İtaliya Opera Günləri keçiriləcək

Mayın 3-6-da Bakıda İtaliya Opera Günləri keçiriləcək.Təşkilatçılar bildiriblər ki, İtaliya Opera Günləri bu ölkənin Bakıdakı səfirliyi və Opera və Balet Teatrının birgə təşkilatçılığı ilə keçiriləcək.Opera günləri Cakomo Puççininin “Madam Batterflay" operası ilə açılacaq. Operaya məşhur italyan dirijoru Yakopo Sipari di Peskassero dirijorluq edəcək. Madam Batterflay partiyasını Silvana Froli (İtaliya) ifa edəcək.Qeyd edək ki, bu il məşhur italyan bəstəkarı Coakkino Rossininin ölümündən 150 il ötür.İtaliya Opera Günləri çərçivəsində Opera və Balet Teatrında Romanın "Cara İtalia, Alfin di Miro" Opera Teatrı tərəfindən C.Rossiniyə həsr olunmuş sərgi açılacaq. Sərginin ekspozisiyasında C.Rossininin musiqi əsərləri ilə bərabər, onun bədii yaradıcılığını əks edən əsərlər, habelə İtaliyanın tarixi səhnə geyimləri və məşhur rəssam Corcio de Kirikonun əsərləri təqdim ediləcək.Sərgi mayın 3-dən 20-dək davam edəcək.Mayın 4-də Filarmoniyada kamera və orqan musiqisi zalında Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin, “Mədəniyyət” kanalının və Filarmoniyanın birgə təşkilatçılığı ilə opera orqan musiqisi konserti olacaq. Konsertdə məşhur orqançalan, "I Pomeriggi Musicali" orkestrının bədii rəhbəri Mauritsio Salerno geniş proqramla çıxış edəcək.Layihə çərçivəsində "Sevilya bərbəri" operası oynanılacaq. Operaya məşhur italyan dirijoru Alessandro Kalkanilya dirijorluq edəcək. Fiqaro partiyasını bariton səsli ifaçı Daniele Kaputo təqdim edəcək.xeber100.com

Aprel 26, 2018 2:43

Bakı Musiqi Akademiyasında yubiley konfransı keçirilib

Aprelin 20-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Şifahi ənənəli Azərbaycan musiqisi və onun yeni istiqamətlərinin tədqiqi” elmi laboratoriyasının 25 illik yubiley konfransı keçirilib.Azərtac xəbər verir ki, konfrans Təhsil Nazirliyi və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dəstəyi ilə reallaşıb.Tədbirdə Musiqi Akademiyasının rektoru  Fərhad Bədəlbəyli çıxış edərək laboratoriya əməkdaşlarının 25 il ərzində gördüyü işləri yüksək qiymətləndirib. Bildirib ki, elmi laboratoriyanın əməkdaşlarının fəal iştirakı ilə bir sıra elmi-praktik konfranslar təşkil edilib və onların materialları nəşr olunub. Bundan başqa, elmi işçilərin, müəllimlərin və doktorantların iştirakı ilə şifahi ənənəli musiqinin tarixi və nəzəri məsələləri, Azərbaycan bəstəkarlarının yubileylərinə həsr olunmuş elmi məqalələrdən ibarət toplular oxucuların ixtiyarına verilib.Qeyd edilib ki, laboratoriyada musiqişünaslıq, etnomusiqişünaslıq, sənətşünaslıq, musiqi fəlsəfəsi, musiqi tarixi, kulturologiya kimi tədqiqat istiqamətləri formalaşıb. Burada çalışan işçilərin tədqiqatları çoxsaylı məqalələr, monoqrafiyalar, dərs vəsaitlərində öz əksini tapıb və bütün bunlar təhsilin elmi bazasının inkişafına xidmət edib.Tədbirdə elmi laboratoriyanın kollektivinin fəaliyyətinə həsr olunmuş slayd-şou nümayiş olunub, həmçinin musiqi nömrələri təqdim edilib.xeber100.com  

Aprel 20, 2018 8:43