“YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə…

İyulun 18-də “YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə “YARAT”ın rezidentləri Ozan Atalan (Türkiyə), İlkin Hüseynov və Ehtiram Jabinin (Azərbaycan) əsərlərindən ibarət “Azar. Sevgi. Təbiət” adlı sərgi açılacaq.Azərtac xəbər verir ki, “Artım” layihə məkanında reallaşacaq sərginin əsərləri, rəssamların süniliyə göstərdiyi maraqlarla bağlıdır. Əgər toy mərasimini “biznes” nöqteyi-nəzərindən xırdalasaq, bu, kənardan necə görünər? Geniş vüsət alan urbanizasiya və landşaftların rəqəmsallaşdırılması bizim təbiətlə bağlı qavrayışımıza necə təsir göstərir? Kollektiv dinamikaya cəlb edilən şəxs, kollektivin və şəxsi arasında fərq qoya bilərmi? “YARAT” rezidentləri bu dəfə bizim “həqiqi” və “süni” kimi qəbul etdiyimiz bir çox anlayışların, habelə, bütövlükdə ikili (binar) ayrılığın sevgi, xəstəlik və təbiət mövzuları vasitəsilə məqsədəuyğunluğunu araşdırır.İlkin Hüseynovun “Toyxana” adlı əsəri, Azərbaycan mədəniyyəti və ənənələrinin ən populyar mövzusu olan toyu multimedia layihəsində əks etdirib. Rəssam, öz sənədli yanaşması və statistik araşdırması ilə bir vaxtlar yalnız sayılıb-seçilən qonaqlardan ibarət olan, bu mötədil, kiçikmiqyaslı ənənəvi mərasimin bu gün öz əndazəsindən çıxaraq, ifrat dərəcədə israfçılığın və “yeyib-içməyin” yer aldığı möhtəşəm tədbirə, son dərəcə təmtəraqlı bir şouya çevrilməsini, nəticədə isə ailələri külli miqdarda ziyana, borca salmasını araşdırır. Əsərdə şadlıq evlərinin arxitekturası, bahalı maşınlar, geyimlər və s. kimi toy aksesuarlarını əks etdirən fotoşəkillər, toy statistikasının rəqəmləri və faktiki qida qalıqlarından ibarət instalyasiya daxildir. Bu isə bir növ barokko dövrünün məşhur vanitas janrının duyğusal təcrübəsinə çevrilir və gözəllik, tənəzzül və faniliyi özündə cəmləşdirərək, “mənasız görünüş, miskinlik, fanilik”, hətta “yalan, lovğalıq, iflas və ya absurd” mənasını kəsb edir.Ehtiram Jabinin “Koma” adlı əsərlər silsiləsi, komatoz halın fərdi vəziyyətdən kollektiv vəziyyətlərə qədər metaforik durumunu araşdırır. Fotoşəkillərdə əks edilən obyektlər və situasiyalar gündəlik həyatdan götürülsə də, rəssam onları fərdiləşdirir və melanoxolik, “letargik” qrup mexanizmlərini sərgiləyən güc obyektlərinə çevirir. Sərgi avqustun 12-dək ziyarətçilər üçün açıq qalacaq.xeber100.com  

İyul 12, 2018 11:31

“YARAT” Müasir İncəsənət Mərkəzi təqdim edir

İyulun 7-də “YARAT” Müasir İncəsənət Məkanı tanınmış Hindistan rəssamı Şilpa Quptanın fərdi sərgisini təqdim edəcək.“YARAT”dan Azərtac-a bildirilib ki, mərkəzdə açılacaq sərginin ilham mənbəyini və mərkəzi hissəsini əsrlərboyu yaradıcılığına və siyasi baxışlarına görə həbslərə məruz qalmış 100 şairə ithaf edilən, yeni və genişmiqyaslı çoxkanallı səs instalyasiyası təşkil edir. Bu instalyasiya, sərgidə nümayiş etdirilən digər yeni rəsm və heykəltəraşlıq nümunələri ilə yanaşı, bu gün insanların söz və ifadə azadlığının zəifliyi və təsirlərə məruz qalması problemlərini ön plana çəkir.Sərgi məkanının bütövlükdə birinci mərtəbəsini əhatə edən 100 ədəd mikrofon 100 metal mil üzərindən asılıb.Xüsusi olaraq bu sərgi üçün, rəssam öz “Görmürəm, eşitmirəm, danışmıram” ("Don’t See Don’t Hear Don’t Speak", 2006) fotoqrafik silsiləsinə yenidən qayıdaraq – üç oxşar insan bir-birlərini əhatəyə alıb və bir-birlərinin gözlərini, qulaqlarını və ağzını yuman heykəl yaradıb. Mahatma Qandi tərəfindən məşhurlaşdırılan yapon deyimindən ilhamlanan bu əsər, bizim hal-hazırda dəyişən siyasi landşaftımızı və yaxın dövrün separatizm dalğası kontekstindən qaynaqlanmaqla, rəssamın öz doğma vətənində yer alan şər qüvvələrə, insanların adətən öz baxışlarına görə məruz qaldığı basqılara istinad edir. Sərgidəki digər əsərlər ilə aktiv dialoq yaradan bu heykəl, ifadə azadlığının çox güclü inikasını təqdim edir.Şilpa Quptanın səs instalyasiyası “YARAT” Müasir İncəsənət Məkanı və Edinburq İncəsənət Festivalı tərəfindən birgə sifariş edilib. Sərginin kuratoru Björn Geldhofdur.xeber100.com  

İyul 5, 2018 12:59

UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası keçiriləcək

2019-cu ildə Azərbaycan UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyi edəcək.Azərtac xəbər verir ki, bu barədə məlumat Azərbaycan Respublikası Xarici İşlər və Mədəniyyət nazirliklərinin birgə məlumatında yer alıb.Hazırda Bəhreyn Krallığının Manama şəhərində UNESCO-nun Ümumdünya İrs Komitəsinin 42-ci sessiyası keçirilir. İclasda Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayevin rəhbərliyi altında Xarici İşlər və Mədəniyyət nazirliklərinin əməkdaşlarından ibarət nümayəndə heyəti iştirak edir.İclas çərçivəsində UNESCO-nun Ümumdünya mədəni və təbii irsin qorunması haqqında Konvensiyasına aid məsələlər müzakirə olunub, eyni zamanda müxtəlif ölkələrin maddi irs nümunələri Ümumdünya İrs Siyahısına daxil edilib.İclasda növbəti il üçün Komitənin sədri və 43-cü sessiyaya ev sahibliyi edəcək ölkə ilə bağlı müzakirələr aparılıb.Yekun qərara əsasən mədəniyyət naziri Əbülfəs Qarayev Komitəyə sədr seçilib. Beləliklə, 2019-cu ildə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına Azərbaycan ev sahibliyi edəcək. Tədbirdə dünyanın 180-dən çox ölkəsindən 2 minədək nümayəndənin iştirakı gözlənilir.Ümumdünya İrs Komitəsinin sessiyası dünya mədəni irsinə töhfə verən ən nüfuzlu tədbirlərdən biridir. Ümumdünya İrs Komitəsi dünya xalqlarının kimliyini və tarixi yaddaşını ifadə edən maddi və təbii irs nümunələrinə, ən dəyərli abidələrə dair qərarlar qəbul edir. Bu tədbirə ev sahibliyi etmək və eyni zamanda Komitəyə sədrlik etməklə Azərbaycan dünya xalqlarının mədəniyyət tarixində öz müsbət izini qoyacaq.Ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən belə bir qərarın qəbul olunması Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu xarici siyasət, Birinci vitse-prezident, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyi və qayğısı, Xarici İşlər və Mədəniyyət nazirliklərinin birgə fəaliyyəti nəticəsində ölkəmizin UNESCO ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini göstərir.

İyul 4, 2018 11:57