Azərbaycan Respublikası Prezidentinin “Bülbülün 120 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 11 may tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə iyunun 4-dən 7-dək Bakıda Vokalçıların Bülbül adına VII Beynəlxalq müsabiqəsi keçiriləcək.Mədəniyyət Nazirliyindən Azərtac-a bildirilib ki, müsabiqə iştirakçılarının ifalarını musiqi mədəniyyətinin görkəmli nümayəndələri - münsiflər heyətinin sədri, Rusiya Federasiyasının Xalq Artisti, professor Sergey Leyferkus, Azərbaycandan SSRİ Xalq Artisti, professor Fərhad Bədəlbəyli, Gürcüstanın Xalq Artisti, professor Teymuraz Ququşvili, Ukraynadan SSRİ Xalq Artisti, professor Mariya Stefyuk, Rusiya Akademik Böyük Teatrının gənclər proqramının rəhbəri, Əməkdar İncəsənət Xadimi Dmitri Vdovin, Almaniyadan Beynəlxalq opera müsabiqələrinin prezidenti Hans-Yoahim Fray qiymətləndirəcəklər.Azərbaycan professional vokal məktəbinin banisi, görkəmli müğənni, tədqiqatçı-alim və pedaqoq, tanınmış ictimai xadim, SSRİ Xalq Artisti, SSRİ Dövlət mükafatı laureatı Bülbülün adını daşıyan müsabiqədə Azərbaycan, Rusiya, Türkiyə, Ukrayna, Qazaxıstan, Moldova, Monqolustan, Özbəkistan, Gürcüstandan gənc istedadlı vokalçılar iştirak edəcəklər. Eyni zamanda, dünya şöhrətli menecer və prodüserlərin fəxri qonaq qismində iştirakı da nəzərdə tutulub.Müsabiqənin seçim turları iyunun 4-dən 7-dək Azərbaycan Dövlət Akademik Filarmoniyasında olacaq. İyunun 4-dən 6-dək müsabiqənin I və II turları, iyunun 7-də isə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə III tur keçiriləcək.Bülbülün anadan olmasının 120 illiyinə həsr olunmuş yubiley gecəsi iyunun 8-də saat 19:00-da Heydər Əliyev Sarayında, iyunun 9-da saat 19:00-da isə Gəncə Dövlət Filarmoniyasında baş tutacaq.xeber100.com