya təqdim etməyə və yeni başlayan kino xadimləri üçün intensiv təlimlər təşkil etməyə imkan yaratmaqdan ibarətdir. Nümayiş üçün filmlər “Qadın və onun cəmiyyətdə rolu”, “Yalnızlıq və özünüinkişaf”, “Yaddaş və xəyali mənzərələr” kateqoriyalar üzrə qəbul olunub. Tbilisidə keçirilən beynəlxalq festivalın iştirakçısı Nino Ancaparidze Gürcüstan rejissorlarının layihədə iştirakını təmin edib. “BAFTA Film Awards” (“British Council”ın dəstəyi ilə) qalibləri Böyük Britaniya kinematoqrafını təmsil edəcəklər. Tamaşaçılar Azərbaycan rejissorlarının filmlərini oktyabrın 19-da izləyə biləcəklər: ilk gündə on beş kinolent nümayiş olunacaq. İngiltərə kino xadimləri filmlərini oktyabrın 20-də təqdim edəcəklər: bu axşam dörd qısametrajlı filmin nümayiş olunması gözlənilir. Tədbir oktyabrın 21-də Gürcüstan filmlərinin nümayişi ilə başa çatacaq – proqrama yeddi kinolent daxildir. Üç günün hər birində filmlərin nümayişindən sonra rejissorlar ilə görüşlər və sual-cavab sessiyaları keçiriləcək. Layihənin rəhbəri, “YARAT” Müasir İncəsənət Məkanının İctimai proqramlar departamentinin rəhbəri Ülviyyə Axundova “YARAT Shorts” layihəsinin ideyasının necə yarandığı və onun perspektivləri barədə danışır. “YARAT vaxtilə fəaliyyət göstərən və bütün dünyada ən yaxşı qısametrajlı filmləri toplayan “Future Shorts” beynəlxalq festivalını uzun illər Azərbaycanda təqdim edib. Hər mövsüm bizə seçilmiş filmlər göndərilirdi, biz də onları böyük uğurla tamaşaçılara göstərirdik. Festival fəaliyyətini dayandıranda biz kiçik festivalımızı təşkil etmək barədə düşündük. Biz – ölkədə ən böyük müasir incəsənət mərkəziyik və çox sayda yaradıcı insanlar müxtəlif ideyalarla, o cümlədən kino sahəsinə aid ideyalarla müraciət edirlər. Yəni, biz mütəmadi əsasla kino nümayişləri keçiririk, öz festivalımız isə bu vaxta qədər olmayıb”, – deyə o bildirib. Bu il layihənin pilot buraxılışının olacağını və burada münsiflər heyətinin və ya “ciddi” mükafatların (yalnız təşkilatçıların iştirakçılar üçün nəzərdə tutduğu hədiyyələr) olmadığını qeyd edən Ülviyyə Axundova üç ölkənin iştirakının başlanğıc üçün yaxşı hal olduğunu əlavə edir. “Layihəni festival formatına qədər genişləndirməyi planlaşdırırıq. Uğurlu olarsa, insanların xoşuna gələrsə, növbəti ildə onu daha yüksək səviyyəyə keçirməyə çalışacağıq. Mənə və bütün komandamıza elə gəlir ki, yenicə fəaliyyətə başlayan Azərbaycan kinematoqrafçılarını dəstəkləmək çox vacibdir, çünki onların əməyinin nəticələrini geniş auditoriyaya göstərmək imkanları olduqca azdır. Azərbaycanda həm Lokarno, həm Venesiya, həm də Kannda keçirilən çox nüfuzlu beynəlxalq kinofestivalların proqramına daxil ola bilən rejissorlar var, lakin ölkələri çərçivəsində onları tanımaq, onların haqqında eşitmək və işlərini görmək üçün onların o qədər də çox imkanları yoxdur”, - deyə layihənin rəhbəri qeyd edir. Ülviyyə Axundova ölkədə kinematoqraf sənayesinin inkişafı üçün bu cür tədbirlərin əhəmiyyətli olduğunu bildirir. “Ən yaxşı animasiya işlərinin nümayiş olunduğu bu cür festivallar – həm “Baku Shorts Film Festival”, həm də “Anima Films” və nisbətən yaxın zamanda təsis olunan “Sevil” festivalı, sənədli filmlərin nümayiş olunduğu “DokuBaku” festivalı, perspektivdə isə bizim festivalımız da – bu, zövqün formalaşdırılmasına və gənc kinematoqrafçıların yeni işlərinin dəstəklənməsinə gedən yoldur. Müəyyən bir vaxtda kəmiyyət mütləq keyfiyyətə çevriləcək!”, - deyə o vurğulayır. Filmlərin nümayişi və sual-cavab sessiyaları “YARAT” Müasir incəsənət mərkəzinin zalında keçiriləcək, filmlərin nümayişi saat 19:00-da başlayacaq. Mərkəzin qapıları hər kəs üçün açıqdır, giriş pulsuzdur. İştirak etmək üçün “YARAT” mərkəzinin sosial şəbəkələrdəki səhifələrində və ya təşkilatın saytında dərc olunan linklər vasitəsilə qeydiyyatdan keçmək lazımdır.xeber100.com

Oktyabr 19, 2023 3:41

“Broken Pot Media” şirkətinin istehsalı olan “Oğul” sənədli filminin nümayişi keçirilib

Oktyabrın 18-də Nizami Kino Mərkəzində Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dəstəyi, “LİBRAFF” Kitab Mağazalar Şəbəkəsinin və TEAS Press Nəşriyyat Evinin təşkilati dəstəyi ilə Böyük Britaniyanın “Broken Pot Media” şirkətinin istehsalı olan “Oğul” sənədli filminin nümayişi keçirilib. Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Birinci Qarabağ müharibəsinin şəhidi Natiq Qasımovun ailə üzvləri, rəsmi şəxslər, tanınmış sənət adamları və digər qonaqlar iştirak ediblər. Qeyd edək ki, üç il ərzində ərsəyə gətirilən “Oğul” sənədli filmi Birinci Qarabağ müharibəsi zamanı ermənilər tərəfindən əsir götürülən azərbaycanlı hərbçi Natiq Qasımov haqqındadır. Nümayişdən əvvəl Mədəniyyət Nazirliyinin nümayəndəsi, Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlu bildirib ki, Azərbaycan və Böyük Britaniya kinematoqrafçılarının birgə istehsalı olan "Oğul" filmi ölkədə mədəniyyət sahəsinin inkişafı baxımından çox gözəl publisistik bir kino salnaməsidir. Onun sözlərinə görə, bu sənədli film Azərbaycan kino salnaməsində ərsəyə gətirilən, dövlətimizin başçısının tapşırığı ilə mədəniyyət siyasətində həyata keçirilən çox uğurlu layihələr silsiləsindəndir. Sonra çıxış edən filmin prodüseri Ekard Seycer (Eckart Sager) filmin ərsəyə gəlməsi prosesindən danışıb, Natiq Qasımovun silahı yerə qoyması, ermənilər tərəfindən ələ keçirilməsi və sorğu-sual olunması səhnələrindən təsirləndiyini qeyd edib. O, film çəkildiyi dövrdə, hadisələrdən 25 il keçməsinə baxmayaraq N.Qasımovun aqibəti haqqında məlumatların olmadığını diqqətə çatdırıb, məhz bu səbəbdən Natiq Qasımovun başına nələrin gəldiyini araşdırmaq üçün yola çıxdığını deyib: “Azərbaycan və Ermənistan arasındakı münasibətləri nəzərə alaraq, bu məsələyə obyektiv və təmkinlə yanaşmaq bizim üçün çox vacib idi. Bu faciəvi hadisə Qarabağ müharibəsinin təcəssümüdür”. Natiq Qasımovun qardaşı Nofəl Qasımov  qeyd edib ki, “Oğul” sənədli filminin çəkilişinə başlanılanadək Natiqin taleyi barədə heç bir məlumat yox idi. O əlavə edib: “Sadəcə onun əsir götürülməsi haqqında məlumatımız var idi. Sonradan bildik ki, Natiq sağ qalıb, Alban kilsəsində təkbaşına döyüşüb. Daha sonra isə Xocalıda girov götürülən sakinlərin öldürülməməsi üçün təslim olmağa razılaşıb”. Natiq Qasımov hərbi əməliyyatlar zamanı altı döyüş yoldaşını itirdikdən sonra beş gün ərzində təkbaşına müdafiə etdiyi Alban kilsəsində mühasirədə qalır, ermənilərə müqavimət göstərərək təslim olmur. Ermənilər Xocalıda girov götürülən 22 sakini öldürəcəkləri ilə təhdid etdikdən sonra cəsur döyüşçümüz təslim olmağına razılaşır. Ermənilər Natiqin bir neçə gün təkbaşına vuruşmasına heç cür inana bilmirdilər. Konstantin Smirnov adlı müxbirin “Oqonyok” jurnalının 1992-ci ilin aprel sayında (№ 14-15) dərc olunmuş “Qorxu” (“Strax”) sərlövhəli məqaləsində hətta təslim olduqda belə Azərbaycan Bayrağını düşmənə verməyən Natiq Qasımovun şücaətindən bəhs edilirdi. Həmin məqalədə əlində Azərbaycan Bayrağını fəxrlə saxlayan Natiq Qasımovun Ermənistan hərbçilərinin əhatəsindəki fotosu da yer almışdı. Azərbaycan tarixinin daha bir qəhrəmanlıq səhifəsindən bəhs edən bu sənədli film rejissor və ssenari müəllifi Karan Sinqh tərəfindən italiyalı hərbi fotoreportyor Enriko Sarsininin dərc olunmamış fotoları əsasında ekranlaşdırılıb. Enriko Sarsininin Qarabağda baş verənlərlə bağlı danışdığı olduqca kədərli, lakin qürur dolu hekayəni dünyaya tanıtmaq qərarına gələn rejissor həmin hadisəni və qəhrəmanın aqibətini aydınlaşdırmaq üçün üç il Azərbaycan, Ermənistan, İtaliya, Böyük Britaniya və Rusiyada şahidlərlə görüşüb, onların müsahibələrini lentə alıb. Filmdə Natiq Qasımovun erməni əsirliyində dindirilməsi ilə bağlı məqamlar və bu dindirilmələrdə ermənilərin səhra komandiri Vitali Balasanyanın da iştirak etməsinə dair faktlar yer alır. Şahidlərin məlumatına görə, erməni hərbçi Vitali Balasanyan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxs kimi qeydiyyatda olan Natiq Qasımovu əsirlikdə olduğu müddətdə işgəncə ilə qətlə yetirib. Film riyakar erməni xislətini bir daha aşkara çıxarmış olur. Bununla yanaşı, filmin rejissoru ekran əsərində müharibələrin insanların taleyində oynadığı dəhşətli roldan bəhs edir, ailələrin öz əzizlərinin itkisindən və naməlum taleyindən çəkdikləri iztirabları ön plana gətirir. Natiq Qasımovun şücaətini parlaq şəkildə əks etdirilən “Oğul” sənədli filmi Azərbaycan Ordusunun 2023-cü ilin sentyabr ayında apardığı uğurlu antiterror tədbirlərindən sonra yenidən ictimaiyyətin gündəminə gəlib. Film Azərbaycan və ingilis dillərində hazırlanıb və iki dəfə ABŞ festivallarında nümayiş etdirilib. Tədbir zamanı, həmçinin TEAS Press Nəşriyyat evinin Qarabağa, Xocalıya, şəhidlərə, erməni əsirliyinə və Azərbaycan həqiqətlərinə həsr olunmuş digər kitablarının satışı da reallaşdırılıb və satışdan əldə olunan gəlir “YAŞAT” Fondu və Qarabağ Dirçəliş Fondunun hesablarına köçürüləcək.xeber100.com

Oktyabr 19, 2023 3:38

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş filmin təqdimatı keçirilib

Oktyabrın 19-da Azərbaycan Milli Konservatoriyasında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş “Böyük sənət hamisi” filminin təqdimat və “Danışan əllər” sərgisinin açılış mərasimləri keçirilib. Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi Ümummilli Lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafı və təbliği istiqamətində gördüyü böyük işlərdən danışıb. Qeyd olunub ki, mədəniyyəti xalqın böyük sərvəti hesab edən Ulu Öndər milli-mənəvi dəyərlərin qorunması, təbliği və yeni estetik düşüncəyə xas əsərlərin yaradılması üçün əlindən gələni əsirgəmirdi. Mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Heydər Əliyev qayğısından bəhrələnməsin. Tədbirdə Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev çıxış edərək bildirib ki, xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Prezident İlham Əliyevin müvafiq Sərəncamını xatırladıb. O, filmin hazırlanma prosesindən danışaraq deyib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin hər iki dövrünü əhatə edən ekran əsərində nadir foto və video arxivlərindən istifadə olunub. Filmin təqdimatından sonra çıxış edən Milli Məclisin deputatı, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru akademik Rafael Hüseynov, Azərbaycan Rəssamlar Birliyinin sədri, Xalq rəssamı Fərhad Xəlilov, Xalq rəssamı Ömər Eldarov və digərləri dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə dövləti və xalqı qarşısında tarixi xidmətlərindən, ölkəsinin, xalqının tərəqqisi, rifahı naminə gördüyü misilsiz işlərdən söz açıblar. Bildirilib ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin istiqlalımızın, müstəqilliyimizin qorunub saxlanılmasında, həmçinin mədəniyyətimizin inkişafında tarixi xidmətləri olub.xeber100.com

Oktyabr 19, 2023 3:32